Əliyevdən etiraf: neft hasilatı azalır

Şəklin mənbəyi, president.az
- Müəllif, BBC Azərbaycanca redaksiyası
- Çap edildi
- Oxuma vaxtı: 3 dəq
Prezident İlham Əliyev bu həftə Azərbaycanın neft hasilatının struktur xarakterli azalma dövrünə daxil olduğunu açıq şəkildə etiraf edib.
O, ölkədə iqtisadi artımın zəif qalmasını əsasən köhnəlmiş neft yataqlarında hasilatın azalması ilə izah edib.
Bununla yanaşı o, yeni layihələrin və qeyri-neft sektorundakı artımın iqtisadiyyatı sabit saxlaya biləcəyini bildirib.
Etiraf nə idi?
Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafına həsr olunmuş müşavirədə çıxış edən Əliyev ölkə iqtisadiyyatının zəif artım tempinin əsas səbəbini birbaşa neft sektorunda görüb.
O, Azərbaycanın təxminən 30 ildir istismar olunan əsas neft yatağı "Azəri-Çıraq-Günəşli"də hasilatın azalmasının təbii və obyektiv proses olduğunu deyib.
Prezident problemi kiçiltməyə çalışmaq əvəzinə, onu hökumət üçün məlum və idarəolunan çağırış kimi təqdim edib. Onun sözlərinə görə, hasilatın azalmasının qarşısını almaq və prosesi sabitləşdirmək üçün iş aparılır.
Əliyev yeni layihələrin gələcəkdə neft hasilatını lazımi səviyyədə saxlayacağına və hətta artıra biləcəyinə ümid etdiyini də bildirib.
Bununla yanaşı, o, diqqəti başqa göstəriciyə yönəldib. Prezident qeyd edib ki, ümumi daxili məhsul cəmi 1,2 faiz artsa da, ilin ilk səkkiz ayında qeyri-neft sektoru 5,4 faiz böyüyüb. Onun fikrincə, iqtisadiyyatın gələcəyi baxımından məhz bu göstərici daha vacibdir.
Bu yeni xəbərdir?
Əliyevin sözləri yeni fakt açıqlamaqdan daha çox, uzun illərdir müşahidə olunan tendensiyanın rəsmi təsdiqi kimi qiymətləndirilə bilər.
Azərbaycanın neft hasilatı son illərdə tədricən azalır. Enerji analitiklərinin fikrincə, bunun əsas səbəbi yataqların köhnəlməsi və ehtiyatların tədricən tükənməsidir.
Başqa sözlə, söhbət ani böhrandan yox, uzunmüddətli struktur dəyişikliyindən gedir.
Əliyevin çıxışında diqqət çəkən məqam da məhz budur: ölkə rəhbərliyi iqtisadi artımın əvvəlki kimi neft hesabına təmin edilməsinin getdikcə çətinləşdiyini açıq şəkildə etiraf edir.
Yeni layihələr vəziyyəti dəyişə bilərmi?
Prezident yeni layihələrə nikbin yanaşır. Lakin müstəqil enerji ekspertləri bu məsələdə daha ehtiyatlı mövqe tuturlar.
Onların fikrincə, neft hasilatının azalması, ilk növbədə, geoloji səbəblərlə bağlıdır. Köhnə yataqlarda təbii azalma baş verdiyi üçün yüksək neft qiymətləri və ya əlavə investisiyalar həmişə hasilat artımına gətirib çıxarmır.
Bu baxımdan, yeni layihələrin azalmanı tam kompensasiya edib-etməyəcəyi açıq sual olaraq qalır.

Şəklin mənbəyi, president.az
Qaz nefti əvəz edə bilərmi?
Azərbaycan son illərdə qaz ixracına daha çox üstünlük verir.
Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz satışı genişlənib və alıcı ölkələrin sayı artıb. Hökumət qaz sektorunu iqtisadiyyat üçün yeni dayaqlardan biri kimi görür.
Ancaq qaz nefti tam əvəz etmir.
İlham Əliyev özü də daha əvvəl bildirib ki, qaz ixracından əldə olunan gəlirlər neft gəlirləri ilə müqayisədə xeyli aşağıdır.
Bu isə vacib məqama işarə edir: qeyri-neft sektorunda və qaz sənayesində artım olsa da, Azərbaycan iqtisadiyyatı və dövlət büdcəsi hələ də böyük ölçüdə karbohidrogen gəlirlərindən asılıdır.
Əliyevin etirazı
Neft hasilatındakı azalma Azərbaycan hakimiyyətinin beynəlxalq platformalarda verdiyi bəzi mesajlarla da üst-üstə düşür.
Əliyev son illər Azərbaycanın yalnız neft ölkəsi kimi təqdim edilməsinə etiraz edir, ölkənin bərpa olunan enerji layihələrinə investisiyalarını ön plana çıxarır.
Eyni zamanda hökumət iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişafını əsas prioritetlərdən biri kimi təqdim edir.
İlham Əliyevin açıqlaması yaxınlaşan iqtisadi böhran xəbərdarlığı deyil - bu, daha çox, Azərbaycanın əsas neft yataqlarında uzun illərdir davam edən hasilat azalmasının açıq şəkildə etirafıdır.
Bu çıxış həm də ölkə iqtisadiyyatının qarşısında duran əsas sualı yenidən gündəmə gətirir: Qeyri-neft sektoru və qaz sənayesi gələcəkdə neftin Azərbaycan iqtisadiyyatında oynadığı rolu nə dərəcədə əvəz edə biləcək?


























