Putin seçkilərə bir ay qalmış Ermənistana Ukraynanı xatırlatdı: bu, hədədirmi?

Şəklin mənbəyi, DMITRY AZAROV/SPUTNIK/AFP via Getty Images
- Müəllif, Olqa Prosvirova
- Vəzifə, BBC
- Çap edildi
- Oxuma vaxtı: 9 dəq
Ermənistandakı parlament seçkilərinə bir aydan az vaxt qalmış Vladimir Putin açıq şəkildə Yerevanı seçim qarşısında qoydu: Avropa İttifaqı ilə dostluq, yoxsa Rusiya ilə tərəfdaşlıq. Xəbərdarlıq qismində isə Ukraynanı xatırlatdı.
"İfrata çatdırmaq lazım deyil, sadəcə vaxtında nəyi necə edəcəyimizi demək lazımdır", - deyə Putin Yerevanın Avropa kursu barədə mülahizə yürüdərkən bildirib.
Moskva əvvəllər də deyirdi ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin tərkibində qalaraq həm də Aİ-yə doğru hərəkət edə bilməz.
Lakin indi Putin bu kursu Ukrayna ssenarisi ilə əlaqələndirdi - və bunu həm yeni hökumət haqqında mübahisəyə, həm də ölkənin gələcəyi barədə qərara çevrilə biləcək səsvermə ərəfəsində etdi.
"İfrata çatdırmaq lazım deyil"
Moskvadakı Qələbə paradından sonra Vladimir Putin jurnalistlərin qarşısına çıxdı. Suallardan biri Ermənistanla bağlı idi: müxbirlər xatırlatdılar ki, əvvəllər Ermənistan liderləri 9 Mayda tez-tez Moskvaya gəlirdilər, lakin bu il Qızıl Meydanda nə Baş nazir Nikol Paşinyan, nə də ölkə rəhbərliyinin digər nümayəndələri var idi.
Rusiya Prezidenti əvvəlcə sülhpərvər danışdı.
O bəyan etdi ki, Moskva Ermənistanın Aİ ilə yaxınlaşmaq planlarında "qeyri-adi bir şey görmür" və "erməni xalqının xeyrinə olan" hər şeyi dəstəkləyəcək.
Rusiya və erməni xalqı arasında "əsrlər boyu xüsusi münasibətlərin" olduğunu deyən Putin həqiqətən Ermənistanın maraqlarına cavab verən bu və ya digər qərarın Moskvanın "əleyhinə olmayacağını" bildirdi.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Lakin sonra ton dəyişdi.
Putin Ermənistanın Avrasiya İqtisadi Birliyindəki iştirakından əldə etdiyi faydaları bir-bir sadalamağa başladı: Rusiya ilə ticarət, kənd təsərrüfatı və emal sənayesi üçün üstünlüklər, gömrük güzəştləri, əmək miqrantları üçün xüsusi şərtlər. Bundan sonra o, Yerevana məsələni referendum səviyyəsində "müəyyənləşdirməyi" təklif etdi.
"Referendum keçirmək və Ermənistan vətəndaşlarından seçimlərinin nə olacağını soruşmaq tamamilə məntiqli olardı", - deyə Putin bildirdi.
Onun sözlərinə görə, bundan sonra Rusiya və Ermənistan "müvafiq nəticələr" çıxara və "yumşaq, intellektual və qarşılıqlı faydalı boşanma" yolu ilə gedə bilərdilər.
Lakin Prezidentin cavabında jurnalistlərin diqqətini çəkən əsas məqam - Putinin Ukrayna ilə apardığı paralellik oldu.
Putin növbəti dəfə təkrar etdi: "Bəs hər şey nədən başladı? Ukraynanın Aİ-yə daxil olmasından və ya daxil olmaq cəhdindən!"
Daha sonra Putin 2013-2014-cü illər hadisələrinin Kreml üçün tanış versiyasını nəql etdi: Onun sözlərinə görə, Moskva avropalıları xəbərdar edirdi ki, Ukraynanın Aİ ilə sazişi onun Rusiya və digər postsovet ölkələri ilə sıx iqtisadi əlaqələri ilə bir araya sığmır.
Ukraynanın o zamankı Prezidenti Viktor Yanukoviç sazişin imzalanmasını təxirə salmaq qərarına gəldi, bundan sonra isə Putin davam etdi - "dövlət çevrilişi", "Krım hadisəsi" və Ukraynanın şərqində müharibə baş verdi.
