İlham Əliyev "casusluğa" görə həbs olunmuş fransalı Martin Ryanı əfv edib

Fransa vətəndaşı Martin Rayan (ortada) 6 yanvar 2025-ci ildə Bakıda casusluq ittihamı ilə keçirilən məhkəmə iclası zamanı əks olunub.

Şəklin mənbəyi, AFP via Getty Images

Çap edildi
Oxuma vaxtı: 3 dəq

Azərbaycan Prezidenti İlham Əliyev casusluğa görə məhkum edilmiş Fransa vətəndaşı Martin Ryanı əfv edib.

Onun adı sentyabrın 23-də imzalanan əfv sərəncamında yer alıb. O, artıq saxladığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb, yerli media yazıb.

İş adamı Martin Ryanın azadlığa buraxılması beynəlxalq medianın da diqqət mərkəzindədir.

Financial Times nəşri onun azadlığa çıxmasının iki rusiyalı oliqarxın adlarının sentyabrın 22-də Avropa İttifaqının sanksiyalar siyahısından çıxarılmasından sonra baş verdiyini yazıb.

Nəşr xüsusilə Alişir Usmanovun adının çıxarılmasını Fransa və Bakı arasında fransalı məhbusların azad edilməsinə dair gizli razılaşmanın bir hissəsi kimi izah edib.

Üç avropalı diplomat isə Reuters agentliyinə deyib ki, Paris qapalı şəkildə Bakının Azərbaycanda həbsdə saxlanan iki Fransa vətəndaşının işinə görə Usmanovdan istifadə etməsinə işarə edib.

Azərbaycanda bu iddialara reaksiya verilməyib. Adı çəkilməyən yüksək çinli Azərbaycan diplomatı bu iddiaları təkzib edib, Reuters agentliyi yazıb.

Məlumata görə, əvvəlcə Slovakiya Usmanovun adının siyahıdan çıxarılmasına çalışıb, Fransa isə sonradan milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək bu təşəbbüsü dəstəkləyib. Lakin rəsmi Paris bununla bağlı ətraflı məlumat verməyib.

Financial Times yazıb ki, Fransanın "gözlənilməz" tələbi Aİ diplomatlarını heyrətləndirib və onlardan biri bunu "təəccüblü" adlandırıb. Digər Aİ üzv dövlətlərinin rəsmiləri isə Fransanın israrı barədə məlumat paylaşmamasından şikayətləniblər, BBC Rusca yazıb.

Usmanov və Mixail Fridman 28 fevral 2022-ci ildən bəri Avropa sanksiya siyahısına düşüblər.

Avropa İttifaqının sanksiyalar barədə yeni qərarında həmçinin deyilir ki, Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq 3000 şirkət və şəxsə qarşı sanksiyalar üç il müddətinə uzadılsın.

Martin Ryanın həbsi və Fransa-Azərbaycan münasibətləri

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Martin Ryan 2023-cü ildə Bakıda casusluq ittihamı ilə həbs olunub.

France24 kanalının məlumatına görə, o, özünü bu ittiham üzrə təqsirli bilməyib.

Martin Ryanla bağlı məhkəmə prosesi 2025-ci ilin yanvarında başlayıb.

Azərbaycan Martin Ryandan başqa onunla əlaqəsi olduğunu dediyi iki Fransa diplomatını arzuolunmaz şəxs elan edərək ölkədən çıxarıb.

Fransa da cavab olaraq iki Azərbaycan diplomatını ölkədən çıxarıb.

2026-cı ilin martında məhkəmə Martin Ryan-a 10 il həbs cəzası verib. İyulda isə keçirilən appelyasiya məhkəməsində onun barəsində hökm qüvvədə qalıb.

Azərbaycan və Fransa arasında münasibətlər İkinci Qarabağ müharibəsindən sonra gərgin idi, çünki Fransa Ermənistanı dəstəkləyirdi. Fransa Azərbaycanı özünə aid adalarda xalq arasında aranı qızışdırmaqda ittiham edirdi.

Bu ilin mayında iki ölkənin prezidentləri görüşlər keçirmiş, siyasi münasibətlərdə yumşalma olduğu bildirilib.

2026-cı ilin yayında Fransa hökuməti Azərbaycanda həbs olunmuş Fransa vətəndaşı Martin Ryan-ın məhkum edilməsini "özbaşına hökm" kimi qiymətləndirib və onun azadlığa buraxılmasına çağırıb.

Sentyabrın 17-də Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü Pascal Confavreux ölkəsinin Azərbaycana səfər xəbərdarlığına toxunaraq tövsiyə edib ki, Fransa vətəndaşları zəruri hallar olmadıqda Bakıya getməsinlər. Sözçünün sözlərinə görə, Azərbaycana səfər onun təbirincə, "özbaşına həbs və ədalətsiz mühakimə riski yaradır".

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə onun bu açıqlamasını rədd edib və deyib ki, "Ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir".

Martin Ryan ilə əlaqəli olduğu deyilən Azərbaycan vətəndaşı Azad Məmmədli də "vətənə xəyanətdə" ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin sentyabrın 23-də imzalanan əfv sərəncamında Azad Məmmədlinin adı yer almayıb.