Hörmüz boğazı İranın ən güclü silahına necə çevrildi?

Hörmüz boğazı

Şəklin mənbəyi, NurPhoto/Getty images

    • Müəllif, Jiyar Gol
    • Vəzifə, BBC
  • Oxuma vaxtı: 4 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İran, ABŞ və İsrail arasında 40 günlük müharibə gözlənilməz nəticə verdi: İranın ən təsirli "kozırı", guya hazırladığı nüvə silahları deyil, strateji baxımdan həyati əhəmiyyət kəsb edən Hörmüz boğazı ola bilər.

Əvvəldən müharibə İranda əsas yerləri və liderləri hədəf alan ağır bombardmanlar vasitəsilə rejim dəyişikliyinə məcbur etmək cəhdi kimi qəbul edilirdi.

İran ABŞ-ın Körfəzdəki müttəfiqlərinə raketlər və dronlarla cavab verdi.

Lakin münaqişə şiddətləndikcə Tehran Fars körfəzini qlobal bazarlarla birləşdirən dar su yolu vasitəsilə dəniz nəqliyyatını pozmağa diqqət yetirdi.

Bu addım boğazdan fasiləsiz neft və qaz daşımalarından asılı olan ABŞ və müttəfiqlərinə böyük təzyiq göstərdi.

İnqilab Keşikçiləri rəsmiləri boğazı nəzarətdə saxlamağın ənənəvi hərbi hücumlardan daha böyük strateji üstünlük təmin edə biləcəyini gördülər.

İran qlobal enerji təchizatını təhdid edərək Vaşinqtonu yanaşmasına yenidən baxmağa məcbur etdi və nəticədə atəşkəs danışıqlarında boğazın yenidən açılması və təhlükəsizliyi prioritet qazandı.

İran müntəzəm olaraq hücuma məruz qalacağı təqdirdə bağlamaqla təhdid etsə də, əvvəllər heç vaxt bu şəkildə tamamilə bağlanmamışdı. 1980-1988-ci illər İran-İraq müharibəsi zamanı neft tankerlərinə hücum edildikdə belə boğaz açıq idi.

İndi bəzi iranlı komandirlər və rəsmilər ölkənin boğaz üzərindəki nəzarətinin gələcəyini müzakirə edirlər.

İran parlamenti, xüsusilə də Milli Təhlükəsizlik Komissiyası gəmilərin boğazdan ödənişli keçməsi üçün bir qanun layihəsi hazırlayıb.

Bir millət vəkili İranın daşınan hər üç barel neft üçün bir dollar rüsum ala biləcəyini söyləyib.

Qələbə obrazı

Tehranda üzərində "Hörmüz boğazı bağlı qalacaq, bütün Fars körfəzi bizim ov yerimizdir" yazısı olan bir banner asılıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tehranda üzərində "Hörmüz boğazı bağlı qalacaq, bütün Fars körfəzi bizim ov yerimizdir" yazısı olan bir banner asılıb.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İran dövlət mediası atəşkəsdən sonra bir qələbə görüntüsü yaratmağa çalışdı.

İranın Küveytdəki səfirliyi sabiq dini lider Ayətullah Əli Xameneyi üçün "Allahın zəfəri və fəth gəldikdə" başlıqlı bir video paylaşdı.

Bu, İran daxilində geniş şəkildə dilə gətirilən, ölkənin xarici təzyiqə uğurla müqavimət göstərdiyi ritorikasını əks etdirir.

İnqilab Keşikçilərinə bağlı "Fars" Xəbər Agentliyi hadisəni "İranın atəşkəs planında sanksiyaların ləğvi, müharibə təzminatının alınması və Amerika əsgərlərinin çıxarılması nəzərdə tutulur" ifadələri ilə duyurdu.

İranın yüksək vəzifəli rəsmiləri də bu hekayəni dəstəklədilər. Vitse-prezident müharibənin ilk günlərində öldürülən keçmiş Ali Lider Əli Xameneiyə istinad edərək atəşkəsi "Xamneyi doktrinası"nın qələbəsi kimi xarakterizə etdi.

Eyni zamanda İranın yeni liderinin müşaviri və sabiq İnqilab Keşikçiləri komandiri Möhsün Rezayi İran qüvvələrinin "əlləri tətikdə" və həyəcan vəziyyətində qaldıqları barədə xəbərdarlıq etdi.

Lakin qələbə ritorikasının altında çox daha kövrək bir reallıq dayanır.

