Türkiyə və Azərbaycan hansı məsələlərdə fərqlənir?

Şəklin mənbəyi, Türkiyə XİN
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət" prinsipi əsasında son 10 ildə münasibətlərini hər sahədə dərinləşdirərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər.
Lakin son dövrdə Bakı tərəfindən ibtidai və orta məktəblərdə "hicab qadağası" tətbiq edilməsi və Ankaranın buna münasibəti səbəbindən ikitərəfli münasibətlərdə gərginlik yaranıb.
İki ölkənin fərqli yanaşma nümayiş etdirdiyi xarici siyasət məsələləri arasında İsrail-Fələstin problemi və Ermənistanla normallaşma prosesləri də yer alır.
Xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də beynəlxalq toplantıda iştirak etmək üçün getdiyi Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərindən sonra mətbuata verdiyi açıqlamalarda Ankara ilə Bakı arasında sarsılmaz bağların və qardaşlıq münasibətlərinin olduğunu bildirib.
Nazir Fidan iki ölkə arasındakı strateji münasibətlərin zədələnməsinə imkan verilməməsinin vacibliyini vurğulayıb.
Fidan tərəflərin zaman-zaman bəzi məsələlərdə fərqli yanaşmalara malik ola biləcəyini qeyd edərək deyib: "Biz qədim bir millətik. Öz problemlərimizi də bu qədim keçmişə yaraşan, bizə layiq olan şəkildə, oturub sivil qaydada müzakirə edərik".
Ədalət və İnkişaf Partiyasının (AKP) türk dünyası üzrə məsul sədr müavini Kürşad Zorlu da fikir ayrılıqlarının ola biləcəyini qeyd edərək, problemlərin "ailə məclisində" həll ediləcəyini bildirib.
Azərbaycan hökumətindən Türkiyə ilə münasibətlərə dair indiyədək heç bir açıqlama verilməyib.
Bakıdan "həyat tərzi" mesajı

