Ermənistanda canavarları öldürənlərə 260 dollar mükafat ayırıblar

canavar

Şəklin mənbəyi, A1plusTV

Ermənistanda hakimiyyət kəndlərdə soyuq havalardan və güclü qardan qaçıb ucqar kəndlərə gələn canavarları öldürənlərə 260 dollar məbləğində mükafat təklif edib. Bu barədə Frans Press agentliyi xəbər verib.

"Güclü qara görə canavarlar əhalinin sıx yaşadığı yerlərdə peyda olmağa başlayıb, bu məsələni həll etmək vacibdir" - Ermənistan Ətraf Mühiti Müdafiə naziri Aram Harutunyan mətbuat konfransında deyib.

Hakimiyyətin bir canavar cəsədinə təklif etdiyi 260 dollar Ermənistanın kasıb əraziləri üçün böyük məbləğ hesab olunur.

Harutunyan deyib ki, kəndlərdə dolaşıb mal-qaranı yeyən 200 canavarın öldürülməsi onların nəslinin kəsilməsinə təhlükə yaratmayacaq.

"Biz inanırıq ki, bu yolla vəziyyəti düzəldə bilərik və bu, canavar nəslinin kəsilməsinə səbəb olmayacaq".

Ancaq yerli ətraf mühit fəalları canavarların planlaşdırılan öldürülməsini pisləyib: "Canarları öldürməkdənsə, vəhşi heyvanların qanunsuz və nəzarətsiz ovunu yasaqlamaq lazımdır" - ətraf mühit fəalı Srubhi Harutyunan deyib.