Pakistanda azərbaycanlı qadınla bağlı zorlama işi: "iki şübhəlinin həbs müddəti daha dörd gün artırılıb"

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Pakistanın Lahor şəhər məhkəməsi oktyabrın 5-də azərbaycanlı qadına qarşı zorlamada şübhəli bilinən iki nəfərin polis nəzarətində saxlanılma müddətini daha dörd gün uzadıb, BBC Urdu yazıb.
20 yaşlı Azərbaycan vətəndaşına qarşı qrup halında təcavüzdə 3 şəxs təqsirləndirilir.
Hadisənin Pəncab əyalətinin Lahor şəhərində baş verdiyi deyilir.
Lahor İstintaq İdarəsi tibbi müayinə aparıldığını və qadının təcavüzə uğradığının sübut edildiyini bildirib.
BBC Azərbaycanca Azərbaycanın Pakistandakı səfirliyi ilə əlaqə saxlaya bilməyib.
Məhkəmədə ifadə
BBC Urdu yazıb ki, qadın məhkəmə qarşısına çıxıb. O, məhkəməyə deyib ki, sentyabrın 13-də İstanbuldan Pakistana gəlib və İslamabad və Faisalabadda qaldıqdan sonra Lahora gedib.
O bildirib ki, Skarduya getmək niyyətində olub, lakin tək səyahət etmək istəmədiyi üçün iki qadınla əlaqə saxlayıb.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Qadın iddia edir ki, 25 sentyabrda qadınlardan biri ilə kafedə tanış olub, oradan birlikdə "Bahria Town" ərazisinə gediblər və orada bir müddət vaxt keçiriblər.
"Şam yeməyi yeməli idik; bu vaxt içində iki oğlan olan ağ rəngli bir avtomobil gəldi. Biz bir mənzilə getdik və şam etdik. Ora daha iki oğlan da gəldi".
Qadının sözlərinə görə, qadınlardan birinin həmin iki kişinin birindən pul aldığını görüb: "O bunun əyləncə xərcləri üçün olduğunu söylədi", - qadın məhkəmə ifadəsində bildirib.
"Mən dedim ki, nə pula, nə də spirtli içkiyə ehtiyacım var. Bir kişi mənə toxunmağa çalışdı və məni ayrı bir otağa salıb qapını bağladı. Oradakı iki qadının harada olduğunu soruşdum, onlar isə qadınların getdiyini dedilər. Mən də icazə istədim ki, gedim; lakin onlar getməyə icazə vermədilər və bildirdilər ki, rəfiqən pul alıb", - o, məhkəməyə deyib.
Qadın iddia edib: "Mən onlara 30 000 rupi verəcəyimi dedim. Kişilərdən biri məni hədələdi və şantaj etdi. Onlar tələb etdilər ki, birlikdə spirtli içki içək, əks halda məni buraxmayacaqlar. Bundan sonra hər iki kişi mənə təcavüz etdi".
Qadın daha sonra əlavə edib ki, onu avtomobilə mindirib başqa yerdə endiriblər, lakin çantası, 200 000 rupi nağd pulu, "iPhone 13 Pro Max" və "Redmi" markalı telefonları ona qaytarılmayıb.
Onun sözlərinə görə, həmin şəxslər onu hədələyiblər ki, polisə şikayət etməsin.
Qadın bildirir ki, sonradan onu avtomobildən çölə itələyiblər və o, bundan sonra yoldan keçənlərin köməyi ilə polisə məlumat verib.

Şəklin mənbəyi, Getty
Pakistanda qanun və seksual zorakılıq qurbanları
Bu, Lahorda əcnəbi qadınların təcavüzü ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl, bu ilin iyun ayında iki qadının qaçırılması və təcavüzə məruz qalması iddiası ortaya çıxmışdı.
Polis Hollandiya və İspaniyadan olan iki qadının qaçırılmasına görə səkkiz nəfəri həbs edib.
Britaniyada mənzillənən Equality Now təşkilatının Cənubi Asiya üzrə hüquq məsləhətçisi Michelle Shahid BBC Azərbaycancaya deyir ki, Pakistanda cinsi təcavüzlə bağlı qanunvericilik və siyasət sahəsində xeyli irəliləyiş əldə edilsə də, əsas problemlər həmin qanunların tətbiqi mərhələsində ortaya çıxır.
Onun sözlərinə görə, müvafiq qanun çərçivəsində "Zorlamaya qarşı böhran mərkəzləri" yaradılıb.
