Azərbaycanda hicab etirazları: hansı suallar hələ də cavabsızdır?

Şəklin mənbəyi, Sosial media/Facebook
- Müəllif, BBC Azəbaycanca redaksiyası
- Çap edildi
- Oxuma vaxtı: 7 dəq
Azərbaycanda məktəbli formasına dair yeni qaydaların tətbiqi hicablı şagird və müəllimlərin bəzi məktəblərə buraxılmaması, etirazlar və saxlanmalarla müşayiət olunur. Ancaq hadisələr başlayandan bir həftə keçməsinə baxmayaraq, hicabın məktəbdə qadağan edilib-edilmədiyindən saxlanılanların sayına qədər bir sıra əsas suallar hələ də cavabsızdır.
Əsas gözlənti Elm və Təhsil Nazirliyinin bütün məktəblər üçün vahid yazılı izahat verməsidir. Belə bir izahat hicabın mövcud qaydalara uyğun olub-olmadığını, məktəblərin hansı tədbirləri görə biləcəyini, şagird və müəllimlərin isə qərarlardan necə şikayət edə biləcəyini aydınlaşdıra bilər.
Rəsmilər məktəblərdə hicaba ayrıca qadağa qoyulub-qoyulmadığını izah etmir, yalnız vahid məktəbli formasının tətbiq olunduğunu bildirir. Ancaq valideynlər, müəllimlər və yerli media paytaxt Bakıda və rayonlarda hicablı şagird və müəllimlərin bəzi məktəblərə buraxılmadığını deyirlər. Qaydalarda isə hicabın adı birbaşa çəkilmir.
BBC Azərbaycanca hadisələrlə bağlı cavabsız qalan əsas suallara nəzər salıb.
Hicab məktəblərdə qadağan edilibmi?
Hicab məktəblərdə qadağan edilibmi? Mübahisənin mərkəzində duran əsas sual budur.
Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi qərarda məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvi xarakterinə uyğun olmayan əlavə geyimlərə icazə verilmədiyi bildirilir.
Ancaq sənəddə hicabın adı çəkilmir.
Oktyabrın 6-da müəllimlərin geyimi ilə bağlı qəbul edilən qaydalarda da onların geyiminin təhsilin dünyəvi xarakterinə uyğun olması tələb edilir. Burada da hicaba konkret istinad yoxdur.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Ancaqbəzi məktəblərdə qaydalar hicablı şagird və müəllimlərin binaya buraxılmaması şəklində tətbiq edilir.
Bu isə əsas ziddiyyəti yaradır: əgər hicab qadağan edilməyibsə, hicablışagird və müəllimlər niyə məktəbə buraxılmırlar?
Elm və Təhsil Nazirliyi hicabın məktəbdə geyinilib-geyinilməməsi ilə bağlı ayrıca və aydın yazılı izahat dərc etməyib.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov Facebookda yazdığı şərhdə qərarda hicaba ayrıca qadağa olmadığını və qaydaların konstitusion hüquqlara uyğun tətbiq edilməli olduğunu bildirib.
"Qərarın mətninə diqqət yetirdikdə görünür ki, sənəddə hicabla bağlı ayrıca və konkret qadağa nəzərdə tutulmayıb", - o deyib. Lakin onun açıqlaması da əsas suala aydınlıq gətirmir: hicaba konkret qadağa yoxdursa, hicablı şagird və müəllimlər hansı hüquqi əsasla məktəbə buraxılmırlar?
Qaydalarda hansı geyimin dünyəvilik prinsipinə uyğun olmadığına kimin və hansı meyarlarla qərar verəcəyi də dəqiq göstərilmir.
Nəticədə eyni qayda müxtəlif məktəblərdə fərqli şəkildə tətbiq oluna bilər.
Şagirdləri dərsə buraxmamaq üçün hüquqi əsas varmı?
