İran ABŞ-ın atəşkəs təklifini rədd edərək müharibəyə "qəti" son qoyulmasını tələb edib - dövlət mediası yazıb

İran

Şəklin mənbəyi, Getty

Oxuma vaxtı: 9 dəq

ABŞ və İsrailin İranla müharibəsinin 38-ci günü:

  • İRNA dövlət mediası İranın ABŞ-ın atəşkəs təklifini rədd etdiyini və müharibəyə "qəti" son qoymağı tələb etdiyini bildirib.
  • İsrael Katz deyib ki, orduya İranın infrastrukturuna "bütün gücüylə" hücum etmək tapşırığı verilib.
  • ABŞ Prezidenti Donald Trump İrana qarşı söyüş dolu təhdid səsləndirib
  • İran ölkənin mülki hədəflərinin vurulacağı təqdirdə, cavab tədbirlərinin "daha dağıdıcı" olacağını açıqlayıb

Bu və digər xəbərləri aşağıda oxuyun.

İran atəşkəs istəmir, müharibənin bitməsini istəyir, - İRNA

İRNA dövlət mediası İranın ABŞ-ın atəşkəs təklifini rədd etdiyini və müharibəyə "qəti" son qoymağı tələb etdiyini bildirib.

Agentlik bildirir ki, 10 bənddən ibarət cavab təklif olunan atəşkəsin rədd edilməsini və müharibəyə daimi son qoyulmasının vacibliyini bildirir.

O, "bölgədə hərbi əməliyyatlara son qoymaq", Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün protokol və sanksiyaların ləğvi və İranda zədələnmiş infrastrukturun bərpası da daxil olmaqla tələblər siyahısını paylaşıb.

Daha əvvəl Reuters agentliyi iki ölkənin bu gün qüvvəyə minə biləcək və Hörmüz boğazını yenidən aça biləcək bir planı nəzərdən keçirdiyini bildirmişdi.

Agentlik təkliflərlə tanış olan mənbəyə istinadən bildirib ki, Pakistan tərəfindən bir çərçivə hazırlanıb və bir gecədə İran və ABŞ ilə paylaşılıb.

Donald Tramp 45 günlük atəşkəs təklifini "çox əhəmiyyətli addım" adlandırıb.

"Qanunsuz və qəbuledilməz"

Avropa Şurasının Prezidenti mülki hədəflərə zərbələrin qanunsuz olduğunu və "yalnız diplomatik həll yolu"nun İranla müharibəyə son qoyacağını bildirib.

António Costa bu səhər X-də yayımlanan paylaşımda bildirib ki, "Mülki infrastrukturun, yəni enerji obyektlərinin istənilən hədəfə alınması qanunsuz və qəbuledilməzdir".

Onun açıqlaması ABŞ Prezidenti Donald Trump-ın Hörmüz boğazının yenidən açılmaması halında İran infrastrukturunu məhv etməklə bağlı təhdidlərindən sonra gəlir.

İsrael Katz deyib ki, orduya İranın infrastrukturuna "bütün gücüylə" hücum etmək tapşırığı verilib

İsrailin müdafiə naziri İsrael Katz İrandakı neft-kimya müəssisəsinə hücum etdiklərini bildirən bir açıqlama yayıb və İsrail Müdafiə Qüvvələrinə (İQQ) İran infrastrukturuna "bütün gücüylə" hücum etməyə davam etmək tapşırığı verildiyini söyləyib.

Katzın sözlərinə görə, ötən həftə başqa bir müəssisəyə də hücum edilib.

Bəyanatda deyilir: "İndi birlikdə İranın neft-kimya ixracatının təxminən 85%-ni təşkil edən iki müəssisə istismardan çıxarılıb və fəaliyyət göstərmir".

Katz əlavə edir ki, Əsəluyədə yerləşən müəssisə ölkənin neft-kimya məhsullarının təxminən yarısını istehsal edirdi.

Yarırəsmi Tasnim xəbər agentliyi son bir neçə dəqiqədə iki neft-kimya şirkətinə hücum edildiyini bildirib.

Xəbər agentliyinin məlumatına görə, bir sıra neft-kimya istehsalat vahidlərinə ziyan dəyib. Amma hər hansı itki barədə məlumat verilməyib.

