You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
ABŞ vurulan təyyarənin itkin düşmüş heyət üzvünü axtarır, İran isə onu tutana mükafat təklif edir
ABŞ və İsrailin İranla müharibəsinin 36-cü günü:
- ABŞ və İran qüvvələri ABŞ hərbi təyyarəsinin vurulmasından sonra itkin düşmüş amerikalı heyət üzvünü axtarır.
- ABŞ və İsrailin hücumundan sonra İranın Kərəc şəhərindəki B1 körpüsünün ortası zədələnib, İran da İsrail və Körfəz ölkələrinə zərbələr endirib.
- ABŞ Prezidenti deyib ki, ölkəsi növbəti iki-üç həftə ərzində İrana "olduqca ağır" zərbə endirə bilər.
- İran parlamentinin spikeri Məhəmməd-Bağer Qalibaf deyib ki, yeddi milyon iranlı könüllü olaraq hərbi xidmətə yazılıb.
- İran ABŞ və İsrailə "dağıdıcı" və "daha geniş" hücumlar barədə xəbərdarlıq edib
- Donald Trump "İranın Yeni Rejim Prezidenti"nin ABŞ-dan atəşkəs istədiyini deyib.
- Donald Trump "İki-üç həftəyə İranı tərk edəcəyik" deyib
- İran da müharibənin bitə biləcəyini bildirən bir bəyanat yayıb
Bu və digər xəbərləri aşağıda oxuyun.
Grace Eliza Goodwin
BBC News, New York
Cümə günü İranın cənubunda F‑15E qırıcı təyyarəsi vurulub və bu, ABŞ və İranı itkin düşmüş amerikalı heyət üzvünü tapmaq üçün axtarışlara məcbur edib.
İran rəsmiləri itkin düşmüş təyyarəçinin tapılmasına kömək edən vətəndaşlara təqribən 66 min 100 dollar (112 min 370 manat) mükafat təklif edir, dövlət mediası xəbər verir.
Ekspertlər BBC-yə bildiriblər ki, vurulan ABŞ qırıcı təyyarəsinin itkin düşmüş heyət üzvünün axtarışı çox vaxt tələb edir, çünki İran ABŞ döyüş-axtarış və xilasetmə qrupları ilə eyni pilotu tapmaq üçün yarışır.
Suriya üzrə xüsusi nümayəndə və İraqda İslam Dövləti (İŞİD) qrupuna qarşı beynəlxalq hərbi müdaxilə üzrə xüsusi elçi vəzifəsində çalışmış hərbi strateq və ABŞ-ın yüksək vəzifəli diplomatı James Jeffrey deyir ki, "Bu, mənim bildiyim ən təhlükəli hərbi missiyadır."
Bu cür missiyalar adətən vertolyotlar tərəfindən həyata keçirilir, dəstək təyyarələri yanacaq doldurur və digər hərbi təyyarələr hücumlar həyata keçirmək və ərazini patrul etmək üçün istifadə olunur.
Cümə günü İrandan yayılan təsdiqlənmiş videoda belə bir missiyanın Xuzistan əyaləti üzərində davam etdiyi görünür.
"Bunlar, demək olar ki, Delta Force və Navy SEAL Team Six səviyyəsinə qədər təlim keçmiş Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat işçiləridir, lakin onların tibbi imkanları da var", - Jeffrey BBC-yə deyir.
"Əgər hər hansı bir şans olduğunu düşünürlərsə, heyət üzvünü tapana qədər təslim olmayacaqlar."
Düşmən ərazisi üzərində təyyarə vurulduqda, həmin təyyarənin pilotu və heyəti də belə bir vəziyyət üçün yüksək səviyyədə təlim keçmişdir.
"Onların bir nömrəli prioriteti sağ qalmaq və əsir düşməməkdir", - deyə "Defense Priorities" beyin mərkəzinin baş elmi işçisi və hərbi təhlil direktoru Jennifer Kavanagh BBC-yə bildirib.
"Və buna görə də, fiziki cəhətdən hazır olduqlarını və hərəkət edə bilməyəcək qədər yaralanmadıqlarını nəzərə alsaq, düşdükləri yerdən mümkün qədər tez uzaqlaşmağa və təhlükəsiz olmaq üçün özlərini gizlətməyə təlimləndirilirlər."
Kavanagh əlavə edir ki, onlar həmçinin sağqalma texnikaları üzrə təlim keçiblər ki, mümkün qədər uzun müddət qida və su olmadan qala bilsinlər və ya yerli ərazidən resurslar tapa bilsinlər.
Ümumilikdə ABŞ-ın iki hərbi təyyarəsinin İran tərəfindən vurulduğu bildirilir.
F‑15E-nin pilotu xilas edilib, lakin silah sistemləri zabiti hələ də itkindir.
Bundan başqa İran Körfəz üzərində ikinci ABŞ döyüş təyyarəsini vurduğunu iddia edir.
ABŞ mediası bildirir ki, vurulan ilk təyyarənin axtarış-xilasetmə missiyası zamanı A‑10 Warthog təyyarəsinə atəş açılıb.
