"Tanrının qulları". Hindistanlı qızlar necə cinsi istismar tələsinə düşürlər

Şəklin mənbəyi, Sakhi Trust
- Müəllif, Svaminatan Nataracan
- Vəzifə, BBC Dünya Xidməti
- Oxuma vaxtı: 6 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
"Seks işi mənə çox pis təsir edib. Bədənim çox zəifləyib, psixoloji olaraq çökmüşəm", - Çandrika deyir.
Çandrika (məxfilik səbəbilə adı dəyişdirilib) üçün seks industriyasında işləmək dini mərasimlə başlamışdı. Onu 15 yaşında məbədə aparmış və təntənəli şəkildə tanrıça ilə "evləndirmişdilər".
"O vaxt bu mərasimin nə demək olduğunu anlamırdım," — deyə o, BBC-yə danışır.
İndi 30 yaşlarında olan Çandrika artıq 20 ilə yaxındır ki, pul qarşılığında sekslə məşğuldur.
Tanrıların "arvadı"ndan fahişəyə

Hindistanın cənubundakı Karnataka ştatının hakimiyyəti Çandrika kimi deva-dasi ayinindən sonra seks industriyasına düşən insanları müəyyənləşdirmək üçün sorğu keçirməyə başlayıb.
Deva-dasi ənənəsi, yəni "tanrının qulları" sistemi Cənubi Hindistanda min ildən çox əvvəl yaranıb. Əvvəllər deva-dasilər məbədlərdə çıxış edir, mahnı və rəqs kimi müqəddəs ayinləri həyata keçirməklə məşhur idilər. Lakin zaman keçdikcə bu sistem qanuniləşdirilmiş fahişəlik formasına çevrildi.
Hindistanın bir çox bölgəsində deva-dasi ənənəsinə qadağalar hələ ingilislərin müstəmləkə dövründə tətbiq olunmağa başlasa da, Karnataka bu ənənəyə nisbətən gec — yalnız 1982-ci ildə rəsmi qadağa qoydu. Qadağaya baxmayaraq, bu ənənə bu günə qədər yaşayır.
Kəndlərdə deva-dasilər bir kişi ilə daimi yaşaya bilər, amma eyni zamanda müştəriləri də qəbul edirlər. Ancaq çoxları Mumbay kimi böyük şəhərlərə köçərək orada fahişəxanalarda işləməyə başlayır.
"Nə yeyə, nə yata bilirdim"
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Belqaum şəhərində keçirilən təqdis mərasimindən sonra Çandrika evinə qayıtmış və tamamilə adi həyat sürməyə davam etmişdi. Lakin dörd il sonra qohumlarından biri onu guya ev xidmətçisi işinə düzəldəcəyini vəd etdi. Əvəzində onu sənaye şəhəri olan Sanqliyə aparıb fahişəxanada qoydu.
"İlk aylar çox çətin idi. Özümü çox pis hiss edirdim. Nə yeyə, nə yata bilirdim," — deyə Çandrika xatırlayır. — "Qaçmağı düşünürdüm, amma tədricən vəziyyətlə barışdım."
O zaman Çandrikanın cəmi 19 yaşı var idi. Təhsili az idi, Sanqlidə danışılan hindi və marathi dillərini isə zəif bilirdi.
"Bəzi müştərilər mənə qarşı fiziki zorakılıq göstərirdilər, bəziləri isə təhqir edirdilər. Bununla necə öhdəsindən gələcəyimi bilmirdim" — deyə o davam edir.
Fahişəxananın müştəriləri arasında sürücülər, fəhlələr, tələbələr və hüquqşünaslar da var idi.
Orada o, gələcək partnyoru — yerli yük maşını sürücüsü ilə tanış oldu. Cütlüyün bir qızı və bir oğlu dünyaya gəldi. Bu müddət ərzində Çandrika işləməyə davam edib, günə 10–15 müştəri qəbul edib, uşaqlara isə partnyoru baxıb.
İkinci uşağın doğulmasından bir neçə il sonra partnyoru avtomobil qəzasında həlak oldu və Çandrika Belqauma qayıtdı. O, BBC ilə Belqaumdan - tərcüməçi vasitəsilə danışıb.
"Kişilər bizə evlənmək üçün gəlmirlər"

