Hüquq müdafiəçisi Taleh Xasməmmədova qarşı xuliqanlıq ittihamı irəli sürülüb

Şəklin mənbəyi, AZADLİQ RADİOSU
Hüquq müdafiəçisi Taleh Xasməmmədov aprelin 19-da Göyçayda polis tərəfindən saxlanılıb və polis şöbəsinə aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Taleh Xasməmmədovun haqqında Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açıldığını bildirib.
"Taleh Xasməmmədov xuliqanlıq maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb", - o deyib.
Taleh Xasməmmədovun üzvü olduğu Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev polis şöbəsində cənab Xasməmmədova qarşı zor tətbiq edildiyini iddia edib.
"Taleh Xasməmmədov Göyçayda yol polisi tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Bölmədə ona fikizi zor tətbiq edərək ifadə almağa çalışıblar ki, guya o, polisə müqavimət göstərib, polisin paqonlarını cırıb və onlara xəsarət yetirib", Oqtay Gülalıyev bildirib.
Daxili İşlər Nazirliyinin sözçüsü zor tətbiq edilməsi barədə iddianı rədd edib və hüquq müdafiəçisinin həbsinin siyasi səbəblərinin olmadığını deyib.
48 saat
Oqtay Gülalıyev deyib ki, Taleh Xasməmmədov dövlət tərəfindən ona vəkil təyin edilməsini istəmir və ailəsindən və yaxınlarından ona müstəqil vəkil tutmalarını xahiş edib.
Onun sözlərinə görə, vəkil təyin edilməsi üçün nəzərdə tutulan 48 saat şənbə günü başa çatır.
"Bir neçə vəkillə danışılıb və bu gün vəkilin bu işə qoşulacağı gözlənilir", - cənab Gülalıyev deyib.
Daxili İşlər Nazirliyinin sözçüsü Taleh Xasməmmədovun qanunvericiliyin tələbinə uyğun olaraq vəkillə təmin olunduğunu və ailəsi ilə əlaqə saxlaya bildiyini söyləyib.
"Qondarma ittihamdır"
Oqtay Gülalıyev deyir ki, Taleh Xasməmmədova qarşı ittihamlar qondarmadır və onun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır.
"Taleh Xasməmmədov Göyçayda baş verən məmur özbaşınalığı və korrupsiya halları ilə bağlı tənqidi yazılar yazdığına görə dəfələrlə icra hakimiyyəti və polis tərəfindən xəbərdarlıq alıb. Bu ittihamlar da əsassız və qondarmadır", - o deyib.
Cənab Mansurzadə BBC Azərbaycancaya məsələdə siyasi motivlərin olmadığını bildirib.
"Taleh Xasməmmədovun törətdiyi əməlin heç bir siyasi çaları yoxdur. Məsələnin siyasiləşdirilməsi qətiyyən yolverilməzdir", - Orxan Mansurzadə deyib.
"Səhhətində ciddi problemlər var"
"Taleh Xasməmmədovun səhhətində ciddi problemlər var. Buna görə o, uzun müddətdir ki, ev şəraitində müalicə alırdı. Bu problemlərə görə heç hara getmirdi. Bircə dəfə bayıra çıxdı, onda da həbs etdilər", - Oqtay Gülalıyev deyib.
O, Taleh Xasməmmədovun hazırda Göyçay rayon polis şöbəsində saxlanıldığını deyib.
Taleh Xasməmmədov daha öncə 2011-ci ildə və 2013-cü ildə eyni ittihamla həbs edilib.
Hər iki halda prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.


























