BBC araşdırması: Gecə əylənməyə çıxan qadınları gizlicə videoya çəkib pul qazanan kişilər

qadınlar
    • Müəllif, Shona Elliott
    • Müəllif, Abi Smitton
    • Vəzifə, BBC News
  • Oxuma vaxtı: 8 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

BBC-nin apardığı araşdırma gecə çölə çıxan qadınları gizlicə çəkən bəzi kişilərin bu videoları internetə yükləyərək pul qazandığını üzə çıxarıb.

Adətən "gəzinti turları" və ya "gecə həyatı kontenti" kimi təqdim edilən bu videolar YouTube, TikTok, Facebook və Instagram-da paylaşılır.

Bu şəxslər demək olar ki, tamamilə don və ya ətək geyinən qadınlara fokuslanırlar. Videoların çoxu arxadan və ya aşağı bucaqdan çəkilib, bəzən bədənin məhrəm hissələrini də göstərir.

BBC bu şəkildə gizlicə görüntüləri çəkilən təxminən 50 qadınla danışıb və onların çoxunun çəkildiyindən xəbərsiz olduğunu müəyyən edib.

Qadınlar qorxduqlarını və alçaldılmış hiss etdiklərini deyirlər.

Ətəyinin altını göstərən rakursdan çəkilmiş görüntülərdə yer alan 21 yaşlı bir qadın, icazəsi olmadan görüntülərinin internetə yüklənməsindən çox pis təsirləndiyini və evdən hər çıxanda özünü narahat hiss etdiyini deyir.

...ən populyar yerlərdən biri Mançesterdir

BBC bu tip məzmun paylaşan 65-dən çox onlayn kanal müəyyən edib. Bu kanalların videoları son üç ildə ümumilikdə üç milyard dəfədən çox izlənib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Videolar London, Oslo, Mayami və Banqkok kimi dünyanın böyük şəhərlərindəki gecə həyatına fokuslanır, amma ən populyar yerlərdən biri Mançesterdir.

BBC komandası dolaşaraq gecə çöldə əylənən qadınları gizlicə çəkən kişiləri lentə alıb və ən çox məzmun paylaşan 12 hesabla əlaqəli bəzi kişiləri müəyyən edib.

Onların arasında bir taksi sürücüsü və İngiltərədə çəkiliş aparmaq üçün İsveçdən gələn iki kişi də var idi.

Kanallarında Norveç və Monakoda yaşadıqlarını iddia edən daha iki nəfər də çəkiliş apararkən görünür, amma onların kimliklərini təsdiqləyə bilmədik.

Araşdırmamız, qadınların kişilər tərəfindən – çox vaxt qazanc məqsədilə – razılıqları və xəbərləri olmadan ictimai yerlərdə lentə alınmasının daha bir nümunəsidir.

BBC-nin yanvar ayında apardığı başqa bir araşdırması, qadınlarla tanışlıq mövzusunda məsləhət verdiyini iddia edən kişi internet məşhurlarının, qadınlarla etdikləri söhbətləri "ağıllı eynəklərlə" qeydə aldıqlarını və sonra bu görüntüləri internetə yüklədiklərini üzə çıxarmışdı.

Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib ki, hökumət yeni texnologiyanın qadınlara və qız uşaqlarına qarşı zorakılıq və təcavüzü artırmaq üçün istifadə edilməsinə göz yummayacaq.

İctimai yerlərdə video çəkmək cinayət sayılmır. Amma görüntü ilə təcavüz məsələlərində ixtisaslaşmış bir vəkil deyir ki, bu tip videolar hüquqi baxımdan "boz bir sahədə" yerləşir. O, bu şəkildə çəkilişlərin təcavüz və şəxsi həyata gizli müdaxilə qanunlarını poza biləcəyini vurğulayır.

YouTube-a bildirdiyimiz videoların bir çoxu hələ də əlçatan vəziyyətdədir.

Araşdırmamızın nəticələrini paylaşdıqdan sonra video paylaşım platforması iki hesabı deaktiv edib.

TikTok da dörd istifadəçini platformadan çıxarıb.

Facebook və Instagram-dakı videolar isə hələ də aktivdir.

"Adi bir gecə idi..."

Oktyabrın sonları idi və Grace (əsl adı deyil) Mançesterdə bir gecə klubunun qarşısında, dostunun 21 yaşını qeyd edərkən telefonuyla şəkil çəkirdi.

Onun bacısı Sophie də (o da əsl adı deyil) onların yanında idi.

Sophie yenicə 18 yaşına çatmışdı və şəhərdə ilk dəfə gecə klubuna gedirdi

Qreys deyir: "Adi bir gecə idi. Çəkiliş aparıldığına dair heç bir fikrimiz yox idi".

