You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İran müharibəsi: "Tarixin ən böyük enerji böhranına giririk"
- Müəllif, Alexsey Kalmikov
- Vəzifə, BBC
- Oxuma vaxtı: 6 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Tarixin ən böyük qlobal enerji böhranı hələ yeni başlayır.
Nə müvəqqəti atəşkəs, nə də ABŞ və İsrailin İranla müharibəsinin başa çatması müharibədən əvvəlki ucuz neft və təbii qaz dövrünə qayıtmağımızı təmin edə bilməyəcək.
Böhrandan çıxış prosesi bir çox səbəbdən uzun və baha başa gələcək.
Altı əsas səbəb budur:
1. Neft qıtlığı hələ yeni başlayır
Bəsrə körfəzindən neft daşıyan bir tankerin alıcılara çatması bir ay və ya ay yarım vaxt aparır.
Müharibə tam bir ay yarım əvvəl başlayıb. Hörmüz boğazı bu müddət ərzində faktiki olaraq bağlı qaldığı üçün, dünya neft tədarükü çatışmazlığı ilə yalnız indi üzləşməyə başlayacaq.
"Aprel ayı mart ayından daha pis olacaq. Ən ehtiyatlı proqnozlara görə belə, təklif kəsiri iki dəfə artacaq", - Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol bildirib.
"Bu, inflyasiyaya və iqtisadi artımın yavaşlamasına səbəb olacaq. Və daha da pisləşə bilər. Tezliklə bir çox ölkədə enerji istehlakı kart sisteminə (norma ilə paylanmaya) keçə bilər", - o deyib.
Neft tankerləri ilkin mərhələdə müharibədən əvvəl ixrac etdikləri eyni miqdarda nefti boşaltmağa davam etsələr də, müharibə səbəbindən neft qiymətləri kəskin şəkildə yüksəldi.
İndi isə tədarük miqdarı fiziki olaraq azaldığı üçün, Hörmüz boğazı dərhal yenidən açılsa belə, qiymətlər böhrandan əvvəlki səviyyələrə düşməyəcək.
Hörmüz boğazı açılsa belə, ideal şərtlər daxilində tədarükün bərpası bir ay-ay yarım çəkə bilər.
Lakin reallıqda, ABŞ Enerji Nazirliyinin statistika idarəsinin son hesabatında neft qıtlığının 2026-cı ilin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.
Əslində, neft tədarükü həlli ən asan problemdir.
Qəti bir sülh əldə olunarsa, Səudiyyə Ərəbistanı və bölgədəki digər ölkələr istehsalı sürətlə artıra bilərlər.
Təbii qazda isə vəziyyət daha ağırdır.
2. Təbii qaz böhranı neft böhranından daha pisdir
Müharibədən əvvəl dünya, Rusiyanın Avropaya qarşı bir rıçaq kimi istifadə etdiyi və 2022-ci ildəki enerji böhranını tətikləyən boru kəməri qazından asılılıqdan qurtulmaq üçün aqressiv şəkildə mayeləşdirilmiş təbii qaza (LNG) keçməyə çalışırdı.
Kömürdən daha təmiz olan təbii qaz getdikcə ucuzlaşır və enerji istehlakındakı payı sürətlə artırdı.
İrandakı müharibə maye qaza yönəlməyin əslində nə qədər riskli olduğunu göstərdi.
Müharibədən əvvəl Bəsrə körfəzinin kiçik ölkəsi Qətər qlobal mayeləşdirilmiş təbii qaz tədarükünün 21 faizini və ya ümumi qaz tədarükünün təxminən 17faizini təmin edirdi.
Qətər qazının alternativi yoxdur.
IEA rəhbəri Birol deyir: "Qaz sənayesinin ümumi nüfuzu zərər gördü. Mayeləşdirilmiş təbii qaz etibarlı, münasib qiymətli və çevik bir seçim kimi təqdim olunmuşdu.
Lakin əvvəl 2022-ci ildə Rusiya qazı, indi isə Qətər qazı böhranı yaşandı".
Mayeləşdirilmiş qaz tədarükünü sürətlə əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayacaq. Qətərdən dəniz yolu ilə daşınma üçün alternativ marşrut yoxdur.
Neft ixracı isə Hörmüz boğazından yan keçə bilən quru boru kəmərləri ilə davam edir.
