You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Aya uçan NASA kosmonavtları Yer orbitini tərk ediblər
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Artemis II, Yer orbitində təxminən 24 saat keçirdikdən sonra Aya doğru yola düşüb.
NASA 5 dəqiqə 55 saniyə davam edən buraxılışın "mükəmməl" olduğunu açıqlayıb.
Artemis II ilə orbitdən ayrıldıqdan sonra canlı əlaqə qurulub və astronavtlar ABŞ mətbuatının suallarını cavablandırdılar.
Əhval-ruhiyyəsi yüksək olan heyət Yer kürəsinin kosmosdan görünən mənzərəsinə heyran olduqlarını söyləyib.
50 ildən sonra Aya ilk səyahət
NASA 50 ildən sonra ilk dəfə Ay ətrafına ekipaj göndərib.
Missiya Bakı vaxtilə aprelin 2-nə keçən gecə kosmosa qalxıb.
10 günlük nəzərdə tutulan, "Artemis II" adlı missiyasının heyəti Aya enməyəcək, ancaq kosmosda əvvəl heç kimin görmədiyi qədər uzağa uçaraq, Ay ətrafında dövrə vurmağı planlaşdırır.
Missiyada dörd astronavt - Reid Wiseman, Victor Glover, Christina Koch və Jeremy Hansen iştirak edir.
Onlar bütün bunları mikroavtobus böyüklüyündə bir kapsulda həyata keçirəcəklər.
Bu missiya yaxın illərdə Ay səthinə insan enişi üçün zəmin yaratmağı hədəfləyir.
NASA niyə astronavtları Ayın ətrafına göndərdi?
ABŞ-ın 1969-cu ilin iyulunda insanları ilk dəfə Aya göndərən "Apollo" missiyasından 50 ildən çox vaxt ötüb.
NASA-nın "Artemis II" missiyasında yer alan astronavtlar Ay səthinə enməsələr də, onların növbəti 10 gün ərzində vəzifəsi insan ayağının növbəti dəfə Ay səthinə dəyməsinə yol açmaqdır.
Dörd astronavt səyahət müddətində ilk dəfə Ayın Yerə uzaq olan tərəfindən təxminən 10 min kilometr kənara uçacaqlar.
NASA bildirib ki, astronavtlar Ay ətrafında olduqları 3 saatlıq müddətdə "kraterlərin təsirləri və qədim lava axını kimi geoloji xüsusiyyətləri təhlil edəcək və şəkil çəkəcəklər".
Bu isə gələcək missiyalarda Ayın Cənub Qütb regionunu tədqiq etməyə imkan verəcək, NASA açıqlayıb.
Bundan əlavə, missiya zamanı astronavtların sağlamlıq vəziyyətinin tədqiqi də NASA-ya kömək edəcək ki, kosmosun dərinliklərinə səyahətin insan beyninə və bədəninə necə təsir etdiyi daha aydın olsun. Burada məqsəd Ay və Marsa nəzərdə tutulan gələcək missiyalarda astronavtların qorunmasını təmin etməkdir.
Əgər Ay ətrafında səyahət təhlükəsiz keçərsə, NASA-nın Artemis IV və V missiyaları üçün hədəfi Ay səthinə enməkdir. Hər iki missiyanın 2028-ci ldə baş verməsi planlaşdırılır.
Aya çatmaq neçə gün çəkəcək?
"Artemis II" missiyasındakı heyətin aprelin 6-da Ay ətrafında uçuşu planlaşdırılır.
Çünki 2022-ci ildə həyata keçirilən əvvəlki insansız "Artemis I" missiyası Yer səthindən qalxdıqdan 6 gün sonra Aya çatmışdı.
İndiyədək Aya göndərilən missiyalar arasında ən tez çatan "Apollo 8" missiyası olub. O, üç gündən də az müddətdə - cəmi 69 saat 8 dəqiqəyə astronavt heyəti Ay ətrafına çatdırmışdı.
"Apollo 8" missiyası həm də səma cisminin ətrafında dövr edən ilk ekipaj uçuşu idi.
İnsansız uçuşların Aya çatması isə daha tez baş verir. NASA-nın 2006-cı ildə Pluton planetinə uçan New Horizon kosmik raketi cəmi 8 saat 35 dəqiqəyə Ayın orbitinə yaxınlaşmadan onun yanından keçmişdi.
Kosmonavtlar nə qədər qazanırlar?
Kosmonavt olmaq üçün müəyyən boy həddi tələb olunur: 157-188 santimetr. Bundan başqa, namizəd elmi dərəcəyə sahib və iş başında ölüm riski ilə üzləşləşmiş olmalıdır.
Lakin bütün bunlara baxmayaraq, NASA astronavtları səylərinə görə milyonlarla qazanc əldə etmirlər.
Hazırda onlara ildə təxminən 258 min manat civarında maaş verilir.
Və bu arzuolunan vəzifələrdən birini tutmaq Yer kürəsində... və yəqin ki, Kosmosda ən rəqabətli proseslərdən biridir.
NASA sonuncu dəfə 2024-cü ildə işə qəbul müraciətlərini elan edəndə, 8000-dən çox adam ərizə verdi: bunlardan isə yalnız 10 nəfər seçildi.
Və hər il işə qəbul olmur.
NASA indiyə qədər yalnız 370 astronavt işə götürüb.