Şəklin mənbəyi, Sakhi Trust
Bütün deva-dasilər fahişəxanalarda işləmirlər — bəziləri, ümumiyyətlə, seks işçisi deyillər.
23 yaşlı əmiqızları Ankita və Şilpa Hindistanın Karnataka ştatının şimalındakı bir kənddə yaşayırlar. Çandrika kimi onlar da Hindistanda ciddi ayrı-seçkiliyə məruz qalan toxunulmazlar kastasına mənsubdurlar.
Şilpa cəmi bir il məktəbə gedib, sonra oxumağı buraxıb və 20 yaşında təqdis mərasimindən keçib. Ankita isə təxminən 15 yaşına qədər oxuyub. O, 21 yaşına çatanda valideynləri onun üçün bu mərasimi təşkil etdilər. Daha sonra Ankitanın qardaşı öldü və valideynləri onu deva-dasi olmağa məcbur etdilər.
"Valideynlərim dedilər ki, məni tanrıçalara həsr etmək istəyirlər. Mən imtina etdim. Bir həftə sonra onlar mənə yemək verməyi dayandırdılar," —Ankita deyir.
"Özümü çox pis hiss edirdim, amma ailəmin xatirinə razılaşdım. Gəlin kimi geyindim və tanrıça ilə "evləndim"."
Ankita bu birliyin simvolu olan ağ mirvarilərdən və qırmızı muncuqlardan ibarət boyunbağı taxır.
Nə Ankitanın anası, nə də nənəsi deva-dasi olub. Ailənin kiçik torpaq sahəsi var, lakin bu, onların dolanışığı üçün kifayət deyil.
"Biz qorxuruq ki, əgər heç kim tanrıçaya həsr olunmasa, o, bizi lənətləyəcək," — Ankita deyir.
Deva-dasilərə evlənmək qadağandır, lakin onların daimi münasibətləri ola bilər. Onlara yaxınlaşan kişilər çox vaxt başqa qadınlarla evli olurlar.
Ankita isə bütün kişilərin yaxınlaşma cəhdlərini rədd edir və gündə təxminən dörd dollar qazanaraq tarlada işləyir.

Şəklin mənbəyi, Sakhi Trust
Şilpanın həyat yolu ilə başqa cür olub.
Təqdis mərasimindən sonra o, əmək miqrantı olan bir kişi ilə münasibətə başlayıb.
"O yanıma gəldi, çünki bilirdi ki, mən deva-dasiyəm," — deyə Şilpa danışır.
Bir çox digər deva-dasi qadınlarda olduğu kimi, onun partnyoru da Şilpanın evində yaşayırdı.
"Bir neçə ay sonra hamilə qaldım. Bu müddət ərzində o, mənə cəmi 3000 rupi (təxminən 35 dollar) verdi. Mən ona hamilə olduğumu deyəndə heç bir reaksiya göstərmədi və bir gün sadəcə yoxa çıxdı."
O vaxt Şilpa artıq hamiləliyin üçüncü ayında idi və özünü itirmiş kimi oldu.
"Ona zəng etməyə çalışdım, amma telefonu bağlı idi. Onun haralı olduğunu belə bilmirəm."
Şilpa polisə müraciət etməyib.
"Kişilər bizə evlənmək üçün gəlmirlər," — o deyir.
Yoxsulluq və istismar

Şəklin mənbəyi, Sakhi Trust
Yerli qeyri-kommersiya təşkilatı Sakhi Trustun direktoru Doktor M. Bhagyalakşmi artıq 20 ildən çoxdur ki, deva-dasi qadınlarla işləyir. Onun sözlərinə görə, rəsmi qadağaya baxmayaraq, qızların tanrıçalara həsr olunması mərasimləri hələ də davam edir.
"Hər il üç-dörd qızın deva-dasi kimi təqdis edilməsinin qarşısını alırıq. Amma əksər mərasimlər gizli şəkildə keçirilir. Biz onlardan yalnız o zaman xəbər tuturuq ki, qız artıq hamilə qalır və ya uşaq doğur," — deyə o bildirir.
Bhagyalakşminin sözlərinə görə, bir çox qadın ən sadə həyat şəraitindən belə məhrumdur. Onlar kifayət qədər qidalanmır, təhsil almır və kömək istəməyə qorxurlar.
"Biz Viçayanagara dairəsində 10 min deva-dasi arasında sorğu keçirdik. Mən öz gözlərimlə gördüm ki, bu sistemə əlilliyi olan, görmə qabiliyyəti zəif və digər həssas vəziyyətdəki qızlar da cəlb olunur. Onların təxminən 70 faizinin evi belə yoxdur," — deyə o, BBC-yə danışır.

