İtirilmiş dişlər yenidən çıxa bilər: alimlər bunun üçün çalışırlar

Şəklin mənbəyi, BBC/ Serenity Strull
- Müəllif, Sarah Sloat
- Vəzifə, BBC Future
- Çap edildi
- Oxuma vaxtı: 6 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Dişlər sağlamlığımızda çox adamın fərqinə vardığından daha böyük rol oynasa da, diş itkisinə qarşı mövcud həll yolları müvəqqəti və qeyri-kafidir.
Bəs dişlərimiz yenidən çıxa bilsəydi, necə olardı?
Araşdırmalara görə, böyüklərin 70%-dən çoxu stomatoloqa getməkdən qorxur. Plomblama və diş yonma əməliyyatlarına dair həyəcan və qorxular gündəlik təmizlik və qulluğun axsamasına səbəb ola bilir.
Biokimyaçı Hannele Ruohola-Baker düşmüş və çıxarılmış dişlərinin yenidən çıxmasına kömək edilməsini istəyən və diş kliniki sınaqlarında iştirak etmək üçün, adətən, yalvaran insanlardan, demək olar, hər gün elektron məktub aldığını bildirir.
Ruohola-Baker dünyada sayı getdikcə artan milyonlarla dişsiz insanın və diş ağrısından əziyyət çəkənlərin müalicəsində ənənəvi stomatologiya üsulları əvəzinə regenerativ təbabətin gücündən yararlanmağa çalışan alimlərdən biridir.
Bu yanaşma gerçəkləşəcəyi təqdirdə, gələcəkdə stomatoloq qəbulu zədələnmiş diş toxumasını bərpa etməyi, hətta bütün bir dişi sıfırdan yenidən yetişdirməyi əhatə edə bilər.
Bu ehtimal yalnız yenilikçi olduğu üçün deyil, həm də dişlərin ümumi sağlamlıq və həyat keyfiyyətində çox insanın təxmin etdiyindən daha böyük rol oynaması səbəbindən böyük maraq doğurur.
ABŞ-ın Vaşinqton universitetinin Kök Hüceyrə və Regenerativ Təbabət İnstitutunun direktor müavini Ruohola-Baker deyir:
"Bu işə başlayanda mənim üçün aydın olan bir şey var idi. İnsanlar stomatologiyada yeniliklərə tamamilə hazırdırlar".
Ağzınızı açın
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
ABŞ-ın Tsafts Universiteti Stomatologiya Fakültəsinin professoru Pamela Yelick dişlərin "dünyaya açılan pəncərə" olduğunu bildirir.
"Ağzınızı açmaqdan çəkinirsinizsə və ya düzgün qidalana bilmirsinizsə, bu vəziyyət sağlamlığınızı sürətlə mənfiyə doğru aparar".
Yelick keçmişdə "ağız sağlamlığının ümumi sağlamlıq baxımından əhəmiyyətinin" kifayət qədər dərk edilmədiyini vurğulayır.
Günümüzdə isə diş əti xəstəliklərinə yol açan bakteriyalar kimi, ağız və diş sağlamlığı problemlərinin ürək xəstəlikləri və tənəffüs yolu infeksiyaları riskini artıra biləcəyi daha aydın şəkildə anlaşılır.
Hətta bu problemlər Altsheymer xəstəliyi ilə də əlaqələndirilir.
Diş itkisi isə xəstələnmə hallarının artması və daha tez ölüm riski ilə əlaqəli görünür. Diş əskikliyi yemək, çeynəmək və gülümsəmək qabiliyyətinə birbaşa təsir edərək fərd üzərində sosial və emosional baxımdan ağır yük yarada bilir.
Bu mənfi dövriyyə hətta uşaqlıq illərindən başlaya bilər.
Xoşbəxtlikdən stomatoloqların bu vəziyyətə qarşı təklif etdiyi müxtəlif həll yolları var.
Karies zədələnmiş toxumanın təmizlənib yaranan boşluğun kompozit qətran kimi sintetik materiallarla doldurulması ilə müalicə olunur. Bundan əlavə, kiçik sınıq və çatların bərpasında da plomblama üsullarına müraciət edilir.

Şəklin mənbəyi, BBC/ Serenity Strull
Ancaq bunlar qüsursuz həllər deyil.
Məsələn, plombların davamlılığı böyük fərqliliklər göstərə bilir və təxminən 5 ildən 20 ilə qədər dəyişən müddətlərdə istifadə oluna bilir.
ABŞ-dakı İllinoys Universiteti Çikaqo Kampusunda professor olan Anne George-a görə, insanların bu cür prosedurlar səbəbindən təkrar-təkrar müalicə almaq məcburiyyətində qalması da geniş yayılmış bir haldır.