Və yalnız bundan sonra Putin yenidən Ermənistana qayıtdı. "Ona görə də ifrata çatdırmaq lazım deyil", - deyə o bildirdi.
Məhz bu zəncir Ermənistan, Aİ və Aİİ arasındakı seçim, Ukrayna və "ifrata çatdırmaq lazım deyil" ifadəsi Putinin sözlərində az qala bir təhdid görməyə vadar etdi.
Formal olaraq Rusiya Prezidenti Ermənistanı Ukrayna ssenarisinin gözlədiyini demədi. Lakin onun cavabının siyasi mənası məhz belə oxunurdu: əgər Moskvanın öz təsir zonası hesab etdiyi ölkə Avropa istiqamətini seçirsə, nəticələr ağır ola bilər.
Kremlin dünya mənzərəsində Ukrayna Rusiyanın qonşu dövlətə hücumunun deyil, Moskvanın maraqlarını nəzərə almamaq cəhdinin guya gətirib çıxardığı nəticənin nümunəsinə çevrilib.
Təzyiq rıçaqları
"Ermənistan Şurası" analitik mərkəzinin rəhbəri Areg Koçinyan hesab edir ki, Vladimir Putinin bəyanatları birmənalı olaraq təhdid kimi səslənir.
Ekspertin fikrincə, Putinin iki ölkə arasındakı iqtisadi əlaqələr və erməni xalqı üçün faydalar haqqında sözləri Rusiyanın Ermənistana qarşı tətbiq edə biləcəyi mümkün enerji sanksiyalarına işarədir.
"Rusiya Ermənistanın əsas təbii qaz, benzin, həmçinin uran tədarükçüsüdür, çünki Ermənistanın öz nüvə energetikası gücləri var", - deyə Koçinyan Moskvanın hansı təzyiq rıçaqlarına malik olduğu sualına cavab verərkən bildirir.
Ölkənin öz sənaye neft və qaz ehtiyatları yoxdur və enerji istehlakının böyük hissəsini idxal hesabına ödəyir: Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qaz ölkənin enerji balansında təxminən 60% tutur. Əsas tədarükçü Rusiyadır: "Qazprom"un məlumatına görə, 2025-ci ildə Ermənistana 2,23 milyard kubmetr Rusiya qazı çatdırılıb.
Daxili bazar faktiki olaraq "Gazprom Armenia"ya - Rusiyanın "Qazprom" şirkətinin yüz faizlik törəmə müəssisəsinə bağlıdır.
Ermənistan Energetika Nazirliyinin məlumatına görə, bu şirkət daxili bazarda qazın tədarükünü və satışını təmin edir.
Qaz istehlakçılara yalnız istilik vermir, həm də sənayedə, nəqliyyatda və elektroenergetikada istifadə olunur.

Şəklin mənbəyi, Pavel Bednyakov/POOL/AFP via Getty Images
Aprelin 1-də Kremldə keçirilən görüş zamanı Vladimir Putin Nikol Paşinyana "respublikanın Rusiya qazını hansı şərtlərlə aldığını" xatırlatdı və vurğuladı ki, Rusiya onu Ermənistana Avropa qiymətlərindən "dəfələrlə ucuz" satır.
"Bu gün bilirsiniz ki, enerji daşıyıcılarının, deyək ki, qazın qiyməti Avropada hər 1000 kubmetr üçün 600 dolları ötür, Rusiya isə Ermənistana qazı 1000 kubmetr üçün 177,5 dollara satır. Fərq böyükdür, fərq əhəmiyyətlidir", - deyə Putin xatırlatmışdı.
Formal olaraq, Putinin gətirdiyi rəqəmlər reallığa uyğundur, lakin bu müqayisə tam dəqiq deyil: Putin Rusiya qazının Ermənistan üçün uzunmüddətli qiymətini müqayisə edilə bilən uzunmüddətli müqavilə ilə deyil, dəyişkən Avropa birja qiyməti ilə müqayisə edib.
Zaman keçdi
Digər mühüm sahə atom energetikasıdır.
Metsamordakı fəaliyyətdə olan AES "Rosatom" strukturlarının iştirakı ilə dəstəklənir və modernləşdirilir. Bununla belə, məhz bu məsələdə Yerevan hazırda alternativlər axtarır: Ermənistan yeni reaktorla bağlı təklifləri nəinki Rusiyadan, həm də ABŞ, Fransa, Cənubi Koreya və Çində nəzərdən keçirir, 2026-cı ilin fevralında isə ABŞ ilə mülki nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.