Deva-dasilərin intim partnyorları çox vaxt prezervativdən istifadə etməkdən imtina edirlər, bu isə arzuolunmaz hamiləliklərə və ya HİV infeksiyasının yayılmasına səbəb olur.
Bhagyalakşminin qiymətləndirməsinə görə, bütün deva-dasilərin təxminən 95 faizi toxunulmazlar kastasına, qalanları isə yerli qəbilə icmalarına mənsubdur.
Keçmişdə olduğu kimi, bu günkü deva-dasilər məbədlərdən heç bir maddi dəstək və ya gəlir almırlar.
"Deva-dasi sistemi — sadəcə istismardır," — deyə Bhagyalakşmi qətiyyətlə bildirir.
Ənənədən imtina

İldə bir dəfə deva-dasi qadınlar Belqaum şəhərində yerləşən Yellamma Saundatti məbədində keçirilən festivala toplaşırlar. Bu mərasimdə həm ənənəni davam etdirən, həm də artıq bu həyatdan çıxmış qadınlar iştirak edir. Lakin yerli rəsmilər bildirirlər ki, bu festival zamanı artıq təqdis mərasimləri keçirilmir.
"Bu, indi cinayət hesab olunur. Festival zamanı biz plakatlar asırıq və kitabçalar paylayırıq ki, insanlara xəbərdarlıq edək - qanunu pozanlara qarşı ciddi tədbirlər görüləcək," — Vişvas Vasant Vaidya deyir.
Vaidya — Karnataka ştatının parlament üzvü və Yellamma məbədinin idarə heyətinin üzvüdür. O, BBC-yə müsahibəsində qeyd edib ki, deva-dasi qadınların sayı kəskin şəkildə azalıb:
"Hazırda mənim seçki dairəmdə 50–60 deva-dasi ola bilər. Heç kim məbəddə bu ənənəni təşviq etmir," — deyə o bildirir.
"Biz deva-dasi ənənəsini qətiyyətli tədbirlər sayəsində dayandırmışıq," — deyə Vaidya iddia edir.
Lakin Karnataka ştatı hakimiyyətinin 2008-ci ildə apardığı son araşdırma göstərib ki, deva-dasi kimi təqdis olunmuş qadınların sayı 46 mindən çoxdur.
Yeni nəsil

Şəklin mənbəyi, Sakhi Trust
Seks yolu ilə qazandığı pullar Çandrikanın yoxsulluqdan qurtulmasına kömək edib. O, uşaqlarının damğalanmaması üçün onları özəl internat məktəbinə göndərib.
"Qızım üçün həmişə narahat idim," — Çandrika deyir . — "O, təxminən 16 yaşında idi, mən onu qohumumuzla evləndirdim ki, mənim kimi deva-dasi olmasın. İndi o, ərinin yanında yaşayır."
Hazırda Çandrika qeyri-hökumət təşkilatında işləyir və mütəmadi olaraq HİV testindən keçir.
"Mən qocalıram, bir neçə ildən sonra seks işini davam etdirə bilməyəcəyəm," o deyir.
Çandrika meyvə və tərəvəz satacağı kiçik bir dükan açmağı planlaşdırır.
Şilpa isə qızına yaxşı təhsil vermək istəyir və deva-dasi ənənəsinə qəti şəkildə qarşı çıxır.
"İstəyirəm ki, bu ənənə bitsin. Qızımı heç vaxt deva-dasi etməyəcəyəm. Mən bu sistemi dəstəkləmək istəmirəm," — deyə o bildirir.
Ankita isə deyir ki, ərə getmək və nəhayət, boynundakı mirvari boyunbağını çıxarmaq istəyir.




