George-a görə, bunun səbəbi bu üsulların əsasən "bioloji funksiyanı yenidən qazandırmaqdan ziyadə zədəni bərpa etməyə" çalışmasıdır.
"Regenerativ stomatologiya isə təfəkkür dəyişikliyinə səbəb ola bilər, çünki sağalmaya diqqət yetirir".
Öz-özünə dolan karieslər
George karieslərin "dişi məhv edən ən geniş yayılmış amil" olduğunu bildirir.
Dişlər dörd əsas təbəqədən ibarətdir: mina, dentin, sement və dişin özü.
Karieslər diş ərpindəki bakteriyaların şəkərlərlə qidalanıb zamanla ilk təbəqə olan diş minasını əridən turşular istehsal etməsi ilə əmələ gəlir.
Dentin minanın altında yerləşən daha yumşaq təbəqədir və çürüməyə qarşı daha az davamlıdır. Mina zədə görüb dentin üzə çıxdıqda karies riski daha da artır.
George dentinin böyüməsinə, minerallaşmasına və özünü bərpa etməsinə kömək edən zülallar üzərində tədqiqatlar aparır.
O, həmçinin dentinin əmələ gəlməsinə kömək edən genlərdən birinin klonlandığı komandanın da tərkibində idi.
Bu tədqiqat sayəsində dişlərin bu toxumanı necə yaratdığı və qoruduğuna dair mexanizmlər daha yaxşı anlaşıldı.
George-a görə bu məlumat, zədələnmiş dişlərin karies mənşəli zərəri yeni dentin əmələ gətirərək bərpa etməsini təşviq edən yeni müalicələrə yol aça bilər və beləliklə, boşluqları doldurmaq üçün ənənəvi plomblara olan ehtiyac aradan qalxa bilər.

Şəklin mənbəyi, BBC/ Serenity Strull
Ruohola-Baker və komandası da "canlı plomblar" üzərində işləyir. Lakin bunlar dentin əvəzinə daha çox minaya əsaslanır.
Klinikaya bağışlanmış ağıl dişləri üzərində tədqiqat aparan alim minanı formalaşdıran xüsusi hüceyrələrin, yəni ameloblastların insan dişi çıxdıqdan sonra öldüyünü və bu səbəbdən diş yarandıqdan sonra yenidən stimullaşdırıla bilmədiyini müəyyən etdi.
Bunun əvəzinə komanda bəzi kök hüceyrələri ameloblasta çevirmək üçün kimyəvi siqnallardan istifadə etdi və digər kök hüceyrələrin də dentin istehsal edən hüceyrələrə - odontoblastlara çevrilməsini təmin etdi.
Laboratoriya şəraitində bir araya gətirilən bu komponentlər öz-özünə mina zülalları ifraz edən diş organoidi istehsal etdi.
Ruohola-Baker gələcəkdə bu mina zülallarının plomb hazırlanmasında istifadə oluna biləcəyini və ya çatlamış dişlərin üzərinə tətbiq edilə biləcəyini proqnozlaşdırır.
Lakin onun uzunmüddətli hədəfi tamamilə laboratoriyada yetişdirilmiş diş yaratmaqdır.
O, son nəticədə bir dişi formalaşdırmaq üçün lazım olan mühəndislik məhsulu olan hüceyrələri xəstənin ağzına yerləşdirmək və ardından "gerisini təbiətin öhdəsinə buraxmaq" istədiyini bildirir.
Diş necə çıxarılır?
Bir dişdə çoxlu sayda karies və irəliləmiş dərəcədə zədələnmə varsa, ən yaxşı və ən asan müalicə onu çəkmək və yerinə implant yerləşdirmək ola bilər.
İmplant implant vidasından, protezdən və bu ikisi arasında əlaqə yaradan ara hissədən ibarətdir.
Lakin implantlar çeynəmə zamanı hiss etməni təmin edən sinirlərə malik deyil. Bu səbəbdən insan fərqində olmadan çox bərk dişləyə və implantın çatlamasına yol aça bilər.
Bakteriyalar implanta yapışa bilər və bu vəziyyət qalan sağlam dişlərə təsir göstərə bilən bir narahatlığa səbəb ola bilər. Süni tacların (kronların) təxminən 15 ildən bir dəyişdirilməsi tələb olunur və bu, kifayət qədər baha başa gələ bilər.
Böyük Britaniyadakı London King Kollecində regenerativ stomatologiya direktoru olan Ana Angelova Volponiyə görə, tamamilə laboratoriyada yetişdirilən dişlər implantlarla müqayisədə daha davamlı bir həll yolu ola bilər.
Dişə çevrilmə qabiliyyətinə malik organoid üzərində də işləyən Volponi qeyd edir:
"[Beləliklə] yalnız zədələnmiş hissəni bərpa etməyə çalışmaq əvəzinə, onu bioloji olaraq əvəzləyə bilərik".
