Kosmos necə qoxuyur?

    • Müəllif, Katherine Latham
    • Vəzifə, BBC Future
  • Oxuma vaxtı: 8 dəq

Marina Barcenillanın təbirincə desək, Yupiter "bir az pis qoxulu bomba" kimidir.

Barcenilla Günəş sisteminin ən böyük planeti olan Yupiterin bir neçə bulud təbəqəsinə sahib olduğunu və hər təbəqənin fərqli kimyəvi tərkibi olduğunu izah edir. O, qoxunun "aşağıya endikcə daha da pisləşdiyini" bildirir.

Barcenilla deyir: "Yəqin ki, təzyiq sizi əzməzdən əvvəl ölməyi arzulayardınız".

"Ən üst bulud təbəqəsinin ammonyak buzundan ibarət olduğuna inanırıq", – deyən Barcenilla bu qoxunu pişik sidiyinə bənzədir.

"Sonra daha aşağı endikdə ammonyum sulfidlə qarşılaşırsınız. Bax, elə o zaman ammonyak və kükürd bir araya gəlir; bu, cəhənnəmdə hazırlanmış bir kombinasiyadır".

O, kükürdlü birləşmələrin çürük yumurta qoxusu ilə məşhur olduğunu da əlavə edir.

Barcenilla qeyd edir: "Daha dərinlərə enə bilsəydiniz, Yupiterin xarakterik zolaqları və burulğanları ilə qarşılaşardınız".

"Yupiterin qalın, rəngli bantları var. Bu rənglərin bəziləri ammonyak və fosfor püskürmələri ilə əmələ gəlmiş ola bilər".

Bundan əlavə, orada "tholin" adlanan və benzini xatırladan mürəkkəb üzvi molekullar da ola bilər. Barcenillanın təsvirinə görə, Yupiter həm də "sarımsaq partlayışı ilə müşayiət olunan yağlı bir neft" qoxusuna sahib ola bilər.

Barcenilla Britaniyanın paytaxtı Londondakı Vestminster Universitetində kosmosşünas, ətir dizayneri və astrobiologiya üzrə doktorantdır.

O bildirir ki, kainatı tədqiq etməyə başladığı ilk illərdə daim "Görəsən, bura necə qoxuyardı?" deyə maraqlanıb.

Daha sonra laboratoriyasında bu molekulların mövcud olduğunu və həmin qoxuları yarada biləcəyini fərq edib.

Bu səbəbdən akademik fəaliyyəti ilə yanaşı (Marsda həyat izlərini axtarmaq kimi), London Təbiət Tarixi Muzeyinin "Kosmos: Yer kürəsindən kənarda həyat ola bilərmi?" başlıqlı son sərgisi üçün kosmosun qoxusunu canlandıran ətirlər hazırlamaqla da məşğuldur.

O, çürük yumurta qoxusundan badamın şirin ətrinə qədər kosmosun təəccüblü dərəcədə qoxulu bir yer olduğunu deyir. Kometlər, planetlər, peyklər və qaz buludları – əgər burnumuzla iyləyə bilsəydik, hər birinin özünəməxsus qoxusu olardı. Bəs bu qoxular kainatın sirləri haqqında bizə nə deyə bilər?

Qoxu nədir?

Kosmosun qoxu dolu ləzzətlərini kəşf etməyə başlamazdan əvvəl, qoxunun əslində nə olduğuna qısaca toxunmaqda fayda var.

Qoxu, çox vaxt kifayət qədər diqqət mərkəzində olmasa da, ehtimal ki, duyğuların ən qədimidir.

Təxminən 3,5 milyard il əvvəl qədim okeanlarda üzən tək hüceyrəli bir orqanizmi – bir bakteriyanı təsəvvür edin. O, hər hansı bir kimyəvi maddəni, bəlkə ləzzətli bir qidanı və ya uzaq durmalı olduğu bir təhlükəni hiss etdikdə, "flagellum" adlanan quyruqşəkilli çıxıntısı pərvanə kimi işə düşər və bu kiçik canlının istiqamətini dəyişməsini təmin edərdi.

Ən qədim əcdadlarımız üçün bu ən ibtidai qoxubilmə duyğusu həyatla ölüm arasındakı fərq demək idi.

Bizim qoxubilmə duyğumuz da ətrafımızdakı kimyəvi maddələri qəbul etmə bacarığının daha inkişaf etmiş bir versiyasıdır.

Burunlarımızda milyonlarla xüsusi neyronlardan ibarət sıx sinir qrupları yerləşir və bu neyronlar kimo-qəbuledici və ya hemoreseptor adlanan molekullarla örtülmüşdür.