Kimsə onunla əlaqə saxlayana qədər videosunun YouTube-a yükləndiyini bilmirdi.

Ətəyinin altını göstərən görüntülər internetdə tanımadıqları şəxslər tərəfindən üç milyondan çox dəfə izlənmişdi.

"Geyimimi diqqətlə planlaşdırmışdım", - Qreys xatırlayır:

"Mən özümü normal halda tam örtülü görürdüm, amma videodakı rakurs aşağıdan olduğu üçün narahat oldum və bu, məndə o şəxsin mənə çox yaxın olduğu hissini yaratdı", - o deyir.

Sofi də videolarda görünürdü, amma əsas diqqət ona yönəlməmişdi.

Bacısı kimi yaşadıqlarından dolayı "tamamilə paranoyak" olduğunu deyir.

"Artıq çölə çıxa bilmirəm, çünki çox qorxuram, - deyərək əlavə edir, - bu, normal deyil. Belə bir şey yaşanmamalı idi".

Qreys (solda) və Sofi gecə çölə çıxdıqları vaxt xəbərləri olmadan kameraya çəkilmişdilər.
Şəklin alt yazısı, Qreys (solda) və Sofi gecə çölə çıxdıqları vaxt xəbərləri olmadan kameraya çəkilmişdilər.

Qreys və Sofi bu araşdırma boyunca yüzlərlə videoda gördüyümüz minlərlə qadından, sadəcə, ikisi idi.

Hər ikisi üçün də yadda qalan bir sual var idi: çəkilişi kim və niyə etmişdi?

Müxtəlif hesablar tərəfindən paylaşılan videoları uzun saatlar boyunca araşdırdıq.

Ən populyar kanallardan bəzilərinin izlənmə sayı 200 milyonu keçib.

Paylaşılan videoların demək olar ki, hamısının üz qabığı şəkillərində don və ya ətək geyinmiş, hündürdaban ayaqqabı geyən gənc qadınlar görünür və başlıqlarda videolarda qadınların yer aldığı açıq şəkildə qeyd olunur.

Mançesterdə çəkilən videoların çoxunda qadınlar gecə klubları arasında yeriyərkən və ya səkidə oturarkən görünür.

Kamera, adətən, bu qadınları uzun müddət izləyir - xüsusilə də onlar geyimlərini düzəldəndə və ya ətəklərini aşağı çəkəndə.

Demək olar ki, hər videonun altında yüzlərlə qadın düşmənçiliyini (misoginiya) ifadə edən şərh yer alır.

Bir istifadəçi "Bu qadınların necə geyindiyinə baxın, hücuma məruz qalmalarına təəccüblənməmək lazımdır" yazır və yanına gülən emoji də əlavə edir.

Videoların altında görünən digər şərhlər arasında "Bunlar küçələrə aiddir", "Selülit gecəsi" və "Hər yerdə balaca donuz balaları" kimi ifadələr də var idi.

Videolardakı qadınların çoxunu müəyyənləşdirmək nisbətən asan olsa da, kanalları idarə edən adamları tapmaq daha çətin idi.

Bu şəxslər internetdə həqiqi adlarını istifadə etmirlər. Amma onların bir çoxunun kimliyini ictimai açıq məlumatlardan istifadə etməklə müəyyən etmək mümkündür.

Kişilərə aid YouTube kanallarındakı üz qabığı şəkilləri demək olar ki, həmişə qadınlara fokuslanır.
Şəklin alt yazısı, Kişilərə aid YouTube kanallarındakı üz qabığı şəkilləri demək olar ki, həmişə qadınlara fokuslanır.

Qreys və Sofi-nin videosunu yayımlayan kanalın İsveçdə yaşayan 35 yaşlı Florjan Reka adlı bir kişi tərəfindən idarə olunduğunu müəyyən etdik.

Təxminən 200 milyon baxış və 399 min abunəçi ilə o, bu janrın ən böyük YouTube kanallarından birini idarə edir və əlavə olaraq 600 mindən çox izləyicisi olan bir Facebook səhifəsinə də sahibdir.

Biz onun İsveçdə kanalını biznes kimi qeydiyyatdan keçirdiyini və orada "internetdə məşhurların fəaliyyəti, marketinqi və reklamı" ilə məşğul olduğunu öyrəndik.

Onun necə işlədiyini görmək məqsədilə, Hellouin gecəsində, insanların çox olduğu bir həftəsonu Mançester şəhər mərkəzində gizlicə dolaşdıq.

Birinci gecə saatlarla gözlədikdən sonra, saat 02:00-dan az əvvəl Reka-nı yanında başqa bir kişi ilə birlikdə sürətli addımlarla yeriyərkən gördük. Daha sonra həmin kişinin onun qardaşı Roland olduğunu müəyyən etdik.