Qərar məktəbli formasına dair tələbləri müəyyən edir. Lakin qaydaya əməl etməyən şagirdin dərsə buraxılmamalı olduğunu açıq şəkildə demir.
Məktəblərdə yaranan mübahisələrin Pedaqoji Şura tərəfindən həll olunması nəzərdə tutulur. Bununla belə, şagirdin təhsil prosesindən dərhal kənarlaşdırılması üçün hansı prosedurun tətbiq olunmalı olduğu aydın deyil.
Bu səbəbdən bir neçə məsələ cavabsız qalır:
- Şagirdin məktəbə buraxılmaması barədə yazılı qərar verilibmi?
- Valideyn həmin qərardan hara şikayət edə bilər?
- Məktəb rəhbərliyi şagirdi geyiminə görə dərsdən kənarlaşdırmaq səlahiyyətinə malikdirmi?
- Şagirdin buraxdığı dərslərə görə məsuliyyəti kim daşıyır?
- Pedaqoji Şura hər bir şagirdin işinə ayrıca baxmalıdırmı?
Rəsmi qurumlar bu suallara ümumi və bütün məktəblər üçün keçərli olan izahat verməyiblər.
Milli Məclisin deputatı Rasim Musabəyov valideynləri inadkarlıq etməməyə çağırıb.
"Təəssüf edirəm ki, bu qızların təhsilinə öz mənfi təsirini göstərə bilər. Ancaq bunu valideyn düşünməlidir, inadkarlıq etməməlidir. Qəbul olunmuş qaydalara əməl olunmalıdır. Məktəbin qaydası var. Mən düşünürəm ki, qəbul olunmuş qaydalara əməl olunmalıdır", - deputat BBC-yə deyib.
Hazırda Türkiyədə yaşayan jurnalist Sevil Nuriyeva isə sosial mediada belə yazır:
"Uşaqları anladıq, müəllimlər nə etsin? Uşaqlar yetkinlik yaşında deyillər, çatsınlar özləri bilər deyir bəziləri. Tamam, qəbul edirəm. Bəs müəllimlər?
Baş örtüsünə görə, dərs keçməkdən məhrum edilən o qadınlar, qızlar nə etsinlər?Onlar da "yetkin "yaşına çatmalıdır? Azərbaycan dövləti huquqi dövlətdir. Azadlıqdan, azad fikirdən danışanların çoxunun bu məntiqi ikiüzlülükdür".
Müəllimlər işdən çıxarılıb, yoxsa sadəcə məktəbə buraxılmırlar?

Şəklin mənbəyi, sosial media
İndiyədək hicablı müəllimlərin rəsmən işdən azad edilməsinə dair təsdiqlənmiş məlumat yoxdur.
Bəzi müəllimlər onlara hicabı çıxarmaq və ya istefa vermək təklifinin edildiyini bildiriblər. Başqa müəllimlər isə iş yerinə getsələr də, məktəbə və ya sinif otağına buraxılmadıqlarını deyirlər.
Bu fərq hüquqi baxımdan vacibdir.
Müəllim rəsmən işdən çıxarılarsa, ona yazılı qərar təqdim olunmalı və həmin qərardan məhkəməyə şikayət vermək imkanı yaranmalıdır.
Müəllim işdən çıxarılmadan məktəbə buraxılmırsa, onun hüquqi vəziyyəti qeyri-müəyyən qalır. O, hələ də məktəbin əməkdaşı sayıla bilər, lakin əmək funksiyasını yerinə yetirə bilmir.
Bu halda suallar yaranır:
- Məktəbə buraxılmayan müəllimlərə maaş veriləcəkmi?
- Onların işə gəlməməsi sonradan davamiyyətsizlik kimi qeydə alına bilərmi?
- Məktəb rəhbərlərinin müəllimləri binaya buraxmamaq barədə yazılı qərarı varmı?
- Müəllimlər bu qərardan əmək müfəttişliyinə və ya məhkəməyə şikayət edə bilərlərmi?
