Yeni Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kimdir?

İlham Əliyev Rəşad Nəbiyev

Şəklin mənbəyi, President.az

Çap edildi

"... mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır", Prezident İlham Əliyev çərşənbə axşamı günü nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin etdiyi Rəşad Nəbiyevi qəbul edərkən deyib.

O bildirib ki, dövlət qurumları, nazirliklər, dövlət şirkətləri onun göstərişlərini axıra qədər icra etsələr "heç bir yerdə axsama olmayacaq".

"İstedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər"

Cənab Əliyev söyləyib ki, ölkədə elə bir şərait yaradılmalıdır ki, istedadlı gənclər "Azərbaycanda fəaliyyət göstərsinlər".

O, texnologiyanın inkişafı sahəsinə "xüsusilə gənclərin daha geniş miqyasda" cəlb edilməli olduğunu vurğulayıb.

"Mən istedadlı gənclərlə görüşlər əsnasında bir şeyi gördüm ki, onların bəziləri öz biliklərini, innovasiyaları həyata keçirmək üçün xaricə üz tuturlar. Misal üçün, startaplarla bağlı bizim siyasətimiz əlbəttə ki, müsbətdir. Ancaq bu istedadlı gənclərlə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxları xaricdə fəaliyyət göstərirlər və Azərbaycana gəlirlər, gedirlər. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər".

Cənab Əliyev söyləyib ki, Azərbaycanda istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, "Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin".

İnternet və senzura

İlham Əliyev deyib ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə "mərkəzi rol oynayır".

O, buna sübut olaraq bu sahədə baş tutan sərgilərin Azərbaycanda keçirilməsini göstərib.

Prezident qeyd edib ki, Azərbaycanda ölkə daxilində rabitə sahəsində "bütün əsas məsələlər həll olunub".

"İnternet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Hər kəs bilir ki, Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur", - cənab Əliyev söyləyib.

Müharibə və azad edilmiş ərazilərdə yüksək texnologiyalar

İlham Əliyev deyib ki, peyklər həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə Azərbaycana "çox böyük üstünlük" verib.

Onun sözlərinə görə, peyklər erməni hərbçilərinin hərəkətləri "onlayn formatda izləmək və təxribatların qarşısını almaq" imkanı verib.

Prezident qeyd edib ki, hazırda peyklərdən minatəmizləmə işlərində istifadə olunur.

Cənab Əliyev vurğulayıb ki, azad edilmiş torpaqları "yüksək texnoloji inkişaf ərazisi" olmalıdır.

O, bu ərazilərdə yaşıl enerji zonası və kənd təsərrüfatında "ən müasir texnologiyalardan" istifadə barədə tapşırıqlar verib.

"Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "smart-city", "smart-village", - yəni, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik", - Prezident deyib.

Rəşad Nəbiyev

Şəklin mənbəyi, Report

Rəşad Nəbiyev kimdir?

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edilib.

Bu barədə Prezident İlham Əliyev çərşənbə axşamı günü sərəncam imzalayıb.

Bundan əvvəl həmin vəzifəni Ramin Quluzadə icra edib.

Rəşad Nəbiyev 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb.

1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində işləyib.

2000-2002-ci illərdə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirib.

2002-2004-cü illərdə Azərbaycan Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışıb.

2004-2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

2006-cı ildə "Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı"nı bitirib.

2011-ci ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.