İran Hörmüz boğazını "yenidən bağlayıb", dövlət mediası bildirib

gəmi Hormüz

Şəklin mənbəyi, Reuters

Oxuma vaxtı: 2 dəq

ABŞ və İran arasında atəşkəsin 11-cu günündə Yaxın Şərqdə gərginlik davam edir:

  • İran ordusunun Hörmüz boğazına nəzarəti bərpa etdiyi bildirilir.
  • İran rəsmisi deyib ki, ABŞ İranın dənizdən blokadasını davam etdirərsə, Hormüz boğazı "açıq qalmayacaq"
  • ABŞ Mərkəzi Komandanlığı blokada zamanı "21 gəmini İrana qayıtmağa məcbur edib"

Bu və digər xəbərləri aşağıda oxuyun.

Hörmüz boğazı "əvvəlki vəziyyətinə qayıdacaq"

Aprelin 18-də İran dövlət mediası yazıb ki, İran ordusu Hörmüz boğazına nəzarəti bərpa etdiyini bildirib.

Hakimiyyətə bağlı xəbər agentlikləri İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən yazıblar ki, Hörmüz boğazı əraziyə silahlı qüvvələrin nəzarət etdiyi "əvvəlki vəziyyətinə" qayıdacaq.

Hərbi bəyanatda SEPAH ABŞ-ı "piratçılıqda" ittiham edir və onun "sözdə blokada"sının dəniz quldurluğuna bərabər olduğu bildirilir.

İran ABŞ limanlarını blokada etməyə davam edərsə, boğazı bağlayacağını bildirmişdi.

BBC MarineTraffic-ə əsasən yazır ki, bir neçə gəminin istiqamətini dəyişdiyi görünür.

MarineTraffic izləmə saytında "Minerva Europi" gəmisinin mənşəyinə qayıtmaq üçün geri döndüyü görünür.

İran xəbərdarlıq edib: ABŞ blokadası davam edərsə, Hörmüz boğazı "açıq qalmayacaq"

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib ki, ABŞ İranın dənizdən blokadasını davam etdirərsə, Hormüz boğazı "açıq qalmayacaq".

Aprelin 17-də İranın xarici işlər naziri Abbas Əraqçı bildirmişdi ki, ABŞ-la əldə edilən atəşkəs bitənə qədər Hörmüz boğazı açıqdı.

ABŞ Prezidenti Donald Trump bunu təqdir etmişdi.

Fevralın 28-də ABŞ və İsrailin İranla müharibəyə başladığından günlər sonra İran Hörmüz boğazından gəmilərin keçidinə maneə yaratmışdı.

Məhəmməd Bağır Qalibaf X hesabında yazıb ki, Donald Tramp "bir saat ərzində yeddi iddia irəli sürüb və bunların yeddisi də yalan"dır.

Qalibaf əlavə edib ki, "Onlar [ABŞ] müharibəni qazana bilmədilər və bu yalanlarla danışıqlarda heç bir nəticə əldə edə bilməyəcəklər".

O, İslamabadda ABŞ-la danışıqlar aparan İran nümayəndə heyətinə rəhbərlik edir.

"21 gəmi geri göndərilib"

Donald Tramp ABŞ-ın İran limanlarına qarşı dəniz blokadasının ABŞ-İran tam razılaşması əldə olunana qədər qüvvədə qalacağını bildirib.

ABŞ Mərkəzi Komandanlığı 13 apreldə başlayan blokadanın indiyə qədər 21 gəmini geri dönməyə və İrana qayıtmağa məcbur etdiyini bildirir.

MarineTraffic izləmə saytının məlumatları göstərir ki, gəmilər Hörmüz boğazından hərəkət edir.

Saytın məlumatına görə, neft, mayeləşdirilmiş neft qazı və kimyəvi maddələr daşımaq üçün nəzərdə tutulmuş gəmilərin də daxil olduğu bir neçə gəmi əsas dəniz dəhlizindən keçir.