Elm və Təhsil Nazirliyi bu məsələlərə aydınlıq gətirən ümumi mövqe açıqlamayıb.
BBC News Azərbaycancaya danışan və adının çəkilməsini hicablı müəllimələrdən biri gələcəklə bağlı bədbindir.
"Heç nə dəyişməyəcək" – 18 ildir bir məktəbdə müəllimə işləyən qadın deyib.
Müəllimə oktyabrın 12-dən bəri işə getdiyini, amma dərsə buraxılmadığını qeyd edib.
Bu səbəbdən o, işdən çıxmaq barədə ərizə yazmağa qərar verdiyini deyib. Hələlik isə, o hər gün məktəbə getdiyini və içəri buraxılmadığını deyir.
Deputat Hikmət Babaoğlu hicabla bağlı ayrıca qadağanın olmadığını və məsələnin dini etiqadla deyil, vahid geyim qaydalarının tətbiqi ilə bağlı olduğunu bildirib. "Qəbul edilmiş qanun, qəbul edilmiş qərar icra edilməlidir, vəssalam", - o deyib.
Lakin onun açıqlaması da hicabın adı qərarda çəkilmədiyi halda vahid geyim tələbinin hicablı şagird və müəllimlərə necə tətbiq olunacağı sualına aydınlıq gətirmir.

Şəklin mənbəyi, Elm və Təhsil Nazirliyi
Saxlanılanların sayı 37-dir, yoxsa 200-dən çox?
Daxili İşlər Nazirliyi oktyabrın 12-də 37 nəfərin saxlanıldığını və barələrində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi açıldığını bildirib.
Nazirliyin açıqlamasına görə, həmin şəxslər məktəblərin fəaliyyətinə mane olub, təhsil işçiləri ilə qarşıdurma yaradıb, məktəb əmlakına zərər vurub və nəqliyyatın hərəkətini pozmağa çalışıblar.
Ancaq saxlanılanların adları, yaşları və hər birinin konkret olaraq hansı hərəkətdə şübhəli bilindiyi açıqlanmayıb.
Fəallar isə 200-dən çox adamın saxlanıldığını iddia edirlər. Bəzi yerli media orqanları da oktyabrın 12-də "28 May" metro stansiyası yaxınlığında 200-dən çox şəxsin polis tərəfindən saxlanıldığını yazıb.
Bu iki rəqəm fərqli kateqoriyalara aid ola bilər. Rəsmi şəkildə açıqlanan 37 nəfər cinayət işi üzrə saxlanılanlar, daha böyük rəqəmə isə qısa müddət saxlanıldıqdan sonra buraxılan və ya inzibati məsuliyyətə cəlb olunan şəxslər daxil ola bilər.
Lakin Daxili İşlər Nazirliyi bunu izah edən bölgü təqdim etməyib.
Buna görə də hazırda neçə nəfərin saxlanıldığı, neçə nəfərin həbsdə qaldığı və neçə nəfərin sonradan sərbəst buraxıldığı məlum deyil.
İnsanlar etiraza, yoxsa sosial şəbəkə paylaşımlarına görə həbs olunurlar?
Cinayət işi üzrə verilən rəsmi açıqlamada əsasən ictimai qaydanın pozulması, əmlaka zərər vurulması və məktəblərin fəaliyyətinə maneə yaradılmasından danışılır.
Ancaq sonrakı xəbərlər bəzi şəxslərin sosial şəbəkə paylaşımları və yazılı etirazlarına görə inzibati həbs aldığını göstərir.
"Kavkazsiy Uzel"in məlumatına görə, Naxçıvan sakini Qüdrət Abdullayev TikTok-da paylaşdığı videodan sonra 25 sutka, Abşeron sakini Rafael Hüseynzadə isə məktəb binasına "Hicaba azadlıq!" yazdığına görə 30 sutka həbs olunub.