Trump: "Boğazı açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız"

Donald Trump, ABŞ, İran, elektrik stansiyası,

Şəklin mənbəyi, EPA

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

ABŞ Prezidenti Donald Trump aprelin 5-də özünün Truth Social sosial media hesabında təhqiramiz ifadələrlə İranı Hörmüz boğazını açmağa çağırıb.

Ağ Ev rəhbəri bildirib ki, əgər İran ona verilən müddətdə Hörmüz boğazını açmazsa, ABŞ İranın elektrik stansiyalarını və körpülərini hədəf alacaq.

Trump-ın Hörmüz boğazının açılması ilə bağlı İrana verdiyi 10 günlük müddət bazar ertəsi - aprelin 6-da başa çatır.

Trump İranı hədələyib ki, əks təqdirdə onlara "cəhənnəm yaşadacaq":

"Çərşənbə axşamı İranda həm Elektrik Stansiyası Günü, həm də Körpü Günü olacaq. Buna bənzər heç nə olmayacaq, - Trump sosial media hesabında yazıb və əlavə edib, - Boğazı açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız".

Onun sosial media postunda aşağılayıcı ifadələr də yer alıb.

Bununla belə, Trump Fox News televiziyasına açıqlamasında deyib ki, bazar ertəsi İranla razılığın əldə olunması üçün "yaxşı şans" var. Lakin o əlavə edib ki, əgər razılıq tez olmazsa, "hər şeyi göyə uçuracaq və nefti ələ keçirəcək".

İran isə xəbərdarlıq edib ki, əgər ABŞ və İsrail ölkənin mülki hədəflərinə zərbə endirsə, onun cavabı "daha dağıdıcı" olacaq.

İranın ən yüksək hərbi əməliyyat komandanlığı hesab edilən Xatam əl-Ənbiyə Mərkəzi Qərargahının sözçüsü yaydığı bəyanatda bildirib ki, "əgər mülki hədəflərə edilən hücumlar təkrarlansa, cavab tədbirlərimizi daha geniş və dağıdıcı olacaq", İranın IRIB media qurumu yazıb.

O, "sağ-salamatdır"

Trump

Şəklin mənbəyi, Getty

Donald Trump özünün Truth Social hesabında ABŞ hərbi qüvvələri tərəfindən xilas edildikdən sonra itkin düşmüş amerikalı ekipaj üzvünün "sağ-salamat" olduğunu bildirib.

ABŞ Prezidenti deyib ki, ekipaj üzvü "düşmən xətti arxasında", İran dağlarında olub, amma digər ABŞ qüvvələri "onun yerini 24 saat izləyib".

Aprelin 3-də İranın cənubunda F‑15E qırıcı təyyarəsi vurulandan sonra pilot itkin düşmüşdü.

Onu təkcə ABŞ qüvvələri yox, İran da axtarırdı.

"...heyət üzvünü tapana qədər təslim olmayacaqlar"

ABŞ-ın İran üzərində vurulduğu deyilən F‑15E qırıcı təyyarəsi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, ABŞ-ın F‑15E qırıcı təyyarəsi

Grace Eliza Goodwin

BBC News, New York

Cümə günü İranın cənubunda F‑15E qırıcı təyyarəsi vurulub və bu, ABŞ və İranı itkin düşmüş amerikalı heyət üzvünü tapmaq üçün axtarışlara məcbur edib.

İran rəsmiləri itkin düşmüş təyyarəçinin tapılmasına kömək edən vətəndaşlara təqribən 66 min 100 dollar (112 min 370 manat) mükafat təklif edir, dövlət mediası xəbər verir.

Ekspertlər BBC-yə bildiriblər ki, vurulan ABŞ qırıcı təyyarəsinin itkin düşmüş heyət üzvünün axtarışı çox vaxt tələb edir, çünki İran ABŞ döyüş-axtarış və xilasetmə qrupları ilə eyni pilotu tapmaq üçün yarışır.

Suriya üzrə xüsusi nümayəndə və İraqda İslam Dövləti (İŞİD) qrupuna qarşı beynəlxalq hərbi müdaxilə üzrə xüsusi elçi vəzifəsində çalışmış hərbi strateq və ABŞ-ın yüksək vəzifəli diplomatı James Jeffrey deyir ki, "Bu, mənim bildiyim ən təhlükəli hərbi missiyadır."