"Pəncab əyalətində son iki ildə bu mərkəzlərə 12 min 500-ə yaxın hadisə barədə müraciət daxil olub", - deyə Michelle Shahid əlavə edir ki, zorlama və digər seksual zorakılıq halları ilə bağıl çoxlu şikayət qeydə alınsa da, onların əksəriyyəti nəticəsiz qalır.
"Hesabatımız göstərir ki, Pakistanda məhkəmə hökmü ilə nəticələnən işlərin göstəricisi orta hesabla 0,5 faizdi. Bu, son dərəcə aşağı rəqəmdir. Yəni, qeydə alınan halların yalnız 0,5 faizində şəxs faktiki olaraq, cinayətə görə məsuliyyətə cəlb edilir və cəzalandırılır".
Michelle Shahid-in sözlərinə görə, qanun bəzi hallarla bağlı müəyyən vaxt çərçivəsi nəzərdə tutsa da, təcrübədə bu, yerinə yetirilmir:
"Məsələn, tibbi ekspertiza müəyyən müddətdə keçirilməlidir. Lakin hazırda Pakistanda tam fəaliyyət göstərən yalnız bir kriminalistika qurumu var - Pəncab Məhkəmə Ekspertizası Agentliyi. Hesabatımıza görə, ekspertiza rəylərinin hazırlanması orta hesabla iki aydan çox vaxt aparır. Halbuki qanunda daha qısa müddətlər nəzərdə tutulub".
Pakistan qanunlarında zorakılıq qurbanına kompensasiya verilməsi nəzərdə tutulsa da, hazırda belə bir fond təsis edilməyib, - ekspert deyir.
Michelle Shahid bildirir ki, xarici ölkə vətəndaşı Pakistanda seksual zorakılığa məruz qalarsa, onun üzləşəcəyi əsas problemlərdən biri hüquqi sistem barədə məlumatsızlığıdır.
"Digər mühüm maneə dil problemidir. Pakistanda, əsasən, ingilis dilindən istifadə edilsə də, istintaqçılar və prokurorların hamısı ingilis dilində eyni səviyyədə sərbəst danışmırlar. Bu isə mövcud hüquqi müdafiə mexanizmlərini anlamağı çətinləşdirə bilər", - o deyir.
Michelle Shahid vurğulayır ki, qanun zərərçəkənin ifadəsinin videobağlantı vasitəsilə verilməsinə imkan yaradır:
"Buna görə də xarici vətəndaşın daim Pakistanda qalması tələb olunmaya bilər. Lakin istintaq başa çatana qədər ölkədə qalma zərurəti yaranarsa, bu da əlavə çətinlik yarada bilər".
Pakistanda zorlama cinayətinə görə nəzərdə tutulan cəzalar ölüm hökmü və ya ömürlük həbsdir. Hansı cəzanın tətbiq ediləcəyinə məhkəmə qərar verir. Ölkə tarixində həm ölüm hökmü, həm də ömürlük həbs cəzası verilmiş işlər olub, - ekspert deyir, amma əlavə edir ki, belə ağır cəzaların seksual zorakılığın qarşısını aldığına dair sübut yoxdur:
"Əksinə, bəzi hallarda bu cəza qurbanların şikayət verməsini çətinləşdirir. Məsələn, bu cür cinayətlər intim tərəfdaşlar arasında baş verdikdə qadınlar şikayət etməkdən qorxurlar".
Onun fikrincə, belə sərt cəzalardansa, mövcud qanunların effektiv icrası, müdafiə mexanizmlərinin işlək vəziyyətə gətirilməsi və cəmiyyətdə geniş dəyişikliklərin həyata keçirilməsi daha təsirli olardı.
Pakistan uzun illərdir ki, qadınlara qarşı zorakılıq, cinsi zorakılıq hallarının tam qeydə alınmaması, şikayətlərin araşdırılmaması kimi hallara görə beynəlxalq insan hüquqları təşkilatlarının tənqidləri ilə üzləşib.
Həttta Britaniya hökuməti də Pakistana səfər edən vətəndaşları üçün seksual zorakılıqla üzləşdikləri halda nə etməli olduqları barədə tövsiyyələr hazırlayıb.
Britaniya hökumətinin tövsiyələri
Pakistanın hüquq-mühafizə və məhkəmə sistemində zorlama və seksual zorakılıq işlərində polis qurbanlarla həssas davranış üzrə xüsusi hazırlığa malik olmaya bilər və dindirmə zamanı suallar müdaxiləçi və ya mühakiməedici görünə bilər.