Rusiyanın başqa təzyiq rıçaqları da var.
"Məsələn, infrastruktur: Ermənistan dəmir yolları hələ də Rusiya konsessiyasındadır. Ermənistanda hələ də Rusiya hərbi bazası və rusiyalı sərhədçilər var. Bundan əlavə, artıq gördüyümüz hibrid hücumlar güclənə bilər. Digər həssas mövzu Rusiyadakı erməni diasporudur. Orada çoxlu erməni yaşayır və onlara qarşı potensial olaraq repressiv tədbirlər tətbiq oluna bilər", - deyə Areg Koçinyan bildirir.
Ekspertlər hesab etmirlər ki, Ukrayna ilə müqayisə Vladimir Putinin Ermənistana qarşı həqiqətən hərbi güc tətbiq etməklə hədələməsi deməkdir.
"Əvvəlcə, birinci müharibəni bir təhər yoluna qoymaq lazımdır, - deyə politoloq Aleksandr İskandaryan bildirir. - Odan danışmırıq ki, coğrafi vəziyyət tamamilə fərqlidir: Rusiya ilə Ermənistan arasında daha bir ölkə - Gürcüstan yerləşir, Ukrayna ilə isə Rusiya həmsərhəddir".
İskandaryanın fikrincə, Putinin bəyanatları qıcıqlanmanı nümayiş etdirir.
"Rusiyada "mühasirəyə alınmış qala" psixologiyası var. Rusiya öz maraq zonası hesab etdiyi postsovet ölkələrində baş verən hər hansı hadisəni özünə qarşı təhdid kimi görür. Avropa ilə, Avropa İttifaqı ilə, ümumiyyətlə Qərblə, Rusiyada "kollektiv Qərb" adlandırılan hər nədirsə, onunla istənilən qarşılıqlı əlaqə çox qısqanclıqla qarşılanır. Əsasən isə, düzdür, bu, müzakirələr səviyyəsində qalır", - deyə ekspert qeyd edir.

Şəklin mənbəyi, Sasha Mordovets/Getty Images
Rusiya hazırda çətin ki, təhlükəsizlik sahəsində Ermənistanı hədələyə bilsin, həmin vaxt keçib, deyə Aleksandr İskandaryan bildirir.
Onun fikrincə, 2020 və 2023-cü illər arasında bu vəziyyəti qeyri-mümkün edən bir neçə mühüm hadisə baş verib.
Birincisi, İkinci Qarabağ müharibəsi və ardınca Dağlıq Qarabağın erməni əhalisinin deportasiyası: həmin vaxt orada vəzifəsi bu insanların sağ qalmasını təmin etmək olan Rusiya sülhməramlıları var idi. "Heç nə edilmədi", - deyə İskandaryan yekun vurur.
Və ikincisi, əlbəttə ki, söhbət Rusiyanın Ukraynaya qarşı müharibəsindən gedir ki, bunun nəticəsində Ermənistan hazırda təhlükəsizlik sahəsində Rusiya ilə deyil, başqa tərəflərlə əməkdaşlıq edir.
"Ermənistan Rusiyadan silah almır. Ermənistan real olaraq KTMT-nin işində iştirak etmir", - deyə ekspert xatırladır.
Ermənistan KTMT-dən hələ 2023-cü ilin yanvarında, təşkilatın təlimlərini öz ərazisində keçirməkdən imtina etdikdə uzaqlaşmağa başlayıb.
Yerevan bunu onunla izah edirdi ki, KTMT Azərbaycanın hərəkətlərinə aydın qiymət verməyib və sərhəddəki gərginliklər zamanı Ermənistana kömək etməyib.
2024-cü ilin fevralında Paşinyan artıq birbaşa bəyan etdi ki, ölkənin KTMT-dəki iştirakı "dondurulub", çünki təşkilat, onun sözlərinə görə, Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməyib.
Hüquqi cəhətdən Yerevan KTMT-dən çıxmayıb, lakin o vaxtdan bəri onun yüksək səviyyəli işində demək olar ki, iştirak etmir və 2024-cü ildə blokun fəaliyyətini maliyyələşdirməkdən imtina edib.
Digər seçim
Yerevan Ermənistanın artıq indidən Aİ və AİB arasında seçim etməli olması ilə razı deyil.