Bu cür missiyalar adətən vertolyotlar tərəfindən həyata keçirilir, dəstək təyyarələri yanacaq doldurur və digər hərbi təyyarələr hücumlar həyata keçirmək və ərazini patrul etmək üçün istifadə olunur.

Cümə günü İrandan yayılan təsdiqlənmiş videoda belə bir missiyanın Xuzistan əyaləti üzərində davam etdiyi görünür.

"Bunlar, demək olar ki, Delta Force və Navy SEAL Team Six səviyyəsinə qədər təlim keçmiş Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat işçiləridir, lakin onların tibbi imkanları da var", - Jeffrey BBC-yə deyir.

"Əgər hər hansı bir şans olduğunu düşünürlərsə, heyət üzvünü tapana qədər təslim olmayacaqlar."

Düşmən ərazisi üzərində təyyarə vurulduqda, həmin təyyarənin pilotu və heyəti də belə bir vəziyyət üçün yüksək səviyyədə təlim keçmişdir.

"Onların bir nömrəli prioriteti sağ qalmaq və əsir düşməməkdir", - deyə "Defense Priorities" beyin mərkəzinin baş elmi işçisi və hərbi təhlil direktoru Jennifer Kavanagh BBC-yə bildirib.

"Və buna görə də, fiziki cəhətdən hazır olduqlarını və hərəkət edə bilməyəcək qədər yaralanmadıqlarını nəzərə alsaq, düşdükləri yerdən mümkün qədər tez uzaqlaşmağa və təhlükəsiz olmaq üçün özlərini gizlətməyə təlimləndirilirlər."

Kavanagh əlavə edir ki, onlar həmçinin sağqalma texnikaları üzrə təlim keçiblər ki, mümkün qədər uzun müddət qida və su olmadan qala bilsinlər və ya yerli ərazidən resurslar tapa bilsinlər.

Ümumilikdə ABŞ-ın iki hərbi təyyarəsinin İran tərəfindən vurulduğu bildirilir.

F‑15E-nin pilotu xilas edilib, lakin silah sistemləri zabiti hələ də itkindir.

Bundan başqa İran Körfəz üzərində ikinci ABŞ döyüş təyyarəsini vurduğunu iddia edir.

ABŞ mediası bildirir ki, vurulan ilk təyyarənin axtarış-xilasetmə missiyası zamanı A‑10 Warthog təyyarəsinə atəş açılıb.

BBC-nin ABŞ-dakı tərəfdaşı CBS-in məlumatına görə, Warthog təyyarəsinin pilotu körfəz üzərində katapult edib və sonradan xilas edilib.

İranda "vurulan ABŞ F-15 qırıcı təyyarəsinin pilotu axtarılır"

BBC-nin ABŞ xəbər tərəfdaşı olan CBS News-a iki mənbə təsdiqləyib ki, İranın cənubunda vurulan ABŞ F-15 qırıcı təyyarəsi üçün axtarış və xilasetmə əməliyyatı aparılır.

İranın dövlət mediası təyyarənin İran qüvvələri tərəfindən vurulduğunu iddia edib.

Sosial mediada paylaşılan və CBS News tərəfindən təsdiqlənən görüntülərdə axtarış və xilasetmə missiyasına uyğun olaraq Xuzistan əyaləti üzərində yanacaq dolduran təyyarə və iki helikopterin alçaqdan uçduğu göstərilir.

Bu, İran mediasında ABŞ-ın vurulan pilotu axtardığı barədə xəbərlərdən sonra baş verib.

İran İnqilab Keşikçiləri Korpusuna bağlı olan İranın Tasnim xəbər agentliyi, İran üzərində vurulan bir təyyarənin xəbər verildikdən sonra ABŞ-ın pilotlarından birini axtardığını iddia edir.

Cümə axşamı səhəri ABŞ Mərkəzi Komandanlığı (Centcom) Hörmüz boğazındakı Qeşm adası üzərində qırıcı təyyarənin pilotunun vurulduğu barədə İslam ordusunun məlumatlarını təkzib edib.