Bundan əlavə, gələcək qeyri-müəyyəndir və bu, qaz qiymətlərini yaxın aylarda yüksək saxlamağa davam edəcək.
Çünki Qətər müharibə səbəbindən yeni təbii qaz güclərinin istifadəyə verilməsini təxirə salıb və mövcud gücünün bir hissəsini itirib.
3. Obyektlərdəki dağıntıların təmiri
Hörmüz boğazını neft və qaz tankerləri üçün açmaq bir məsələdirsə, ay yarım davam edən bombardman nəticəsində zərər görmüş obyektlərdə istehsalı yenidən başlatmaq tamamilə başqa bir məsələdir.
IEA-nın məlumatına görə, Yaxın Şərq ölkələrindəki 40-dan çox neft və qaz obyekti müharibədə zərər görüb.
Ən ağır zərər Qətərin Ras Laffandakı təbii qaz kompleksinin bir hissəsində meydana gəldi. İran raketləri dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) müəssisəsinin 17 faizini sıradan çıxardı.
Bu növ müəssisələr xüsusi materiallarla inşa edilən nadir qurğulardır. Bu səbəbdən, Qətər rəsmilərinin bildirdiyinə görə, təmir işləri üç ildən beş ilə qədər davam edəcək.
Bənzər problemlər digər ölkələrdə də yaşanır.
İran PUA-ları BƏƏ, Küveyt və İraqdakı neft emalı zavodlarını, neft yataqlarını və digər enerji infrastrukturunu vurdu. Təmir işləri aylar çəkəcək və milyardlarla dollara başa gələcək.
Müharibədən əvvəl bu vəsait dünyanın enerji təchizatını artırmaq üçün ayrılmışdı. İndi isə dağılanların yenidən qurulmasına xərclənəcək və bu da uzun sürəcək böhranın dördüncü səbəbi olacaq.
4. Pul yoxdur
Müharibədən əvvəl Körfəz ölkələri dünyanın artan əhalisi və iqtisadiyyatların yüksələn enerji ehtiyaclarını qarşılamaq üçün istehsalı artırmağı planlaşdırırdı. İstehlakçı ölkələr kifayət qədər neft olacağını və təbii qaz tədarükünün artacağını gözləyirdilər.
Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, İran, Qətər və bölgədəki digər ölkələr artıq istehsalı artırmağa deyil, onu əvvəlki səviyyəyə qaytarmağa və silahlanmaya pul xərcləmək məcburiyyətində qalacaqlar.
İstehlakçılar da daha çox pul xərcləməli olacaqlar.
Həm enerji qiymətlərinin yüksəlməsi səbəbindən, həm də nüvə, günəş, külək, batareya və kömür kimi alternativlərə investisiya qoymaq üçün.
Bundan əlavə, ev təsərrüfatlarına və sənayeyə verilən subsidiyalara xərclənən vəsait də azalacaq.
Bundan əlavə, COVID-19 və Kremlə görə yaranan əvvəlki iki enerji böhranından fərqli bir vəziyyət var.
Bu dəfə istehlakçı ölkələrin indiki nəsillərə kömək etmək üçün gələcək nəsillərdən borc almaq imkanı daha azdır.
O vaxtlar inflyasiya, dövlət borcu və büdcə kəsirləri daha aşağı idi.
Bu dəfə rəsmilər ikiqat çətinliklə üzləşiblər.
Tempi azalan iqtisadi artım vergi gəlirlərini və buna görə də müəssisələri və ev təsərrüfatlarını subsidiyalarla dəstəkləmək qabiliyyətini məhdudlaşdırır.
Artan inflyasiya isə aşağı faiz dərəcələri ilə dəstək vermək imkanını ortadan qaldırır.
Üstəlik, bu böhran zamanı strateji neft ehtiyatlarının xərclənməsi ilə gələcək nəsillər artıq borclandırılıb.
Borcun ödənilməsi lazım gələcək və bu da beşinci problemdir.
5. Rezerv neft sonsuz deyil, yenilənməsi lazım olacaq
Qərbli istehlakçı ölkələr bazardakı neft qıtlığını yumşaltmaq üçün daha əvvəl görünməmiş bir müdaxilə etdilər.
Strateji ehtiyatlarından 400 milyon barel neft satmağa qərar verdilər.
Bunun sayəsində neft qiymətləri hələ ki, tələb-təklif disbalansının tələb etdiyi səviyyələrə yüksəlməyib.
Dünya gündə təxminən 105 milyon barel neft istehlak edir.
