Azərbaycan Türkiyədən 7 şəxsi istədi

qəzet kiosku və kamera arxasında dayanan media mənsubu
Çap edildi
Oxuma vaxtı: 2 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycan hökuməti məktəblərdə hicab ətrafında yaranan mübahisələrdən sonra daha yeddi Türkiyə media mənsubuna cinayət işi açıb.

Baş Prokurorluğun məlumatına görə, axtarışa verilən şəxslər arasında Haksöz jurnalının nümayəndəsi Rıdvan Kaya, Köklü Dəyişim nəşrinin təmsilçisi Zəkəriyyə Cərən (Abdullah İmamoğlu) və Analiz Mərkəzi platformasının nümayəndəsi Fatih Tezcan da var.

Qurum bildirir ki, onlar sentyabrın 25-dən oktyabrın 18-dək sosial media platformalarında Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar edib, həmçinin dini nifrət və ekstremizmi təşviq edən materiallar yayıblar. Bu şəxslər beynəlxalq axtarışa verilib. Onların Azərbaycanın ittihamlarına münasibətləri bəlli deyil.

Bundan əvvəl də Azərbaycan oxşar ittihamlarla Türkiyənin Şanlıurfa Olay qəzetinin köşə yazarı Cəlal Çiftçiyə qarşı cinayət işi açmışdı. Jurnalist bir qədər sonra X sosial media hesabından "istifadə etdiyi ifadələrin məqsədini aşmasına görə" Azərbaycan dövləti və xalqından üzr istədiyini yazıb.

Fatih Tezcan
Şəklin alt yazısı, Youtube videolarında Fatih Tezcan Prezident İlham Əliyevi tənqid edir

Bu addım son həftələrdə Türkiyə mediasında Azərbaycanın məktəbli forması qaydalarının sərt tətbiqi ilə bağlı üzləşdiyi tənqidlərin artdığı dövrdə baş verir. Müzakirələrin mərkəzində məktəblərdə hicab taxılması məsələsi dayanır.

Azərbaycan Mətbuat Şurası bəzi Türkiyə media orqanlarını ölkənin dünyəvi təhsil siyasətini təhrif etməkdə ittiham edib. Şuranın bəyanatında bildirilir ki, həmin KİV-lər məktəbli forması qaydalarını "hicab qadağası" kimi təqdim edərək "qərəzli və siyasi motivli" məlumatlar yayırlar.

Eyni zamanda, Azərbaycanda hakimiyyətə yaxın media qurumları Türkiyə hakimiyyətini Bakının axtarışa verdiyi şəxslərə qarşı hüquqi tədbir görməməsinə görə tənqid ediblər. Onların fikrincə, barələrində ittihamlar irəli sürülən şəxslər Türkiyə qanunvericiliyini də pozmuş ola bilərlər və bu məsələ Ankara tərəfindən araşdırılmalıdır.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Bu arada, Azərbaycanın bəzi dövlətyönlü media orqanları Türkiyə ilə əlaqəli təşkilatların ölkədəki fəaliyyətinə daha ciddi nəzarət edilməsinə çağıraraq, onların Azərbaycanın daxili proseslərinə təsir göstərməyə çalışdıqlarını iddia ediblər.

Azərbaycanda oktyabr ayının 12-dən başlayaraq məktəblərdə hicablı müəllim və şagirdlərin hicabla məktəbə daxil olmasına maneələr yaradılıb, onlardan məktəbə dünyəvilik prinsipləri əsasında məktəbli formasında və dini geyim aksesuarları olmadan gəlmək tələb olunub.

Bundan sonra məktəbə buraxılmayan bəzi məktəblilər məktəblərin həyətində, pilləkənlərdə oturaraq dərsləri davam etdirməyə çalışıb. Bəzi müəllimlər hicabını açarkən, bəziləri isə ərizə yazaraq, "öz istəyi ilə" işdən çıxdıqlarını açıqlayıblar.

Azərbaycan Elm və Təhsil Nazirliyi hələ də Elm və Təhsil Nazirliyi isə hələ də qaydaların hicablı müəllim və məktəblilərə necə tətbiq olunmalı olduğuna dair bütün məktəblər üçün vahid və aydın yazılı izahat verməyib.

Azərbaycan hicab
Şəklin alt yazısı, Azərbaycanda tətbiq olunan yeni qaydalardan sonra hicablı şagird və müəllimlər məktəblərə buraxılmayıb