JAMnews bir ilahiyyatçının 30 sutka inzibati həbs aldığını bildirib. Ailəsi bunu onun məktəblərdəki geyim qaydalarına qarşı sosial şəbəkə paylaşımları ilə əlaqələndirib.
Bu xəbərlər dövlətin reaksiyasının yalnız zorakılıq və əmlaka zərər vurulması iddiaları ilə məhdudlaşmadığını göstərir.
Lakin həmin şəxslərin konkret olaraq hansı inzibati xəta maddəsi ilə məsuliyyətə cəlb edildiyi və məhkəmələrdə özlərini müdafiə etmək imkanına malik olub-olmadıqları barədə dolğun məlumat yoxdur.
Valideyn Şahizə Hüseynova niyə dörd aylıq həbs edilib?
Qızının dərsə buraxılmamasına etiraz edən Şahizə Hüseynova barəsində dörd aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.
Bu barədə mediaya onun həyat yoldaşı Ağa Hüseynov məlumat verib. Şahizə Hüseynovanın həyat yoldaşı özünü Müsəlman Birliyi Hərəkatının fəalı kimi təqdim edir.
Lakin Şahizə Hüseynovanın hansı konkret hərəkətdə təqsirləndirildiyi, ona hansı maddə ilə ittiham verildiyi və məhkəmənin həbs qərarını hansı əsaslarla çıxardığı ictimaiyyətə ətraflı açıqlanmayıb.
Onun saxlanılmasının qızının məktəbə buraxılmamasına etiraz etməsi ilə əlaqəli olub-olmadığı da rəsmi şəkildə izah edilməyib.
Yazılı izahat veriləcəkmi?
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qərarda hicabın adının çəkilmədiyini, amma hicabın mühüm dini öhdəlik olduğunu bildirib.
Allahşükür Paşazadə yaranmış vəziyyətdən heyifsiləndiyini və onlarla məsləhətləşmənin olmadığını da bildirib.
"Çox heyifsilənirəm ki, bu məsələnin qəbul olunmasında əlbəttə ki, qabaqcadan bir məsləhətləşmə ola bilərdi. Amma məsləhətləşmələr olmayıb", o, yerli mediaya müsahibəsində deyib.
O, dövlətin dindən ayrı olduğunu bildirib, narazı şəxsləri məktəblərin fəaliyyətini pozmamağa və aidiyyəti nazirlərə müraciət etməyə çağırıb. Paşazadə məsələnin "həll olunacağını" deyib.
Ancaq bu həllin nədən ibarət olacağı məlum deyil.
Əsas gözlənti Elm və Təhsil Nazirliyinin bütün məktəblər üçün vahid yazılı izahat verməsidir. Belə bir sənəd hicabın qaydalara uyğun olub-olmadığını, məktəblərin hansı tədbirləri görə biləcəyini və şagirdlərlə müəllimlərin hansı şikayət mexanizmlərindən istifadə edə biləcəyini aydınlaşdıra bilər.
Hələlik isə qaydaların necə şərh ediləcəyi ayrı-ayrı məktəblərin üzərinə düşür.
Bundan sonra nə baş verə bilər?
Hadisələr başlayandan bəri hakimiyyətin reaksiyası qaydaların izah edilməsindən daha çox, onların icrasının gücləndirilməsi və etirazlarla bağlı hüquqi tədbirlərin genişləndirilməsi istiqamətində olub.
Bundan sonrakı mərhələdə Elm və Təhsil Nazirliyinin hicabla bağlı yazılı izahat verib-verməməsi və işə və dərsə getməyn hicablı müəllim və şagirdlərlə bağlı rəsmi qərarların qəbul edilib-edilməməsi xüsusilə əhəmiyyətli olacaq.
Bu cavablar verilməyənədək məktəblərdə hicabla bağlı mübahisənin hüquqi əsası, saxlanılmaların həqiqi miqyası və qaydaların şagirdlərlə müəllimlərə necə tətbiq olunacağı qeyri-müəyyən qalacaq.



















