Azərbaycandakı hicab etirazları xaricə yayıldı
Almaniyada mühacir olan Müsəlman Birliyi Hərəkatının üzvü Ağa Hüseynov BBC Azərbaycancaya deyib ki, qızını bu gün dərs buraxmayıblar.
"Mənim öz qızım da hicablı olduğu üçün məktəbə buraxılmır. Bu gün qohumlarımızdan da məktəbə buraxılmayanlar var. Mənim aldığım məlumata görə, Təhsil Nazirliyindən zəng edib atalarının adlarını öyrənirlər ki, uşaqları məktəbə hicabsız gətirsinlər. Məsələn, elə adam var ki, övladını dəfələrlə məktəbə aparıb, amma bu gündən artıq aparmır", - Ağa Hüseynov bildirib.
Onun sözlərinə görə ötən həftə hicabla bağlı fəallıq etdiyi üçün həyat yoldaşı Şahizar Hüseynova saxlanılıb sonradan buraxılıb. Ona ev dustaqlığı verildiyi deyilib, ancaq ailə rəsmi ittiham barədə səndləri almadıqlarını deyir.
BBC Azərbaycancaya danışan adlarının açıqlanmasını istəməyən bəzi ailələr qızlarının hicabını məktəbdə açıb, dərsdən sonra yenidən bağlayaraq dərsə getdiklərini deyiblər.
Bəzi müəllimlərin də hicablarını açdığı, bəzilərinin isə işdən çıxmaq ərizəsi yazıdığı bildirilir.
"Qorxu yaradırlar ki, insanlar gedib yenidən orda etiraz etməsin", - Ağa Hüseynov deyib.
Azərbaycanda hicabla bağlı mübahisə artıq ölkə xaricində də etirazlara səbəb olub.
Həftəsonu Azərbaycanın London, Berlin və Ankaradakı diplomatik nümayəndəlikləri qarşısında aksiyalar keçirildiyi bildirilir.
Mübahisə bəzi məktəblərin oktyabrın 12-dən yeni geyim qaydalarının tətbiqindən sonra hicablı şagird və müəllimlərin dərslərə buraxılmaması iddialarından başlayıb.
Qaydalarda hicabın adı birbaşa qeyd edilmir.
Elm və Təhsil Nazirliyi isə qaydaların hicablı şagird və müəllimlərə necə tətbiq olunmalı olduğuna dair bütün məktəblər üçün vahid izahat verməyib.
Bakıda keçirilmiş etirazlarla bağlı Daxili İşlər Nazirliyi 37 nəfərin saxlanıldığını bildirib. Fəallar isə sayın 200-dən çox olduğunu deyirlər.
Amnesty International dinc etirazlara görə saxlanılan şəxslərin azad edilməsinə və hicablı şagird və müəllimlərə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb.



