Qatığın sağlamlığa faydaları

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Jessica Bradley
- Vəzifə, BBC Food
- Çap edildi
- Oxuma vaxtı: 4 dəq
Qatıq səhər yeməklərindən ana yeməklərə, qəlyanaltılardan şirniyyatlara qədər geniş istifadə olunan "soyuq qəhrəman" kimi tanınır.
Dietoloqlar protein, kalsium, fosfor və B qrupu vitaminləri kimi bir çox qida maddəsi ehtiva etdiyi üçün balanslaşdırılmış qidalanmanın bir parçası olaraq qatığı tez-tez tövsiyə edirlər.
Bundan əlavə, bəzi qatıqlar bağırsaq sağlığını dəstəkləyə bilən canlı bakteriyaları ehtiva edir.
Bəzi xüsusi bakteriyalar laktoza həzmində çətinlik çəkən insanlarda bu prosesin yaxşılaşmasına belə kömək edə bilir.
Lakin təəssüf ki, qatıq bir "möcüzəvi qida" deyil.
Buna baxmayaraq, sağlamlığımızı yaxşılaşdırmağa töhfə verə biləcək bir çox xüsusiyyəti var.
Hansı qatıq növləri sağlamlığa faydalıdır?
Tibb mütəxəssisləri qatığın faydalarından bəhs edərkən, təəssüf ki, yüksək şəkər tərkibli və üzərinə əlavə şirin komponentlər əlavə edilmiş hazır paketlənmiş qatıqları nəzərdə tutmurlar.
Faydalı olan sadə , süzmə qatıq və ya kefirdir.
Elm adamları qatığın sağlamlığa faydaları ilə bağlı araşdırmalar apararkən də, adətən, canlı bakteriyaları ehtiva edən qatıqları tədqiq edirlər.
Aldığınız qatıqda bu bakteriyaların olub-olmadığı adətən qablaşdırmanın üzərində qeyd olunur.
Bu, mütləq bahalı məhsullar satın almalı olduğunuz mənasına gəlmir.
Bir çox qatıq markası bu kriteriyalara cavab verir.
Qatıq etiketində nələrə diqqət edilməlidir:
- Canlı və aktiv bakterialar ehtiva etməsinə
- Əlavə şəkərin olmamasına və ya az olmasına
- Hər porsiyadakı protein miqdarına
- Xüsusilə süd ehtiva etməyən alternativ məhsullar üçün kalsium səviyyəsinə
- Bitki mənşəli seçimlərdə zənginləşdirməyə: kalsium / D vitamini / yod
- Əgər tam yağlı növünə üstünlük verilirsə, doymuş yağ oranına (miqdarına)
Qatıq iltihab üçün faydalıdırmı?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Bəzi araşdırmalar, canlı bakteriya ehtiva edən qatığın iltihabın bəzi göstəricilərini azaltmağa kömək edə biləcəyini göstərir.
Bu sahədə araşdırma aparan Viskonsin-Madison Universitetinin qida elmləri professoru Bredli Bollinqin əldə etdiyi nəticələr müsbətdir.
Lakin sübutlar hələ də inkişaf mərhələsindədir və tədqiqatçılar bu təsirin tam olaraq qatığın hansı xüsusiyyətindən qaynaqlandığını hələ bilmirlər.
Bəs iltihabı azaldan qidalar niyə faydalı ola bilər?
Bollinq qeyd edir: "Qidalanma ilə bağlı xəstəliklər xroniki iltihabla birlikdə inkişaf edir və ya bu səbəbdən ortaya çıxır. Buna görə də iltihabı azaltmağa çalışmaq xərçəng, tip 2 diabet və ürək-damar (kardiovaskulyar) xəstəlikləri kimi xroniki xəstəliklərin yaranmasını gecikdirə bilər və ya riskini azalda bilər".
Lakin o, elmin hələ bəzi fundamental suallara cavab tapmadığını da sözlərinə əlavə edir:
"Qatığın potensial bir təsir yarada bilməsi üçün nə qədər və hansı tezliklə istehlak edilməli olduğunu anlamağımıza kömək edəcək əlavə tədqiqatlara ehtiyac var".
Lankaster Universitetinin biotibb sahəsi üzrə baş müəllimi Dr. Reyçel Riqbi də bu mövzu üzərində araşdırmalar aparıb.
Riqli, xüsusilə laktozanı qıcqırtan bakteriyalar ehtiva edən qatığın müntəzəm istehlakının döş xərçəngi riskini azalda bilib-bilməyəcəyini incələyib.
Hələlik qəti bir nəticə olmasa da, onun əldə etdiyi tapıntılar ehtiyatlı bir nikbinlik üçün əsas verir.
Lakin mütəxəssislər bunun yalnız qatığın müntəzəm və uzunmüddətli istehlakı halında keçərli ola biləcəyini vurğulayırlar.