BBC-nin ABŞ-dakı tərəfdaşı CBS-in məlumatına görə, Warthog təyyarəsinin pilotu körfəz üzərində katapult edib və sonradan xilas edilib.
İranda "vurulan ABŞ F-15 qırıcı təyyarəsinin pilotu axtarılır"
BBC-nin ABŞ xəbər tərəfdaşı olan CBS News-a iki mənbə təsdiqləyib ki, İranın cənubunda vurulan ABŞ F-15 qırıcı təyyarəsi üçün axtarış və xilasetmə əməliyyatı aparılır.
İranın dövlət mediası təyyarənin İran qüvvələri tərəfindən vurulduğunu iddia edib.
Sosial mediada paylaşılan və CBS News tərəfindən təsdiqlənən görüntülərdə axtarış və xilasetmə missiyasına uyğun olaraq Xuzistan əyaləti üzərində yanacaq dolduran təyyarə və iki helikopterin alçaqdan uçduğu göstərilir.
Bu, İran mediasında ABŞ-ın vurulan pilotu axtardığı barədə xəbərlərdən sonra baş verib.
İran İnqilab Keşikçiləri Korpusuna bağlı olan İranın Tasnim xəbər agentliyi, İran üzərində vurulan bir təyyarənin xəbər verildikdən sonra ABŞ-ın pilotlarından birini axtardığını iddia edir.
Cümə axşamı səhəri ABŞ Mərkəzi Komandanlığı (Centcom) Hörmüz boğazındakı Qeşm adası üzərində qırıcı təyyarənin pilotunun vurulduğu barədə İslam ordusunun məlumatlarını təkzib edib.
ABŞ və İsrail İranda infrastruktur obyektlərini vurub, İran da İsrail və Körfəz ölkələrinə yeni zərbələr endirib
İranın dövlət mediası bildirir ki, bir çox insan Novruz tətilinin sonu üçün B1 asma körpüsünün yaxınlığında dincələrkən, ABŞ döyüş təyyarələri tərəfindən körpü vurulub.
ABŞ Prezidenti Trump özünün Truth Social platformasındakı paylaşımında "ardınca daha çoxu gələcək" yazıb və daha sonra elektrik stansiyalarının növbəti ola biləcəyini irəli sürüb.
İran gecə ərzində Körfəz qonşularına zərbə endirib.
Küveytin milli neft şirkətinə edilən dron hücumunun bir neçə yanğına səbəb olduğu deyilir.
Kaset başlığı olan İran raketi İsrailin mərkəzinə atılıb - bir sıra ərazilərdə əmlaka zərər verib, lakin xəsarət alanlar barədə məlumat verilməyib.
Cümə günü səhər tezdən bir neçə dron hücuma məruz qaldıqdan sonra Küveytdəki əsas neft emalı zavodunun bəzi yerlərində yanğınlar baş verib.
Xəsarət alanlar barədə məlumat verilməyib.
"7 milyon iranlı hərbi xidmətə yazılıb"
İran parlamentinin spikeri Məhəmməd-Bağer Qalibaf İsrail və ABŞ-la müharibənin başlanğıcından bəri yeddi milyon iranlının könüllü olaraq hərbi xidmətə yazıldığını söyləyib.
O deyir ki, "güclü milli kampaniya" milyonlarla iranlının "silah götürməyə və millətin müdafiəsinə qalxmağa hazır olduqlarını" bəyan etməsinə səbəb olub.
"Biz bunu əvvəllər də etmişik və yenə də etməyə hazırıq. Siz bizim evimiz üçün gəlin... bütün ailə ilə görüşəcəksiniz", - deyə o əlavə edib.
Trump: "İrana qarşı bütün hərbi məqsədlər tezliklə yekunlaşacaq"
ABŞ Prezidenti Donald Trump aprelin 1-də xalqa etdiyi müraciətində bildirib ki, ölkəsinin İrana qarşı bütün hərbi məqsədləri tezliklə yekunlaşacaq.
Eyni zamanda o, qeyd edib ki, növbəti iki-üç həftə ərzində ABŞ İrana "olduqca ağır" zərbələr vura bilər.
Trump çıxışında Yaxın Şərqdən neft idxal edən müttəfiq ölkələrə də çağırış edib. Ağ Ev rəhbəri deyib ki, gərək müttəfiq ölkələr "cəsarət toplayıb" Hörmüz boğazında daşınmaların təhlükəsizliyini təmin etsinlər.
O, əks halda həmin ölkələri ABŞ-dan neft almağa çağırıb.
Trump iddia edib ki, İran nüvə silahı əldə etməyin bir addımlığında idi, lakin ABŞ onun nüvə obyektlərini "məhv etdi".
ABŞ Prezidenti xəbərdarlıq edib ki, növbəti bir neçə həftə ərzində razılıq əldə edilməsə, ABŞ İranın elektrik stansiyalarına zərbə endirəcək.