Bu molekullar hər hansı bir kimyəvi maddə ilə birləşdikdə beynimizə siqnal göndərir və bu da müəyyən bir qoxu kimi şərh olunur.

Bu qoxubilmə qabiliyyəti ətrafımızdakı kimyəvi maddələri aşkar etməyə imkan verir.

İnsanlar üçün qoxu sadəcə qidaları tanımaq və ya ətrafdakı təhlükələr barədə xəbərdarlıq etmək deyil; o, həmçinin xatirələri canlandırır və sosial ünsiyyətdə mühüm rol oynayır.

Milyonlarla illik təkamül prosesi ərzində qoxubilmə qabiliyyətimiz emosional rifahımızla birbaşa bağlı hala gəlib.

Tənhalıqda keçən uzun aylar ərzində astronavtlar üçün də bu duyğu evlə əlaqə qurmağın vacib bir yolu ola bilər. Lakin kosmik stansiya qoxular baxımından qəribə bir yer ola bilər.

Britaniyanın ilk astronavtı Helen Şarman (Helen Sharman) xatırlayır: "Aleksey Leonov [ilk kosmik yürüşü həyata keçirən şəxs] bütün xarici astronavtlara cavabdeh idi".

1991-ci il idi və Şarman Sovet kosmik stansiyası "Mir"-də səkkiz gün keçirməyə hazırlaşırdı. O, həmin anları təsvir edərkən Leonovun uçuşdan dərhal əvvəl ona "kiçik bir yovşan budağı uzatdığını" deyir.

Şarman "Mir" stansiyasında qaldığı müddətdə zaman-zaman yovşan yarpaqlarını əzərək onun adaçayına bənzəyən qoxusunu ətrafa yayırdı. "Çünki bir az qoxu hiss etmək xoş idi", – deyə o bildirir.

Şarmanın sözlərinə görə, "Mir" kosmik stansiyasında qoxu çox az idi. Mikroyerçəkimi şəraitində isti hava yuxarı qalxmadığı üçün "isti yeməklərin qoxusu boşqabdan yuxarı yayılmır". Qoxu hiss etməyin tək yolu isə "burnunuzu paketin içinə soxmaqdır".

Lakin kosmik stansiyada bir çox astronavtın kosmik yürüşlərdən sonra fərq etdiyi özünəməxsus bir qoxu var idi.

"Bu, uşaq ikən avtomobil təmiri sexlərinin yanından keçərkən hiss etdiyim bir qoxu kimi idi", – Şarman deyir.

"Havada qaynaq işləri görülürmüş kimi bir metal qoxusu alırdım."

Missiya zamanı Şarman kosmik gəmi istehsalında istifadə oluna biləcək potensial materiallar üzərində təcrübələr aparırdı.

"Əlimdə bir çox nazik təbəqələr var idi, əsasən keramikadan hazırlanmışdı. Onları bir çərçivəyə yerləşdirib kosmik stansiyanın ətrafındakı mühitə məruz qoymalı idim".

Nümunələri hava kilidindən geri içəri alanda qoxu qəfil yayıldı: kosmosun metalik qoxusu. "Bu, mənim ən sevdiyim təcrübə idi, çünki ondan qoxu gəlirdi".

Digər astronavtlar da bu qoxunu qızarmış ət, barıt və ya yanmış elektrik naqillərinə bənzətmişdilər.

Lakin bu qoxunun səbəbi hələ də sirr olaraq qalır.

Şarmanın fikrincə, mümkün izahlardan biri oksidləşmədir. "Kosmik stansiyanın ətrafındakı mühit demək olar ki, tam vakuumdur, lakin həmin hündürlükdə tam boşluq deyil", – o deyir.

"Atmosferdə atomik oksigen var", - Şarman əlavə edir.

Atomik oksigen, yəni tək oksigen atomları, astranavtın skafandrına və ya alətlərinə yapışa bilər. Kosmik stansiyaya geri qayıtdıqda, bu tək oksigen atomları kabinədəki O_2 ilə birləşib ozon (O_3) yaradır.

"Reaksiya baş verdiyi an həmin ozon qoxusunu alırsınız," – deyə Şarman qeyd edir.

Biz Yer kürəsində yaşayanlar da ozonun kəskin qoxusunu hiss edə bilərik. İldırım çaxandan dərhal sonra hiss etdiyiniz o metalik statik elektrik qoxusunu xatırlayırsınız? Bax, həmin qoxu ozondur.

Digər bir ehtimal isə bu idi ki, Şarman bir ulduzun can verən atomlarını nəfəsinə çəkib.

Bir ulduz öldükdə külli miqdarda enerji ifraz edir. Bu proses zamanı ulduz polisiklik aromatik hidrokarbonlar (PAH-lar) istehsal edir.