Nikol Paşinyan bəyan edib ki, ölkə Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsini referenduma çıxarmaq niyyətində deyil: onun sözlərinə görə, bunun üçün "obyektiv zərurət" yoxdur.
O vurğulayıb ki, Ermənistan AİB üzvü olaraq qalır və birliyin tərəfdaşlarına hörmətlə yanaşır.
Paşinyanın mövqeyi ondan ibarətdir ki, Ermənistan Rusiya ilə qopma barədə səsverməyə çevirmədən Aİ ilə münasibətləri dərinləşdirə bilər.
Hətta ermənilərin Moskvadan həm Ukraynadakı müharibəyə, həm də Qarabağ böhranı zamanı Rusiyanın özünü aparma tərzinə görə güclü məyusluğu fonunda erməni baş nazir diplomatik cavab verib.
Hazırda onun qarşısında başqa vəzifə durur: bir aydan az vaxt qalmış seçkilərdə qalib gəlmək.
Ölkədə parlament seçkiləri iyunun 7-də keçirilməlidir: ermənilər Milli Məclisin yeni tərkibini seçirlər.
Paşinyan seçkilərə özünün "Mülki Müqavilə" partiyasının rəhbərliyi ilə gedir.
Onun kampaniyası Azərbaycanla sülh, daxili islahatlar və Qarabağı yenidən öz nəzarətinə qaytarmaq cəhdləri etmədən ölkənin mövcud beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olması ideyası üzərində qurulub.
Onun rəqibləri Baş naziri məğlubiyyətdə, Bakıya güzəştlərdə və Moskva ilə münasibətləri korlamaqda ittiham edirlər.
Paşinyanın bir neçə əsas rəqibi var.
Ən diqqətçəkən yeni layihələr arasında Rusiya-erməni milyarderi Samvel Karapetyanın ətrafında yaradılmış "Güclü Ermənistan" bloku var.
Karapetyan sərvətini Rusiyada qazanıb və Moskva ilə daha sıx münasibətlərin bərpasının tərəfdarıdır.
Hazırda o, hakimiyyətin qanunsuz ələ keçirilməsinə açıq çağırışlar və çirkli pulların yuyulması ittihamlarının yer aldığı iş üzrə ev dustaqlığındadır.
Karapetyan özü ittihamları rədd edir. Rusiya və Kipr vətəndaşlığına görə o, baş nazirliyə namizəd ola və ya parlamentə seçilə bilməz. Buna baxmayaraq, onun siyasi layihəsi Paşinyanı dəstəkləməyən elektorat üçün əsas yeni cazibə mərkəzlərindən birinə çevrilib.

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP via Getty Images
Aprelin 1-də Paşinyanla görüşdə Putin özü Ermənistanda rusiyayönümlü mövqe tutan "çoxlu siyasi qüvvələrin" olduğundan söz açdı və onların seçkilərdə iştirak edə biləcəyinə ümidvar olduğunu bildirdi.
O, həmçinin Rusiya pasportu olmasına baxmayaraq, "azadlıqdan məhrumetmə yerlərində" olan insanları xatırlatdı: bu, Samvel Karapetyana aşkar bir işarə idi.
Lakin təkcə Karapetyan Moskva ilə sıx əlaqələrdə üstünlük görmür. Köhnə müxalifət də var.
"Ermənistan" bloku seçkilərə keçmiş prezident Robert Köçəryan tərəfindən aparılır: o, əvvəlki dövrün ən tanınmış siyasətçilərindən biri və Paşinyanın köhnə rəqibidir.
Yarışda iş adamı Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası da iştirak edir.
Hər ikisi Rusiya ilə münasibətlərin bərpasının kursun təbii hissəsi olacağı siyasətçilər kimi qəbul edilir. Lakin onların problemi ondadır ki, erməni cəmiyyətinin əhəmiyyətli hissəsi üçün onlar təkcə Moskva ilə deyil, həm də 2018-ci ilin "məxməri inqilabı" nəticəsində dağılmış köhnə hakimiyyət sistemi ilə assosiasiya olunurlar.
Rusiya Ermənistanı "pis başa düşür"
Ekspert Areg Koçinyan Putinin seçkilərə bir ay qalmış verdiyi bəyanatları nəticələrə təsir etmək üçün birmənalı cəhd kimi qiymətləndirir.