Volponinin komandası böyüklərin diş əti toxumasından alınan hüceyrələrin siçanlardan alınan dişdüzəldici hüceyrələrlə birləşdirildikdə canlı və inkişaf etməkdə olan köklərə malik hibrid insan-siçan "diş strukturu" istehsal edə bildiyini üzə çıxardı.
İndi isə o bu cür diş formalaşmasını təmin edən təlimatları yenidən həyata keçirməyin yolları üzərində işləyir.
Bundan əlavə, bu hüceyrələrin nizamlı və funksional bir dişə çevriləcək şəkildə bir araya gəlməsinə kömək edə bilən mühəndislik məhsulu biomaterialları hazırlayır.
Əfsus ki, bu proses təbii olaraq baş vermir.
Bəzi başqa heyvanlardan fərqli olaraq, insanlar yetkin dişlərini itirdikdən sonra davamlı olaraq yeni diş istehsal edə bilmirlər.
Köpəkbalıqları isə dişlərini fasiləsiz yeniləyə bilirlər. Kenguruların birdən çox azı dişi dəsti var; fillərdə də vəziyyət eynidir.
Donuzların da özünəməxsus bioloji xüsusiyyəti mövcuddur: çənələrində hələ çıxmamış birdən çox yetkin diş rüşeymi dəsti yerləşir.
Yelick-in insan və donuz diş hüceyrələrinin kombinasiyasından istifadə edərək yetkin Yucatán minidonuzlarında insandakına bənzər dişlər yetişdirməsinə imkan verən də məhz bu qeyri-adi xüsusiyyət oldu.
Komanda insan dişlərindən dentin yaratmaq qabiliyyətinə malik hüceyrələri və qəssabxanadan atılmış donuz çənələrindəki hələ çıxmamış dişlərdən mina əmələ gətirən hüceyrələri topladı.
Yelick, "Donuz kəsilsə belə, çənəsində başqa bir dişi formalaşdırmağa hazırlaşan diş rüşeymləri qalır", - deyir.
Tədqiqatçılar hüceyrələri laboratoriyada çoxaltdıqdan sonra, onları inkişaf etməkdə olan dişi təqlid edəcək şəkildə hazırlanmış biomühəndislik karkası üzərində birləşdirdilər.
Üç ayın sonunda təbii donuz dişlərinin inkişaf sürətinə yaxın bir tempdə dişəbənzər strukturlar formalaşdı.
"Bu, üsulun həqiqətən işə yaraya biləcəyini göstərən konseptual bir sübut idi... Diş problemlərini həll etmək üçün naçar qalıb kömək istəyən çoxlu insan bizimlə əlaqə saxladı", - deyə Yelick bildirir.
Hazırda o, təcrübənin daha uzun müddət ərzində və birbaşa donuz çənəsinin daxilində həyata keçirilməsi üzərində işləyir.
Yelick və komandası son nəticədə heç bir donuz hüceyrəsindən istifadə etmədən, hüceyrələrin insanın ağzında diş formalaşdıra bilməsini hədəfləyir.
Laboratoriyadan stomatoloq kreslosuna
Tələbat yüksək olsa da, öz-özünə bərpa olunan karieslərin və ya laboratoriyada yetişdirilmiş dişlərin insan müalicəsində tətbiq edilməsinə hələ illər var.
Ruohola-Baker insanlardan əvvəl primatlar üzərində sınaqların aparılmasının vacibliyini vurğulayır.
Bunun üçün daha çox tədqiqat, zaman və maliyyə tələb olunacaq. Bundan əlavə, laboratoriyada yetişdirilən dişlərin insan ağzına yerləşdirilə bilməsi üçün tədqiqatçılar dişin inkişafına daha əlverişli mühit yaratmalıdırlar.
Bu arada, regenerativ stomatologiyadan əldə edilən biliklər orqanlar və sümüklər kimi bədənin müxtəlif hissələrinin yenidən bərpasına yönəlmiş daha genişmiqyaslı işlərə də töhfə verə bilər.
Yelick-in sözlərinə görə, dişlər "son dərəcə mürəkkəb canlı orqanlar" olduğu üçün onları laboratoriya mühitində yenidən yaratmaq cəhdləri alimlərə bərk və yumşaq toxumaların ən təməl səviyyədə necə birgə işlədiyini öyrədir.
Bu irəliləyişlərin yaxın vaxtlarda baş verəcəyi gözlənilməsə də, Volponi təhlükəsiz və davamlı regenerativ stomatologiya həllərinin nəhayət ictimaiyyətə təqdim olunacağına əmindir:
"Mən gələcəyi burada görürəm. Necə formalaşacağı hələ tam aydın olmasa da, ümidvericidir".


