İran ordusu mühüm itkilər verdi və onsuz da illərdir ABŞ-ın rəhbərlik etdiyi sanksiyaların təzyiqi altında olan iqtisadiyyatı da sürətlə pisləşdi.

Qarşıdurma zamanı ən azı 13 nəfər edam edildi. Bunların çoxu casusluqda ittiham olundu, bəziləri isə yanvar ayında ölkə boyu keçirilən etirazlar zamanı saxlanılanlar idi.

Bu hərəkətlər, rəsmilər nəzarəti yenidən bərpa etməyə çalışarkən, mövcud sistem daxilində daxili müxalifətlə bağlı dərin bir narahatlığın olduğunu göstərir.

Hörmüz boğazı

Boğazın yenidən açılması, sülh danışıqları öncəsində ABŞ-ın başlıca tələblərindən biridir, lakin bunun asan olmadığı anlaşılır.

İran aprelin 8-də İnqilab Keşikçilərinin icazəsi olmadan keçən gəmilərin "hədəf alınacağı və məhv ediləcəyi" barədə xəbərdarlıq etdi.

Ağ Evin mətbuat katibi Karoline Leavitt daha sonra Prezident Trampın bu "qəbulolunmaz" xəbərlərdən məlumatı olduğunu bildirdi. Lakin sözçü özəl görüşlərdə fərqli şeylərin söylənildiyini vurğuladı.

İran xarici işlər nazirinin müavini Səid Xatibzadə BBC-yə verdiyi müsahibədə İranın boğazdan "keçid üçün təhlükəsizlik təmin edəcəyini" söylədi və boğazın ABŞ ilə İran arasındakı müharibə başlayana qədər "min illərdir açıq" olduğunu vurğuladı.

Ancaq o, boğazın yalnız "ABŞ təcavüzkarlığını faktiki olaraq geri çəkdikdən sonra" açılacağını bildirdi və bu sözlərlə İsrailin Livana qarşı hücumlarına istinad etmiş kimi görünür.

Xatibzadə İranın "beynəlxalq normalara və beynəlxalq hüquqa" tabe olacağını söylədi. Lakin boğazın beynəlxalq sularda olmadığını və təhlükəsiz keçidin "İran və Omanın xoş niyyətinə" bağlı olduğunu qeyd etdi.

Boğaz beynəlxalq dənizçilik hüququna və mülki dəniz nəqliyyatının təhlükəsiz fəaliyyətini təmin etməyi hədəfləyən Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına tabedir.

Təhlükəli presedent

İran Hörmüz boğazını əvvəllər heç vaxt tamamilə bağlamamışdı.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İran Hörmüz boğazını əvvəllər heç vaxt tamamilə bağlamamışdı.

Bəs, İran bundan sonra nə edə bilər? İran parlamentinə təqdim olunan boğazı nəzarətdə saxlamaq layihəsi doqquz maddədən ibarətdir.

Əsas maddələrdən birində "düşmən gəmilərinin keçidinə icazə verilməyəcəyi" deyilir. İran keçid xidmətləri təklif edəcək və şirkətlərin İran valyutası ilə ödəniş etməsini, həmçinin İran bankında hesab açmasını şərt qoyacaq. Gəmilərin, həmçinin yüklərini bəyan etmələri tələb olunacaq.

Bu, çox mürəkkəb bir layihədir və hələ səsverməyə çıxarılmayıb.

İran Hörmüz boğazından keçən gəmilərdən rüsum almağa çalışarsa, əsas sual ABŞ, Qərb ölkələri və regional müttəfiqlərinin belə bir addımı qəbul edib-etməyəcəyidir.

Son reaksiyalara baxılarsa, ABŞ və müttəfiqləri üçün gəmiçilik azadlığının təməl bir prinsip olması və bir keçid rüsumu sisteminin təhlükəli bir presedent təşkil etməsi nəzərə alındığında, güclü bir müqavimət və müxalifət görünür.

İran uğur qazanarsa, bu, dünyanın ən kritik dənizçilik keçid nöqtələrindən birini nəzarətdə saxlamaq qabiliyyətini nümayiş etdirən mühüm strateji və simvolik qələbə olacaq.

Ancaq belə bir gedişin əks-təsir göstərməsi və ABŞ müttəfiqlərini, NATO üzvlərini və regional gücləri İrana qarşı bir araya gətirərək koordinasiyalı diplomatik, iqtisadi, hətta hərbi cavablara yol açması riski də mövcuddur.