Şarman bunları "toyuq toruna bənzəyən molekullar" adlandırır; onlar kainatda dolaşaraq yeni kometlərin, planetlərin və ulduzların yaranmasına töhfə verirlər.

Yer kürəsində PAH-lar kömür, xam neft və benzin kimi qalıq yanacaqlarda tapılır və adətən, üzvi maddələrin natamam yanması zamanı yaranırlar.

Barcenilla deyir: "Yeməyinizi yandırsanız, məhz bu növ molekullar istehsal edərsiniz. Ulduzlar öldükdə, bu yanma prosesi eyni növ molekulları yaradır. Sonra onlar kosmosda sonsuzadək dolaşırlar".

Bu birləşmələrin bəziləri həlledici (solvent) və ya naftalin qoxusu verdiyi halda, digərləri yanan plastik və ya asfaltı xatırladan bir qoxu yayır.

Dondurma və nəfəs kəsən ammonyak qoxuları

Kosmosdan gələn məlumatlar hər cür formada ola bilər. Kosmosdan gələn ilk elmi məlumat 1958-ci ildə NASA-nın Explorer 1 peyki tərəfindən səs dalğaları şəklində ötürülüb.

2022-ci ilə gəldikdə isə NASA-nın James Webb Kosmik Teleskopu (JWST) ilk dəfə olaraq bir ekzoplanetin (bizim Günəş sistemimizdən kənarda yerləşən planet) – WASP-39 b-nin atmosferində karbon qazı (CO_2) aşkar etdi.

JWST bu karbon qazını bizim kimi iyləyərək deyil, planetin öz ulduzunun qarşısından keçərkən ulduz işığını necə dəyişdirdiyini izləyərək müəyyən etdi. İşığındakı incə dəyişiklikləri təhlil edərək, JWST yad dünyaların müxtəlif kimyəvi maddələrini təyin edə bilir.

Barcenilla "Kosmos nəhəngdir" deyir. Onun daxilində çox müxtəlif qoxulara malik dünyalar var. Saturnun ən böyük peyki olan Titanın atmosferinin kimyəvi analizləri göstərir ki, orada şirin badam, benzin və çürük balıq qoxusu var.

Digər tərəfdən, çürük yumurta qoxusu sizi Yerdən təxminən 64 işıq ili uzaqlıqda olan HD 189733 b planetini ziyarət etməkdən çəkindirə bilər.

Tədqiqatçıların fikrincə, Saman Yolu qalaktikasının spiral qolları boyunca dövr edən ulduzlararası toz buludları "çılğın dondurma və nəfəs kəsən ammonyak" qoxularını özündə birləşdirir.

Barcenilla həmçinin bildirir ki, qalaktikamızın mərkəzinə yaxın, qaz və tozdan ibarət nəhəng molekulyar bulud olan Sagittarius B2-də "həyat üçün zəruri olan bəzi prebiotik molekulların" qoxusunu duymaq olar.

"Orada etanol, metanol, aseton, hidrogen sulfid və antifriz kimi istifadə edə biləcəyiniz etilen qlikol kimi maddələr var".

Saman Yolunun mərkəzinə moruq qoxusu verən molekul kimi geniş şəkildə etil format göstərilsə də, Barcenillaya görə, bu tamamilə doğru deyil.

"Bu, sadəcə bir çox molekuldan biridir və onu təkbaşına iyləsəniz, moruq kimi qoxumaz".

Etil format müxtəlif meyvələrin tərkibində mövcuddur.

"O, moruğun qoxusundan deyil, dadından qismən məsuldur. Eyni zamanda digər meyvələrin də dadında payı var. Bu molekul həm də dırnaq boyası və ya lak təmizləyicisi, həmçinin yüngül spirtli, demək olar ki, romu xatırladan bir qoxu ilə əlaqələndirilir".

Barcenilla qeyd edir ki, kosmosdakı kimyəvi maddələri iyləmək bizə təkcə kainatın tərkibi haqqında həyati məlumatlar vermir, həm də həyat izlərini harada axtarmalı olduğumuz barədə siqnalları təqdim edir.

K2-18b planeti çürük kələm kimi qoxuyur

Kardiff Universitetinin astrofiziki Subhacit Sarkar deyir: "Əgər K2-18b planetində bir okean varsa, orada qayıqla gəzə bilsəniz və skafandrınızı çıxarsaydınız, orası çürük kələm kimi qoxuya bilərdi".

2023-cü ildə Sarkar, JWST-nin (James Webb Kosmik Teleskopu) köməyi ilə Yerdən təxminən 120 işıq ili uzaqlıqda yerləşən K2-18b planetində həyat qoxusu ola biləcək bir şeyi aşkar edən komandanın üzvü idi.