Qatıq tip 2 diabet riskini azalda bilərmi?
Tip 2 diabet ilə qatıq arasındakı əlaqə ən pis halda "ehtimal olunan" əlaqə kimi xarakterizə edilir. Bəs ən yaxşı ehtimal necədir?
2017-ci ildə aparılan və 13 araşdırmanı əhatə edən bir tədqiqat müntəzəm qatıq istehlakı ilə xəstəliyin yararanma riskinin daha aşağı olması arasında əlaqə qurub.
Hətta 2022-ci ildə aparılan başqa bir tədqiqat hər gün istehlak edilən hər 50 qram qatıq üçün tip 2 diabetin yaranma riskində 7faiz azalma ola biləcəyini irəli sürür.
Lakin qatıq yalnız qabaqlayıcı bir amil kimi nəzərdən keçirilir.
Başqa bir araşdırma isə qatığın tip 2 diabetin idarə olunmasında da rol oynaya biləcəyini göstərir.
Tədqiqatçılar bu faydanın qatıqdakı yağ turşularından qaynaqlana biləcəyini düşünürlər.
Eyni araşdırma, bu faydaların daha çox "az yağlı" qatıqlarla bağlı olduğunu da əlavə edir.
Bu səbəbdən alış-veriş edərkən şəkər və doymuş yağ miqdarını yoxlamaq vacibdir.
Yalnız "az yağlı" etiketinə güvənmək də kifayət deyil.
Qatıq çəki itirməyə kömək edə bilərmi?
Bu mövzu aktiv şəkildə müzakirə olunur.
Qatığın müntəzəm olaraq istehlak edildiyi bir qidalanma rejiminin daha aşağı bədən kütlə indeksi (BKI) və daha az çəki ilə əlaqəli olduğunu göstərən çox sayda araşdırma var.
2015-ci ildə aparılan bir araşdırma da bir neçə tədqiqatı incələyərək müntəzəm qatıq istehlakı ilə daha aşağı BKİ və çəki arasında əlaqə tapıb. Lakin bu araşdırmanın qida brendi "Danone" tərəfindən maliyyələşdirildiyini qeyd etmək lazımdır.
Buradakı əsas problem səbəb-nəticə əlaqəsininsə dəqiq olmamasıdır.
İnsanlar qatıq yedikləri üçünmü çəki itirirlər, yoxsa qida dəyəri yüksək və balanslı qidalanan insanlar onsuz da pəhrizlərinə qatığı daxil etdikləri üçünmü bu nəticə ortaya çıxır?
Bu sualın cavabı hələlik bəlli deyil.
Süd ehtiva etməyən qatıqların faydası varmı?
Soya, badam, kokos və yulaf kimi süd ehtiva etməyən qatıqlar da bakterial kulturlardan istifadə edilərək hazırlanır. Lakin istifadə olunan növlər, canlı bakteria miqdarı və qida dəyərləri fərqlilik təşkil edir.
Süd əsaslı qatıqlarda olduğu kimi, bunların da bəziləri termik emala məruz qalır ki, bu da canlı bakteriyaların məhv olmasına səbəb ola bilir.
Bu üzdən etiketi yoxlamaq vacibdir.
Həm süd məhsulları, həm də bitki mənşəli qatıqlar şəkər ehtiva edə bildiyi üçün diqqətli olmaq lazımdır.
Lids Universitetinin qidalanma elmləri professoru Bernadette Mur belə deyir:
"Ən yüksək şəkər tərkibinə malik kateqoriyaların uşaqlar üçün reklam olunan və orqanik qatıqlar olduğunu müəyyən etdik".
Lakin Mura görə, bu qatıqların yenə də bəzi qida üstünlükləri var:
"Əgər valideyn şəkərli bir içki ilə uşaqlar üçün şirinləşdirilmiş bir qatıq arasında seçim edirsə, qatıq hələ də kalsium, D vitamini və protein ehtiva edir; bu səbəbdən daha yaxşı bir seçimdir".
Qatıq alarkən nələrə diqqət etməli?
Qatığı evdə hazırlamaq əvəzinə mağazadan satın alırsınızsa, çox vaxt sadə, şəkərsiz qatıqlara üstünlük verin; əgər bağırsaq sağlamlığı prioritetinizdirsə, canlı bakteriyalar ehtiva etdiyindən əmin olun və bitki mənşəli seçimlərin əlavələrlə zənginləşdirilib-zənginləşdirilmədiyini yoxlayın.
Şirinləşdirilmiş qatıqlar da balanslı qidalanmanın bir hissəsi ola bilər, lakin bunları bir "sağlamlıq qidası" kimi deyil, daha çox şirin bir qəlyanaltı kimi düşünmək lazımdır.



