Polisə müraciət
- Zərərçəkən şəxs polis bölməsində və ya bəzi dövlət xəstəxanalarında fəaliyyət göstərən Anti-Rape Crisis Cell (ARCC) mərkəzlərində şikayət edə bilər.
- Polis hesabatının (FIR) surətini almaq və mümkün olduqda ingilis dilinə tərcüməsini tələb etmək tövsiyə olunur.
- Şikayət hadisənin baş verdiyi ərazidə qeydə alınmalıdır və hadisənin vaxtı, yeri, təsviri, şübhəlilər və şahidlər barədə məlumatları əhatə etməlidir.
- Zorlama və seksual zorakılıq "cognizable offence" hesab olunur, yəni polis məhkəmə icazəsi olmadan araşdırmaya başlaya və saxlanma həyata keçirə bilər.
- Zərərçəkənin ifadəsi qadın polis əməkdaşının iştirakı ilə alınmalıdır. İstək olarsa, ailə üzvü və ya dost da iştirak edə bilər.
- Polis sübut kimi istifadə etmək üçün geyimləri, elektron cihazları və digər materialları müvəqqəti götürə bilər.
Hüquqi və sosial xüsusiyyətlər
- Nikahdankənar könüllü cinsi münasibətlər Pakistanda qanunsuzdur. Lakin qanun zorlama qurbanlarını ayrıca qoruyur və zorlama işi "əxlaqsızlıq" ittihamına çevrilə bilməz.
- Kişi qurbanların və ər-arvad arasında zorlamanın tanınması praktikada çətinliklərlə üzləşə bilər.
- Homoseksuallıq qanunsuzdur və cəza ilə nəticələnə bilər.
- Tibbi müayinə
- Tibbi ekspertiza yalnız dövlət tərəfindən səlahiyyət verilmiş tibb müəssisələrində aparılır.
- Müayinə yalnız zərərçəkənin razılığı ilə həyata keçirilir və nəticələr polisə təqdim olunur.
- DNA nümunələri götürülür, bədəndəki xəsarətlər sənədləşdirilir, cinsi yolla keçən infeksiyalar yoxlanılır.
- Reproduktiv yaşda olan qadınlara hamiləlik testi də təklif olunur.
- HIV-in qarşısını almaq üçün PEP müalicəsinin hadisədən sonrakı ilk 72 saat ərzində başlanması tövsiyə olunur.
- Təcili kontrasepsiya reseptsiz satılır və effektiv olması üçün hadisədən sonrakı 72 saat ərzində qəbul edilməlidir.
İstintaq və məhkəmə prosesi
- Şübhəli saxlanıldıqdan sonra 24 saat ərzində hakim qarşısına çıxarılmalıdır.
- Zərərçəkəndən şübhəlini tanıması tələb oluna bilər.
- Məhkəmə prosesləri, adətən, uzun çəkir və işin yekunlaşması 2-3 il davam edə bilər.
- Vəkil tutulması işin daha sürətli irəliləməsinə kömək edə bilər.
- Pakistanı tərk etmiş şəxslərin geri qayıdıb ifadə verməsi gözlənilmir; məhkəmələr adətən video bağlantı ilə ifadə verməyə icazə verir.
- Zorlama cinayəti ölüm cəzası və ya 10 ildən 25 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Cinsi istismar 7 ilədək müddətə azadlıqdan məhrumetmə və ya cərimə nəzərdə tutur.
Pakistan hökuməti nə deyir?
Pakistan hökuməti isə belə tənqidlərlə razılaşmır.
Hüquq və Ədliyyə Nazirliyi bildirib ki, son illər seksual zorakılıqla mübarizə məqsədilə bir sıra islahatlar həyata keçirilib.
Nazirliyin açıqlamasına görə, 2021-ci ildə qəbul edilmiş Təcavüzə Qarşı (İstintaq və Məhkəmə) Qanunu Pakistanda təcavüz və cinsi zorakılıq işlərinin araşdırılması və məhkəməyə verilməsindəki boşluqları aradan qaldırmaq üçün qəbul edilib.
Nazirlik bildirir ki, bu qanun xüsusi məhkəmələrin, qurbanlara tibbi və hüquqi yardım göstərən böhran mərkəzlərinin yaradılmasını, sürətləndirilmiş məhkəmə proseslərini və şahidlərin müdafiəsi kimi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.





