Teleskop, Sarkarın dediyi kimi, "ən zəif izləri" yaxaladı: Dimetil sulfid (DMS). Bu maddə bəzən "dəniz qoxusunu" yaradan əsas komponentlərdən biri hesab olunur.

"K2-18b bir çox cəhətdən maraqlıdır,"– Sarkar deyir, - O, 'Sub-Neptun' adlanan ekzoplanetlərin daha böyük bir qrupunun hissəsidir".

Yerdən böyük, lakin Neptundan kiçik olan bu planet növü qalaktikada ən geniş yayılanlardandır və bu qədər yayğın olmalarına baxmayaraq, onlar haqqında hələ də bir çox naməlum məqamlar var.

Sarkar deyir: "Sub-Neptunlarla bağlı böyük suallar var.

Niyə onlar bizim Günəş sistemimizdə yoxdurlar? Və onlar nədən ibarətdirlər?"

Onları daha yaxşı anlamağın yollarından biri, Sarkara görə, atmosferlərinə baxmaqdır. "K2-18b bu baxımdan yaxşı bir hədəf idi."

K2-18b nəzəri olaraq yaşanıla bilən okeanla örtülü "hycean" (hidrogen atmosferli və okeanlı) bir dünyadır.

2025-ci ildə Sarkar və həmkarları K2-18b-nin atmosferini yenidən təhlil etdikdə, həyatla bağlı ola biləcək atmosfer kimyəvi maddələrinin daha güclü izlərinə rast gəldilər; xüsusilə də fitoplankton və digər dəniz orqanizmlərinin istehsal etdiyi molekullara.

Tədqiqatçıların fikrincə, K2-18b-nin atmosferində DMS və/və ya dimetil disulfid (DMDS) ola bilər.

Sarkar qeyd edir: "Hazırda biz bu [kimyəvi maddələrin] böyük miqdarda qeyri-bioloji yollarla istehsal oluna biləcəyini bilmirik. Ən azından Yer kürəsində DMS və DMDS-nin bioloji yollarla yarandığı çox, lap çox aydındır. Bu baxımdan onlar kifayət qədər spesifik bio-imzalardır (həyat göstəriciləri)".

Sarkara görə, Yer atmosferində tapılanlardan 10 min dəfə daha sıx olan bu konsentrasiyalar K2-18b-nin "həyatla dolu bir okeana" sahib ola biləcəyini düşündürür.

Lakin o, bu kimyəvi maddələrin abiotik mənbələrdən də gələ biləcəyini və daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayır.

Yenə də o belə davam edir: "Əgər K2-18b həqiqətən yaşanıla bilən bir okean dünyasıdırsa, bu molekul mənzərəyə tam uyğun gəlir. Çünki Yer kürəsində dəniz həyatı ilə əlaqəli olan bu molekulu orada da potensial dəniz canlıları istehsal etmiş ola bilər".

Yəni kosmosa səyahət etməyə ehtiyac qalmadan, oranın necə qoxduğunu təcrübə etmək mümkün ola bilər. Kosmosun qoxularının çoxu bizə tanışdır və Yer kürəsində də mövcuddur. Barcenilla da daxil olmaqla bir neçə nəfər kosmosun qoxusunu yenidən yaratmağa çalışıb.

"Yerin qoxusuna bənzər heç nə yoxdur"

Təbiət Tarixi Muzeyindəki sərgidə Mars qoxusu kapsuluna burnumu yaxınlaşdırdıqda pas, toz və yüngül rütubət qoxusu alıram.

Bu qoxu bir xatirəni canlandırır: qarajın arxa küncü, vaxtilə sevilən kitablarla dolu karton qutuların və nəsillər əvvəlinə aid mebel parçalarının olduğu yer.

Tanış, uşaqlığa aid bir qoxu.

Lakin bəlkə də ən dəyərli qoxu xəzinəsi kosmosun dərinliklərində deyil, burada – Yer kürəsindədir. "Bizim öz planetimizin qoxusuna bənzər heç nə yoxdur," – Şarman deyir.

O, 1991-ci ildə evə qayıdışını hələ də çox canlı şəkildə xatırlayır:

"Mayın sonu idi, yəni hətta Orta Asiyada belə həmin gün torpaq tam quru deyildi."

Kosmik gəmi yerə enəndə bir neçə dəfə sıçradı və altındakı bitkiləri əzdi. "Qazaxıstandakı yovşan kollarının üzərinə endik", – deyə Şarman həmin günü xatırlayır:

"Qapaq açılanda içəri dolan təmiz hava möhtəşəm idi. Qoxu heyrətamiz idi, həqiqətən ləzzətli idi".