Paşinyan ərazilər mübadiləsindən danışıb
Ermənistanla Azərbaycan arasında anklav problemi ərazilər mübadiləsi yolu ilə həll olunmalıdır. Nikol Paşinyan sosial şəbəkədə video müraciətində bildirib.
Nikol Paşinyan deyib ki, "Yəni, iki ölkə - Ermənistan və Azərbaycan - tamamilə bərabər ölçüdə ərazilər mübadiləsi aparmalıdırlar. Bütün yollar və kommunikasiya marşrutları, o cümlədən TRIPP çərçivəsində, və digərləri, açıq olmalıdır".
Paşinyanın sözlərinə görə, bu məsələ elə həll olunmalıdır ki, tərəflərdən heç birinin qarşı tərəfin ərazisində anklavı olmasın.
"Ermənistan 29 743 kvadrat kilometr əraziyə malik olmalıdır. Alma-Ata bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və demarkasiyası bu məntiq əsasında aparılmalıdır", - Nikol Paşinyan deyib.
Paşinyan hesab edir ki, bütün kommunikasiya marşrutları fəaliyyət göstərməli və açıq olmalıdır, o cümlədən Ermənistandan Ermənistana Azərbaycan ərazisindən, Azərbaycandan Azərbaycana isə Ermənistan ərazisindən keçməklə.
Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməlidirlər, o deyir.
Nikol Paşinyan deyib ki, "Həmçinin Qarabağ, Qardman-Şirvan-Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi ilə heç bir iddia olmamalıdır".
O bu barədə Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə fikir mübadiləsi apardığını bildirib.
"Türkmənistanda Azərbaycan Prezidenti ilə görüşümdən sonra məndə ilkin təəssürat yaranıb ki, sülhü məhz bu şəkildə qurmaq imkanımız var. Yaxın zamanda bu fürsəti reallaşdırmaq və gerçəkləşdirməklə məşğul olacağıq", - Nikol Paşinyan deyib.
Azərbaycan tərəfinin Paşinyanın bu sözləri ilə bağlı reaksiyası bəlli deyil.