Bir məqamda qardaşlar sanki telefonlarına bel səviyyəsində baxırmış kimi davranırdılar.

Amma əslində eyni səviyyədə ayrı kameralar tuturdular və yanlarından keçən qadınları çəkirdilər.

Qardaşlar bizim də onları izlədiyimizin fərqində deyilmiş kimi görünürdülər.

Fərqli klubların qarşısında çəkiliş etmək üçün ayrılan bu ikilinin gecə boyunca yenidən bir araya gəldiyini müşahidə etdik.

Həmin həftəsonunun ikinci gecəsində isə kostyumlu parti iştirakçılarının arasına qarışmaq üçün qara maskalar taxmışdılar.

Sonrakı bir neçə gün ərzində, Mançester küçələrindən yeni videolar Florjan Reka ilə bağlı olduğunu bildiyimiz bir çox sosial media hesabında görünməyə başladı.

Yayımlanan görüntülər qardaşları çəkiliş apararkən müşahidə etdiyimiz rakurslarla üst-üstə düşürdü.

Roland Reka-ya aid olduğunu müəyyən etdiyimiz kanalda yayımlanan videolardan birinin əvvəlində bir qadının ətəyi aşağı sürüşəndə onu yuxarı çəkməyə çalışdığı görünür.

Digər görüntülərdə isə qadınlar uzaqlaşarkən kamera aşağıdan, onların omba hissəsi görünəcək şəkildə çəkiliş aparmışdı.

Florjan Reka-nın Facebook səhifəsinə yüklədiyi bir videoda isə qadın geyimini düzəldərkən kamera onun sinə dekoltesinə fokuslanırdı.

Videoların heç birində qadınlar çəkildiklərinin fərqindəymiş kimi görünmürdülər.

Hellouindən sonrakı aylarda Florjan Reka-dan şərh almaq üçün onunla əlaqə saxlamağa çalışdıq.

Cavab vermədiyi üçün, onunla danışmaq məqsədilə İsveçə getdik.

Hər iki dəfə də sualları görməzdən gəldi və poçt qutusuna qoyulan məktuba da cavab vermədi.

Florjan Reka (sağda) və qardaşı Roland (solda) qadınları gizlicə çəkən kanallar idarə edirlər.
Şəklin alt yazısı, Florjan Reka (sağda) və qardaşı Roland (solda) qadınları gizlicə çəkən kanallar idarə edirlər.

Mançesterdə Halloween kimi tanınan Cadugərlər Bayramı zamanı qadınları lentə alan daha üç kişini də gördük.

Gecə boyu müxtəlif vaxtlarda dayanıb söhbət edən bu şəxslər bir-birlərini və Reka qardaşlarını tanıyırmış kimi görünürdülər.

Onlardan biri, həmin ərazidə taksi sürücüsü işləyən 36 yaşlı Din Hill idi.

Biz onu qız qruplarının yanından keçərkən sinəsinə yaxın yerləşdirilmiş kiçik bir kamera ilə çəkiliş apararkən, sonra isə onların arxasınca çəkiliş etmək üçün geri qayıdarkən gördük.

Hill-in çəkdiyi yüzlərlə saatlıq görüntünü izlədik.

Görüntülərin bəzilərində -Reka qardaşlarının paylaşımlarına bənzər şəkildə - Hill qadınları ətəklərini aşağı çəkməyə və ya geyimlərini düzəltməyə çalışarkən sanki onları izləyirmiş kimi görünür.

Videolardan birində kamera təxminən iki dəqiqə boyunca Halloween kostyumu geyinmiş bir qadını izləyir və bir məqamda ona çatmaq üçün sürətini artırırmış kimi görünür.

Hill isə yanlış bir şey etmədiyini müdafiə etdi.

O, BBC-yə bildirib ki, fərdləri və ya bədənin məhrəm bölgələrini çəkmir və kamerası da həmişə görünən vəziyyətdə olur.

Göndərdiyi mesajlardan birində deyib: "Ətək altını, bədənin məhrəm hissələrini və ya hər hansı çılpaqlıq növünü çəkmirəm. Mən ətək altı çəkilişi və şəxsi həyata gizli müdaxilə etməmişəm və videolarımda cinsi məzmunlu material yoxdur".

"Görüntülər hər hansı bir fərdin və ya müəyyən bir qrupun görüntüləri deyil. Çəkiliş zamanı ictimai yerdə olan hər kəsi əks etdirir. Bəzi onlayn kontent istehsalçılarının uyğunsuz davranış göstərə biləcəyinin fərqindəyəm, amma mənim kanalım belə bir şey etmir".

"Əks istiqamətdə olan hər hansı iddia kontentimin mahiyyətini və məqsədini əks etdirmir".