"Lakin Rusiyada Ermənistanı, onun ictimai rəyini çox pis başa düşürlər. Və Putinin bəzi siyasi qüvvələrə verdiyi dəstək, hansı ki Kremldə həmin qüvvələrin imici üçün müsbət bir şey hesab olunur, əslində məhvedici təsirə malik oldu", - deyə Koçinyan bildirir.
Politoloq Aleksandr İskandaryan hesab edir ki, Rusiya və hətta Qərb tez-tez postsovet ölkələrini Qərb ilə Rusiya arasında mübarizə meydanı kimi təsəvvür edirlər və çox vaxt səhv edirlər.
Ekspert əmindir ki, siyasətçilər seçki kampaniyası zamanı hansı mövzulara toxunurlarsa toxunsunlar, onların Moskva və ya Brüssel barədə mübahisə etdiklərini düşünmək vəziyyəti həddindən artıq sadələşdirmək deməkdir.
Areg Koçinyan deyir ki, iyunun 7-də ermənilərin qarşısında eyni vaxtda üç sual dayanacaq və onlardan yalnız biri ölkənin getməli olduğu xarici siyasi kurs haqqındadır.
Lakin ən əsas seçim sülh siyasəti ilə müharibə siyasəti arasındakı seçimdir.
Paşinyan öz əsas rəqiblərini "müharibə partiyası", ölkəni geriyə - Rusiyadan asılılığa, Azərbaycanla münaqişəyə və köhnə elitalara qaytara biləcək qüvvələr kimi təqdim edir.
Müxalifət isə güzgü effekti ilə cavab verir: Paşinyanı onun kursunun yeni güzəştlərə, suverenliyin itirilməsinə və ölkənin əsas iqtisadi tərəfdaşı ilə təhlükəli qopmaya səbəb olmasında ittiham edir.
Lakin müxalifətin problemi həm də ondadır ki, onların gündəmi "nəyəsə tərəf" deyil, "nəyəsə qarşı" üzərində qurulub.

Şəklin mənbəyi, ANDREW CABALLERO-REYNOLDS/AFP via Getty Images
"Müxalifətçilər deyirlər ki, "Mülki Müqavilə" və şəxsən Paşinyan pisdirlər, bacarıqsızdırlar, xaindirlər, ölkəni idarə edə bilmirlər. Onlar isə yaxşıdırlar. Yaxşı, əgər hakimiyyətə "yaxşılar" gəlsə, onda nə edəcəklər?
Nədir, Azərbaycanla müharibəyə başlayacaqlar? Qarabağı geri alacaqlar? Ruslar buradan uçub gedəcək, yoxsa necə?
Paşinyanın primitiv, lakin sadə və anlaşıqlı bir gündəliyi var: "Biz sülh partiyasıyıq. Qalanları müharibə tərəfdarıdır. Və əgər bizdən başqa kimsə qalib gəlsə, müharibə olacaq". Və onun ikinci mövqeyi: 'Biz avropalaşmanın tərəfdarıyıq. Qalan hamı rusiyayönümlüdür'. Bu isə hazırda Ermənistanda çox yaxşı satılır, çünki Rusiyaya münasibət ən yaxşı səviyyədə deyil", - deyə Aleksandr İskandaryan izah edir.
Areg Koçinyan hazırda seçkilərin nəticələrini proqnozlaşdırmağa hazır deyil: "Paşinyanın dayağı yaşlı nəsildir. Gənclər isə əsasən müxalif ruhdadır və postmodern əhval-ruhiyyədədir - "nə həqiqət var, nə yalan, hər şey müqayisəli və nisbidir".
Müxtəlif qiymətləndirmələrə baxmayaraq, hər iki ekspert həmfikirdir ki, ölkə üçün qarşıdan gələn seçkilər Rusiya və ya Avropa İttifaqı haqqında deyil, ilk növbədə Ermənistan haqqındadır.
Ölkə geosiyasi düyünün mərkəzindədir: cənubda ABŞ və İsrailə qarşı duran İran. Şərqdə Azərbaycan. Qərbdə Bakını dəstəkləyən Türkiyə. Şimalda siyasi böhran səbəbindən özünün Avropa yolu faktiki olaraq dondurulmuş Gürcüstan.
Buna görə də Rusiyanın təhdidlərinə baxmayaraq, ermənilər seçkilərdə Vladimir Putinlə "boşanma ərizəsi vermək" məsələsini deyil, daha təxirəsalınmaz və aktual problemləri həll edəcəklər.


























