Məktəblərdə kim necə geyinməlidir - qaydalar nədir?

Videonun alt yazısı, Məktəblərdə kim necə geyinməlidir - qaydalar nədir?
Məktəblərdə kim necə geyinməlidir - qaydalar nədir?
Çap edildi

Azərbaycanda müəllim və şagirdlərin geyimi ilə bağlı yeni qaydaların qüvvəyə minməsindən günlər keçsə də, müzakirələr davam edir.

Bəs bundan sonra məktəblərdə kim necə geyinməlidir?

Nazirlər Kabinetinin qərarına əsasən, dövlət məktəblərində müəllimlər sadə, səliqəli və işgüzar üslubda geyinməlidirlər.

Qaydalara görə, kişi müəllimlər üçün klassik şalvar, pencək və köynək, qadın müəllimlər üçün isə pencəklə şalvar, ətək və ya don nəzərdə tutulur. Ətək və donun uzunluğu dizdən yuxarı olmamalıdır.

Şagirdlərə gəldikdə isə, yeni qaydalara əsasən, məktəbli formasının vahidliyini pozan əlavə geyim elementlərindən istifadəyə icazə verilmir.

Qaydalarda deyilir ki, həm müəllimlərin, həm də şagirdlərin geyimi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır.

Bəs bu, hicabın qadağan edilməsi deməkdirmi?

Qərarlarda hicab, kipa və ya digər dini geyim elementlərinin adı konkret çəkilmir. Hansı geyimlərin dünyəvilik prinsipinə zidd hesab edildiyi də açıqlanmır.

Bununla belə, sosial şəbəkələrdə hicablı müəllim və şagirdlərin məktəblərə buraxılmadığını göstərən videolar yayılıb.

Qaydalara əməl olunması ilə bağlı məsələləri məktəblərin Pedaqoji Şuraları həll edəcək.

Amma qərarlarda qaydaları pozan müəllim və şagirdlər üçün konkret cəza nəzərdə tutulmayıb.

Milli geyimlərə isə yalnız müvafiq tədbirlərdə, Pedaqoji Şuranın qərarı ilə icazə verilir.