Sosial media kanalları vasitəsilə əlaqə saxladığımız, amma kimliyini müəyyən edə bilmədiyimiz başqa bir kişi də yanlış bir şey etmədiyini və hər hansı qaydanı pozmadığını iddia etdi.

O, yalnız gecə həyatı və gəzinti videoları çəkdiyini və bəzi paylaşımlarını sildiyini bildirdi.

Polis tərəfindən ittiham yoxdur

Polis araşdırdığımız kişilərin heç birini hər hansı bir cinayətə görə ittiham etməyib.

Mançester Polisi 2024-cü ildə, gecə çölə çıxan qadınların oxşar videolarının çəkilməsi ilə bağlı şikayətlərdən sonra, izləmə və təqib şübhəsi ilə bir kişini həbs etmişdi.

Polis bunun ölkədə bu növ üzrə ilk həbs olduğunu bildirmişdi.

Lakin son günlərdə "mövcud qanunvericilikdəki məhdudiyyətlər" səbəbilə şübhəli şəxsə qarşı əlavə tədbir görülməyəcəyini və problemi həll etmək üçün "mülki hüquq yollarının" araşdırıldığını qeyd edib.

Surrey Universitetinin Rəqəmsal İqtisadiyyat Mərkəzinin direktoru professor Annabelle Qaver deyir ki, gecə çölə çıxan qadınları gizlicə çəkən şəxslər "milyonlarla funt sterlinq gəlir" əldə edirlər.

O deyir: "Biz bütün ekosistem üzrə milyardlarla baxış alan videolardan danışırıq".

O əlavə edir ki, bir milyon baxış alan bir video 5.000 funt sterlinq qazandıra bilər.

Britaniya qanunlarına görə ictimai yerlərdə video çəkmək nadir hallarda qanunsuz sayılır. Lakin danışdığımız qadınların çoxu bu videoların çəkənlərə pul qazandırmasına qəzəblənir.

Qanunda "boz sahə"

Görüntü əsaslı cinsi istismar üzrə ixtisaslaşmış McAllister Olivarius hüquq şirkətinin vəkili Honza Cervenka deyir ki, bu tip məzmunla bağlı qanun "boz bir sahə"dir.

O bildirir: "Bu, rentgençilik və təcavüz də daxil olmaqla bir çox fərqli cinayət arasında gedib-gəlir və bu da onun böyüməsinə imkan yaradır."

Cervenka deyir ki, təcavüz cinayətinin yaranması üçün "küçədə təcavüz və ardınca onlayn təcavüz – yəni videonu yayımlamaq və ya paylaşmaq" kimi iki və ya daha çox təcavüz halından ibarət bir "davranış forması" olmalıdır.

O əlavə edir:"Bir videonu yayımlamaq və sonra həmin qadının görüntüsünü başqa videolarda üz qabığı şəkli kimi istifadə etmək, təcavüz cinayətini təşkil edə bilər".

Araşdırmamızın nəticələrini YouTube ilə paylaşdıqdan sonra platforma Florjan Reka ilə əlaqəli iki hesabı deaktiv edib.

Florjan Reka isə X platformasında etdiyi paylaşımda yalnız "ictimai yerlərdə gəzinti turu videoları" yayımladığını deyərək YouTube-dan qərarın yenidən nəzərdən keçirilməsini istəyib.

YouTube ilə paylaşdığımız videoların bir çoxu hələ də onlayn qalır. Video paylaşım platforması "icma qaydalarını ciddi şəkildə tətbiq etdiyini" bildirir.

Həmçinin əlavə edirlər ki, 2025-ci ilin sonuna qədər təcavüz siyasətini pozan 1,8 milyon videonu siliblər.

Araşdırma nəticəsində əlaqələrini ortaya çıxardığımız digər hesablar da hələ onlayndır. Kişilərdən biri kanalının adını dəyişib, digəri isə bütün kontenti silmiş kimi görünür.

TikTok şirkətlə paylaşdığımız dörd kanalı platformadan çıxarıb.

Facebook və Instagram-ın sahibi Meta-ya göndərdiyimiz kanallar isə hələ də aktivdir. Şirkət, qaydalarını pozan kontentləri sildiyini açıqlayıb.

Qreys və Sofi-nin videosu da silinən videolardan biri olub.

Bacılar bunun onlar üçün kiçik bir qələbə olduğunu deyirlər. Amma Qreys bunun həqiqətən faydalı olacağına şübhə ilə yanaşır:

"Onun telefonunda və ya kompüterində mənim videom var. Onu yenidən paylaşmaqdan nə saxlaya bilər ki?" – deyir.

"Yəqin ki, bunu dayandırmağın bir yolu yoxdur", - o əlavə edir.