Şəklin mənbəyi, @ISAAC_HERZOG
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Fidan və Zorlunun fərqli yanaşmalar kimi xarakterizə etdiyi məsələlər arasında ən çox diqqət çəkən mövzulardan biri "həyat tərzi"dir.
Bu məsələ ilə bağlı ən əhatəli və sərt açıqlama Prezident İlham Əliyev tərəfindən oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Qurultayında verilib.
Əliyev çıxışı zamanı bu ifadələri işlədib: "Hər kəs öz yerini bilsin, işlərimizə qarışmasın, həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hər kəs getsin öz xalqı və dövləti ilə məşğul olsun". Lakin o, bu sözlərlə hansı ölkəni nəzərdə tutduğuna dair heç bir işarə verməyib.
Əliyevin bu xəbərdarlığı Azərbaycanın son dövrdə təhsil müəssisələrində dünyəvilik prinsipinin daha aydın şəkildə tətbiq edilməsi üçün konkret addımlar atdığı bir vaxtda səsləndirməsi diqqət çəkib.
İyul ayında mühüm qanun dəyişikliyi edərək dünyəvi təhsil anlayışını gücləndirən Azərbaycan sentyabr ayında Nazirlər Kabinetinin qərarı ilə şagird və müəllimlərin təhsil müəssisələrində hicabla iştirakına mane olacaq bir tənzimləməni həyata keçirib.
Türkiyədən bu addıma rəsmi reaksiya verilməyib. Lakin bəzi AKP deputatlarının və Prezidentin müşaviri Oktay Saralın sosial şəbəkələrdə verdiyi reaksiyalar Bakıda narazılıq yaradıb.
Yeni Azərbaycan Partiyasının açıqlamasında Türkiyəyə "daxili işlərə qarışmamaq" prinsipi xatırladılıb və "Bu zərərli siyasətdən imtina etməyə çağırış" edilib.
Türkiyənin xarici siyasət gündəliyi
Prezident Recep Tayyip Erdoğan rəhbərlik etdiyi AKP-nin 2002-ci ildə hakimiyyətə gəlməsindən etibarən Türkiyədə hicabla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını siyasi həyatının ən mühüm məqsədlərindən biri hesab edib.
Türkiyədə bu istiqamətdə addımlar atan Ərdoğan, xüsusilə Avropa İttifaqı (Aİ) ölkələrində yaşayan türklər başda olmaqla, müsəlmanların öz inanclarını tam şəkildə yaşamasını mühüm xarici siyasət gündəliyi kimi də qəbul edib.
Dünyəvilik prinsipinin ən sərt tətbiq olunduğu Fransa başda olmaqla, bir çox Avropa ölkəsi ilə bu məsələ ətrafında diplomatik gərginliklər də yaşanıb.
Azərbaycanla yaranan son gərginliyin də Ankaranın bu siyasəti ilə əlaqəli olduğu düşünülür.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də etdiyi çıxışda ölkənin fiziki təhlükəsizliyi ilə yanaşı, "ideoloji təhlükəsizliyinin" təmin edilməsinə də məsul olduqlarını bildirib.
İlham Əliyev "İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik qədər vacibdir. Çünki ideoloji təxribat ölkənin daxilinə yönəldilir" ifadələrini işlədib.
Lakin Əliyev problemin haradan qaynaqlandığına dair ətraflı məlumat verməyib.
Əliyevdən "Himayəyə ehtiyacımız yoxdur" mesajı
Türkiyə ilə Azərbaycan arasında zaman-zaman ortaya çıxan problemlərdən biri də Bakıda Ankaranın ikitərəfli münasibətlərə "böyük qardaş" mövqeyindən yanaşdığı barədə ümumi təsəvvürdür.
Xüsusilə Prezident Ərdoğan başda olmaqla, Türkiyənin yüksək vəzifəli rəsmilərinin 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsinin Azərbaycanın böyük qələbəsi ilə nəticələnməsində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) töhfəsi olduğunu bildirmələrinin Bakının bu məsələyə dair həssaslığını zaman-zaman üzə çıxardığı məlumdur.
Əliyev həmin çıxışında yenə də heç kimin adını çəkmədən müharibəni Azərbaycanın təkbaşına qazandığını vurğulayaraq deyib: "Əlbəttə, ideoloji məkanımız xarici ünsürlərdən və xarici təsirlərdən təmizlənməlidir. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır".
O, sözlərinə əlavə edib:
"Xarici siyasətimizi elə formalaşdırırıq və bundan sonra da elə formalaşdırmalıyıq ki, heç kim işlərimizə müdaxilə etməsin. Bizim heç kimin köməyinə də ehtiyacımız yoxdur, himayəsinə də ehtiyacımız yoxdur".
Əliyev uzun çıxışı boyunca Türkiyənin adını heç çəkməyib.
İsrail məsələsində dərin fikir ayrılığı
Türkiyə ilə Azərbaycan arasında xarici siyasət sahəsində ən əsas fikir ayrılıqlarından biri İsraillə münasibətlər məsələsidir.
HƏMAS-ın 7 oktyabr 2023-cü ildəki hücumlarından sonra Qəzzada genişmiqyaslı hərbi əməliyyata başlayan və intensiv hücumlar həyata keçirən İsrailə qarşı Türkiyə ən sərt mövqe tutan ölkələrdən biri oldu.
Ankara, xüsusilə İslam ölkələri başda olmaqla, beynəlxalq ictimaiyyəti İsrailə qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırdı.
Azərbaycan isə xüsusilə təhlükəsizlik, kəşfiyyat və enerji sahələrində İsraillə münasibətlərə strateji əhəmiyyət verir.
Bakı rəhbərliyi İsraildən xeyli miqdarda silah alır, bunun müqabilində isə həmin ölkənin enerji tələbatının böyük hissəsini təmin edir.
Getdikcə daha çox ölkə tərəfindən təcrid olunan İsrailin oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) Prezident İsxak Hersoqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak etməsi və Əliyevlə ikitərəfli görüş keçirməsi İsrail ilə Azərbaycan arasındakı dialoqun xarakterini göstərmək baxımından mühüm əhəmiyyət daşıyıb.
Bəzi Türkiyə media orqanları Prezident Ərdoğanın sammitdə iştirak etməmək qərarına Hersoqun tədbirə qatılmasının təsir göstərdiyini iddia ediblər. Prezident Administrasiyası bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Fidan və digər bəzi iştirakçılar Hersoqun çıxışı zamanı zalı tərk ediblər.
Ermənistanla normallaşmada "Azərbaycan" amili

Şəklin mənbəyi, @ILETISIM
Türkiyə ilə Azərbaycan arasında ən dərin gərginlik 2009-cu ildə Ankaranın Ermənistanla sərhədlərin açılmasını və diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan protokolları imzalaması səbəbindən yaranmışdı.
Həmin vaxt baş nazir olan Ərdoğan Azərbaycandan gələn sərt reaksiyadan sonra Bakıya səfər etmiş və Qarabağ problemi həll olunana qədər Ermənistanla birtərəfli normallaşma addımının atılmayacağına dair təminat vermişdi.
Ermənistanla hazırkı normallaşma prosesi də İkinci Qarabağ müharibəsinin Azərbaycanın xeyrinə başa çatmasından sonra başladı.
Lakin Türkiyənin Ermənistanla normallaşma prosesini Azərbaycanla Ermənistan arasında davamlı sülh sazişinin imzalanması şərtinə bağlaması Ankara və İrəvanın, xüsusilə sərhədlərin açılması və ticarətin başlanması ilə bağlı iradəsini məhdudlaşdırır.
Ankarada Türkiyə-Ermənistan yaxınlaşmasına yönəlmiş bəzi təşəbbüslərin...
Türkiyə və Ermənistan 2022-ci ildə sərhəd-keçid məntəqələrinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılığa gəlmişdilər.
Türkiyənin Azərbaycanın etirazı səbəbindən bu addımı atmadığı iddia olunur.
Azərbaycan Ermənistanla 8 avqust 2025-ci ildə Vaşinqtonda imzaladığı sazişin tam şəkildə həyata keçirilməsi üçün İrəvanın mövcud konstitusiyasında dəyişiklik etməsini və Azərbaycan ərazilərinə dair istinadın çıxarılmasını şərt qoyur.
Bu prosesin vaxt aparacağı nəzərə alınarsa, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin də gecikməsi mümkündür.
