ABŞ və İsrail İranda infrastruktur obyektlərini vurub, İran da İsrail və Körfəz ölkələrinə yeni zərbələr endirib

3 aprel 2026-cı ildə ABŞ və İsrailin İranın Kərəc şəhəri ilə paytaxt Tehranı birləşdirən körpünün hədəf aldığına hava hücumundan sonra B1 körpüsünün əhəmiyyətli hissələrinin dağıldığı görünür

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 3 aprel 2026-cı ildə ABŞ və İsrailin İranın Kərəc şəhəri ilə paytaxt Tehranı birləşdirən körpünün hədəf aldığına hava hücumundan sonra B1 körpüsünün əhəmiyyətli hissələrinin zədələndiyi görünür

İranın dövlət mediası bildirir ki, bir çox insan Novruz tətilinin sonu üçün B1 asma körpüsünün yaxınlığında dincələrkən, ABŞ döyüş təyyarələri tərəfindən körpü vurulub.

ABŞ Prezidenti Trump özünün Truth Social platformasındakı paylaşımında "ardınca daha çoxu gələcək" yazıb və daha sonra elektrik stansiyalarının növbəti ola biləcəyini irəli sürüb.

İran gecə ərzində Körfəz qonşularına zərbə endirib.

Küveytin milli neft şirkətinə edilən dron hücumunun bir neçə yanğına səbəb olduğu deyilir.

Kaset başlığı olan İran raketi İsrailin mərkəzinə atılıb - bir sıra ərazilərdə əmlaka zərər verib, lakin xəsarət alanlar barədə məlumat verilməyib.

Cümə günü səhər tezdən bir neçə dron hücuma məruz qaldıqdan sonra Küveytdəki əsas neft emalı zavodunun bəzi yerlərində yanğınlar baş verib.

Xəsarət alanlar barədə məlumat verilməyib.

"7 milyon iranlı hərbi xidmətə yazılıb"

İran parlamentinin spikeri Məhəmməd-Bağer Qalibaf İsrail və ABŞ-la müharibənin başlanğıcından bəri yeddi milyon iranlının könüllü olaraq hərbi xidmətə yazıldığını söyləyib.

O deyir ki, "güclü milli kampaniya" milyonlarla iranlının "silah götürməyə və millətin müdafiəsinə qalxmağa hazır olduqlarını" bəyan etməsinə səbəb olub.

"Biz bunu əvvəllər də etmişik və yenə də etməyə hazırıq. Siz bizim evimiz üçün gəlin... bütün ailə ilə görüşəcəksiniz", - deyə o əlavə edib.

Trump: "İrana qarşı bütün hərbi məqsədlər tezliklə yekunlaşacaq"

Donald Tramp, İran, ABŞ,

Şəklin mənbəyi, EPA

ABŞ Prezidenti Donald Trump aprelin 1-də xalqa etdiyi müraciətində bildirib ki, ölkəsinin İrana qarşı bütün hərbi məqsədləri tezliklə yekunlaşacaq.

Eyni zamanda o, qeyd edib ki, növbəti iki-üç həftə ərzində ABŞ İrana "olduqca ağır" zərbələr vura bilər.

Trump çıxışında Yaxın Şərqdən neft idxal edən müttəfiq ölkələrə də çağırış edib. Ağ Ev rəhbəri deyib ki, gərək müttəfiq ölkələr "cəsarət toplayıb" Hörmüz boğazında daşınmaların təhlükəsizliyini təmin etsinlər.

O, əks halda həmin ölkələri ABŞ-dan neft almağa çağırıb.

Trump iddia edib ki, İran nüvə silahı əldə etməyin bir addımlığında idi, lakin ABŞ onun nüvə obyektlərini "məhv etdi".

ABŞ Prezidenti xəbərdarlıq edib ki, növbəti bir neçə həftə ərzində razılıq əldə edilməsə, ABŞ İranın elektrik stansiyalarına zərbə endirəcək.

İran ABŞ və İsrailə "dağıdıcı" və "daha geniş" hücumlar barədə xəbərdarlıq edib

İran ordusunun sözçüsü Trump-ın İranın silah-sursat anbarlarını tamamilə məhv etdiklərinə dair səsləndirdiyi iddiaları təkzib edib.

O bildirib ki, ABŞ və İsrail "əhəmiyyətsiz" hədəflərə zərbələr endirir.

Bununla belə, o, ABŞ və İsrailə növbəti "dağıdıcı və daha geniş" hücumlar barədə xəbərdarlıq edib, İran mediası yazıb.

Tasnim və Fars xəbər agentliklərinin ordu sözçüsünə istinadla yaydıqları bəyanatda qeyd olunur ki, ABŞ və İsrail İranın hərbi imkanları və təchizatı barədə "natamam" məlumata malikdirlər.