İran ABŞ və İsrailə "dağıdıcı" və "daha geniş" hücumlar barədə xəbərdarlıq edib
İran ordusunun sözçüsü Trump-ın İranın silah-sursat anbarlarını tamamilə məhv etdiklərinə dair səsləndirdiyi iddiaları təkzib edib.
O bildirib ki, ABŞ və İsrail "əhəmiyyətsiz" hədəflərə zərbələr endirir.
Bununla belə, o, ABŞ və İsrailə növbəti "dağıdıcı və daha geniş" hücumlar barədə xəbərdarlıq edib, İran mediası yazıb.
Tasnim və Fars xəbər agentliklərinin ordu sözçüsünə istinadla yaydıqları bəyanatda qeyd olunur ki, ABŞ və İsrail İranın hərbi imkanları və təchizatı barədə "natamam" məlumata malikdirlər.
İranlı rəsmi qeyd edib ki, ABŞ və İsrail "başlatdıqları aqressiyanın əvəzini ödəməlidirlər".
Trump deyib ki, İranın yeni rəhbəri atəşkəs istəyir
Donald Trump "İranın Yeni Rejim Prezidenti"nin ABŞ-dan atəşkəs istədiyini deyib.
Truth Social-dakı açıqlamasında o, ad çəkməyib, lakin həmin şəxsin "sələflərindən daha az radikallaşmış və daha ağıllı" olduğunu bildirib.
Trump-ın kimi nəzərdə tutduğu bəlli deyil.
ABŞ və İsrail 28 fevralda İrana hava hücumlarına başlayandan bəri, ölkənin Ali Lideri Ayətullah Əli Xamenei də daxil olmaqla, bir sıra yüksək vəzifəli İran liderləri öldürülüb.
Onun yerinə 8 martda oğlu Müctədaq Xamenei gəlib.
O vaxtdan bəri ona istinadən bir sıra yazılı açıqlamalar verilib, lakin özü ictimaiyyət qarşısına çıxmayıb.
Trump deyib ki, onun sağ olub-olmadığını bilmir.
İranın yeni prezidenti yoxdur.
Hazırki Prezident Məsud Pezeşkian martın 31-də İranın müharibəyə son qoymaq üçün "lazımi iradəyə" sahib olduğunu bildirib.
İran Trump-ın müharibəyə son qoymaq üçün danışıqlarda iştirak etdiyinə dair iddialarını təkzib edərək, vasitəçilər vasitəsilə ABŞ-la yalnız bəzi mesajların mübadiləsi aparıldığını bildirib.
Trump deyib ki, İranı tezliklə tərk edəcəklər
ABŞ Prezidenti Donald Trump Ağ Evdə İranla bağlı danışıb və deyib ki, ölkəsi İranı "çox tezliklə tərk edəcək" və ABŞ-ın hərbi əməliyyatları "iki və ya üç həftə" ərzində başa çata bilər.
Onun sözlərinə görə, ABŞ ötən ayın sonlarında İsraillə birlikdə İrana qarşı hava hücumları başlamazdan əvvəl müəyyən edilmiş məqsədlərə çatıb.
Trump bildirib ki, İranın nüvə silahı əldə etmək qabiliyyətini məhdudlaşdırmaq kimi əsas məqsədə çatılıb və ABŞ artıq "işi yekunlaşdırır".
Trump deyib ki, ABŞ artıq İran səmasında dominantlıq edir və bir çox yüksək vəzifəli siyasi və hərbi liderlərin öldürülməsindən sonra rejim dəyişikliyinə nail olub.
O, Tehrandakı yeni liderləri sələfləri ilə müqayisədə "daha az radikallaşmış" və "daha rasional" adlandırıb.
Trump həmçinin İran liderlərinin müharibəyə son qoymaq üçün ABŞ-la "razılaşma əldə etməyə yalvardıqlarını" söyləyib.
İran tərəfi Trumpın açıqlamasına hələ reaksiya verməyib, ancaq bundan əvvəl onun danışıqlarla bağlı sözlərini təkzib etmişdi.
O əlavə edib ki, müharibə hər iki tərəf arasında vasitəçilik yolu ilə əldə edilən razılaşma olmadan da başa çata bilər.
Prezident müharibənin yanacaq qiymətlərinin artmasına təsiri ilə bağlı söyləyib ki, ABŞ hərbi əməliyyatlarına son qoyduqdan sonra qiymətlər enəcək.
İran da müharibənin bitə biləcəyini bildirən bir bəyanat yayıb
İran Prezidenti Məsud Pezaşkian Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costa ilə telefon danışığında "lazımi şərtlər yerinə yetirilərsə, ABŞ və İsraillə müharibəyə son qoymaq iradəsinə" sahib olduqlarını bildirib.
Lakin, digər tərəfdən, İran İnqilab Keşikçiləri Korpusu çərşənbə axşamı xəbərdarlıq edib ki, əgər yüksək vəzifəli İran rəsmilərinin hədəf alındığı "sui-qəsdlər" davam edərsə, çərşənbə axşamından etibarən bölgədə fəaliyyət göstərən aparıcı ABŞ şirkətlərindən qisas alacaqlar.