İran müharibəsi gündəlik 10-12 milyon barel Yaxın Şərq mənşəli neftin bazarlara çatmasına mane oldu.
Qərbin ehtiyatlarından xam neft satışı gündəlik 3-4 milyon barellik kəsiri kompensasiya etdi.
Çinin ehtiyatları və ABŞ-ın açıq dənizdəki İran və Rusiya neftinə tətbiq etdiyi sanksiyaları yumşaltması sayəsində bazara əlavə təklif təqdim olundu.
Bu müdaxilələrin dörd-beş ay davam etməsi planlaşdırılır. Bundan sonra, müəyyən bir məqamda ehtiyatların yenidən doldurulması lazım gələcək.
Donald Trump Rusiyanın Ukraynanı işğal etməsindən sonra yaşanan enerji böhranında ABŞ-ın neft ehtiyatlarının bir hissəsinin satılmasına görə sələfi Joe Biden tənqid etmişdi.
Ehtiyatları yeniləməyə söz versə də, bunu etmədi.
Bu dəfə ehtiyatlar təhlükəli səviyyələrə düşəcək və ABŞ, digər ölkələr kimi qiymətlərin ucuzlaşmasını gözləmədən tədricən ehtiyatları yeniləmək məcburiyyətində qalacaq.
Bu, həm hüquqi öhdəlik, həm də milli təhlükəsizliklə bağlı bir məsələdir. Strateji ehtiyatların yenidən doldurulması neft qiymətlərini daha da artıracaq və enerji böhranını uzadacaq.
6. Müharibənin qızışması
Yaxın illərdə Yaxın Şərqin etibarlı bir enerji mənbəyi olduğu qənaəti zəifləyəcək. Müharibə hələ bitməyib və ABŞ ilə İranın mövcud danışıq mövqelərinə baxsaq, münaqişə hər an yenidən alovlana bilər.
Müharibə tədarük təhlükəsizliyinə və etibarlılığına təsir etdi, risklərin yenidən qiymətləndirilməsini zəruri etdi, sığorta və nəqliyyat xərclərini artırdı.
ABŞ Enerji Nazirliyi xəbərdarlıq edir ki, bütün bunlar uzun müddət, hətta ucu açıq şəkildə son istehlakçıların ödəyəcəyi enerji qiymətlərində özünü göstərəcək.
Beynəlxalq Enerji Agentliyinin gələn il üçün təqdim etdiyi ən son enerji bazarları proqnozunda deyilir:
"Neft qiymətləri bu dövrdə artan risk mükafatını da əks etdirəcək. Hörmüz boğazı açıldıqdan sonra yığılıb qalmış problemlərin həlli vaxt aparacaq, gələcəkdə baş verə biləcək fasilə ehtimalı risk faktoru kimi qalacaq və neft qiymətlərinə təsir edəcək".
Problem yalnız Hörmüz boğazı ilə məhdudlaşmır.
Yəməndəki husi qüvvələri Qırmızı dənizi təhdid etməyə davam edir və okeanlarda iranpərəst ölkələr və qruplar tərəfindən hədəf alına biləcək bir çox başqa keçid nöqtələri də mövcuddur.
1970-ci illərdəki böyük neft böhranından sonra neft istehlak edən varlı ölkələrin qurduğu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirir ki, dünya İran müharibəsini çox sakit qarşılayıb.
O vaxtlar neft qıtlığı inflyasiyaya, həyat standartlarının düşməsinə, sosial və siyasi iğtişaşlara səbəb olmuşdu.
Birol bu dəfə vəziyyətin daha da pis ola biləcəyindən narahatdır.
Müharibənin ilk üç həftəsində Birol danışmırdı= və tabeliyində olanlara şərh verməkdən çəkinmək barədə göstəriş vermişdi.
Lakin son iki həftədir ki, öz mesajını hər kəsə çatdırmağa çalışır.
"Avropadakı və dünyanın dörd bir yanındakı rəsmilərin problemin miqyasını və təkcə enerji sektoru baxımından deyil, qlobal iqtisadiyyat baxımından nəticələrini lazımi dərəcədə qiymətləndirmədiklərini fərq etdim. Buna görə də, vəziyyətin nə qədər ciddi olduğunu anlamaları üçün onlarla bəzi statistikaları bölüşmək qərarına gəldim".
"Tarixin ən böyük enerji böhranına giririk".