İranlı rəsmi qeyd edib ki, ABŞ və İsrail "başlatdıqları aqressiyanın əvəzini ödəməlidirlər".

Trump deyib ki, İranın yeni rəhbəri atəşkəs istəyir

Donald Trump Ağ Evdə

Şəklin mənbəyi, Getty Images

Donald Trump "İranın Yeni Rejim Prezidenti"nin ABŞ-dan atəşkəs istədiyini deyib.

Truth Social-dakı açıqlamasında o, ad çəkməyib, lakin həmin şəxsin "sələflərindən daha az radikallaşmış və daha ağıllı" olduğunu bildirib.

Trump-ın kimi nəzərdə tutduğu bəlli deyil.

ABŞ və İsrail 28 fevralda İrana hava hücumlarına başlayandan bəri, ölkənin Ali Lideri Ayətullah Əli Xamenei də daxil olmaqla, bir sıra yüksək vəzifəli İran liderləri öldürülüb.

Onun yerinə 8 martda oğlu Müctədaq Xamenei gəlib.

O vaxtdan bəri ona istinadən bir sıra yazılı açıqlamalar verilib, lakin özü ictimaiyyət qarşısına çıxmayıb.

Trump deyib ki, onun sağ olub-olmadığını bilmir.

İranın yeni prezidenti yoxdur.

Hazırki Prezident Məsud Pezeşkian martın 31-də İranın müharibəyə son qoymaq üçün "lazımi iradəyə" sahib olduğunu bildirib.

İran Trump-ın müharibəyə son qoymaq üçün danışıqlarda iştirak etdiyinə dair iddialarını təkzib edərək, vasitəçilər vasitəsilə ABŞ-la yalnız bəzi mesajların mübadiləsi aparıldığını bildirib.

Trump deyib ki, İranı tezliklə tərk edəcəklər

ABŞ Prezidenti Donald Trump Ağ Evdə İranla bağlı danışıb və deyib ki, ölkəsi İranı "çox tezliklə tərk edəcək" və ABŞ-ın hərbi əməliyyatları "iki və ya üç həftə" ərzində başa çata bilər.

Onun sözlərinə görə, ABŞ ötən ayın sonlarında İsraillə birlikdə İrana qarşı hava hücumları başlamazdan əvvəl müəyyən edilmiş məqsədlərə çatıb.

Trump bildirib ki, İranın nüvə silahı əldə etmək qabiliyyətini məhdudlaşdırmaq kimi əsas məqsədə çatılıb və ABŞ artıq "işi yekunlaşdırır".

Trump deyib ki, ABŞ artıq İran səmasında dominantlıq edir və bir çox yüksək vəzifəli siyasi və hərbi liderlərin öldürülməsindən sonra rejim dəyişikliyinə nail olub.

O, Tehrandakı yeni liderləri sələfləri ilə müqayisədə "daha az radikallaşmış" və "daha rasional" adlandırıb.

Trump həmçinin İran liderlərinin müharibəyə son qoymaq üçün ABŞ-la "razılaşma əldə etməyə yalvardıqlarını" söyləyib.

İran tərəfi Trumpın açıqlamasına hələ reaksiya verməyib, ancaq bundan əvvəl onun danışıqlarla bağlı sözlərini təkzib etmişdi.

O əlavə edib ki, müharibə hər iki tərəf arasında vasitəçilik yolu ilə əldə edilən razılaşma olmadan da başa çata bilər.

Prezident müharibənin yanacaq qiymətlərinin artmasına təsiri ilə bağlı söyləyib ki, ABŞ hərbi əməliyyatlarına son qoyduqdan sonra qiymətlər enəcək.

İran da müharibənin bitə biləcəyini bildirən bir bəyanat yayıb

İran Prezidenti Məsud Pezaşkian Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costa ilə telefon danışığında "lazımi şərtlər yerinə yetirilərsə, ABŞ və İsraillə müharibəyə son qoymaq iradəsinə" sahib olduqlarını bildirib.

Lakin, digər tərəfdən, İran İnqilab Keşikçiləri Korpusu çərşənbə axşamı xəbərdarlıq edib ki, əgər yüksək vəzifəli İran rəsmilərinin hədəf alındığı "sui-qəsdlər" davam edərsə, çərşənbə axşamından etibarən bölgədə fəaliyyət göstərən aparıcı ABŞ şirkətlərindən qisas alacaqlar.