NATO nədir? 6 suala cavabda

NATO Ankara

Şəklin mənbəyi, EPA/Shutterstock

Şəklin alt yazısı, Bu gün Ankarada NATO zirvə toplantısı başlayır
Çap edildi
Oxuma vaxtı: 7 dəq

Bu gün Ankarada başlayan və iki gün davam edəcək NATO zirvəsi həm ABŞ administrasiyasının yanaşması səbəbindən alyansın çətin dövrdən keçdiyi, həm də beynəlxalq konyukturaya görə ən vacib görüşlərdən biri hesab olunur.

Beynəlxalq geosiyasətin hazırkı vəziyyətini nəzərə alsaq, NATO müttəfiqləri qəti qərarlar qəbul edə bilərlər.

Zirvə görüşü, xüsusilə də 2025-ci ilin yanvar ayında ikinci prezidentlik müddəti başlayan Donald Trump-a görə NATO daxilində müzakirələrin və gərginliyin heç də əskik olmadığı, əksinə, münasibətlərin bəzən daha da gərgin olduğu bir vaxtda keçirilir.

ABŞ-ın Avropadakı uzunmüddətli rolu ilə bağlı qeyri-müəyyənlik hələ də tam həll olunmayıb.

Bu qeyri-müəyyənlik NATO-ya yüksək münaqişə potensialına malik bir ittifaq imici yaradır.

Avropa İkinci Dünya Müharibəsindən bəri ən təhlükəli dövrlərindən birini yaşayır.

Avro-Atlantik təhlükəsizlik arxitekturası da bir müddətdir ki, ciddi çətinliklərlə üzləşir.

Rusiya tərəfindən 2022-ci ilin fevral ayında başlayan Ukrayna müharibəsi, Çinin strateji rəqib kimi davamlı yüksəlişi və Yaxın Şərqdə ABŞ-İsrail/İran münaqişəsi ilə dərinləşən qeyri-sabitlik ən diqqətəlayiq hadisələrdəndir.

NATO-nun məsuliyyət zonasında coğrafi bölgələrdə problemli ərazilərin sayının eyni vaxtda artması və onların bir çox nöqtədə kəsişməsi nadir haldır.

Belə bir mühitdə NATO üzvləri arasında fərqli baxışları uyğunlaşdırmaq və strateji istiqaməti ilə bağlı qəti qərarlar qəbul etmək mərhələsindədir.

Bütün bunları nəzərə alaraq, Ankara Zirvə Görüşü NATO üçün siyasi stress testi olacaq.

NATO

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, NATO-nun sabiq baş katibi Jens Stoltenberg

NATO üzvü olan dövlətlər bir tərəfdən öz müdafiəsini gücləndirməyə çalışır, bir tərəfdən isə Rusiya ilə müharibə aparan Ukrayna ordusunu gücləndirmək üçün silah yardımını davam etdirir.

Rusiyanın iki il öncə Ukraynanı işğal etməsi NATO üçün önəmli bir dönüş nöqtəsi oldu. İttifaq o vaxtdan bəri yeni üzvlər qəbul edir və müfadiəsini gücləndirir. Sonuncu qəbul etdiyi üzv İsveç oldu.

Bəs NATO nədir, üzvləri hansı ölkələrdir, bundan sonrakı addımları nə ola bilər?

1. NATO nədir və nə vaxt yaranıb?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

NATO 4 aprel 1949-cu ildə aralarında ABŞ, Britaniya, Kanada və Fransanın da olduğu 12 ölkə tərəfindən qurulub.

NATO-nun yaranmasının əsasını təşkil edən razılaşma isə Washington-dakı Mellon Auditorium-da imzalanıb.

İttifaqın 75-ci ildönümü çərçivəsindəki 9-11 iyul tarixli Zirvə Görüşü də həmin yerdə keçiriləcək.

Qurulduğu zaman NATO-nun hədəfi Rusiyanın rəhbərlik etdiyi SSRİ-nin Avropada genişlənməsinin qarşısını almaq üçün bir blok yaratmaq idi.

NATO üzv ölkələrdən birinə hücum olarsa, digərlərinin də özünümüdafiə üçün ona kömək edəcəyi prinsipinə əsaslanır.

NATO-nun öz ordusu yoxdur, lakin üzv ölkələr böhranlara cavab olaraq, birgə hərbi təlimlər təşkil edə və kütləvi hərbi əməliyyatlar apara bilərlər.

Məsələn, 1992-2004-cü illər arasında o, keçmiş Yuqoslaviyada davam edən müharibəyə müdaxilə edərək BMT-yə dəstək verdi, etnik təmizləməni dayandırmaq və sülh razılaşmasına zəmin yaratmaq üçün hava və quru qüvvəsindən istifadə etdi.

2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum edəndən sonra NATO onun “müttəfiqlərin təhlükəsizliyinə ən əhəmiyyətli və birbaşa təhdid” olduğunu açıqlayıb.

2. NATO-nun neçə üzvü var?

NATO-nun Avropa və Şimali Amerikada 31 üzvü var idi. İsveçin rəsmi qoşulması ilə bu rəqəm 32-yə çatıb.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Şərqi Avropada Albaniya, Bolqarıstan, Macarıstan, Polşa, Çexiya, Slovakiya, Rumıniya, Litva, Latviya və Estoniya da ittifaqa qoşuldu.

NATO-ya üzv ölkələr əlifba sırası ilə:

ABŞ, Almaniya, Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, Hollandiya, İngiltərə, İspaniya, İsveç, İtaliya, İslandiya, Kanada, Monteneqro, Şimali Makedoniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Yunanıstan.

NATO ölkələrinin xəritəsi

İsveç və Finlandiya Rusiyanın Ukraynaya hücum etdikdən sonra 2022-ci ilin mayında üzvlük üçün müraciət etmişdi.

Hər iki ölkə daha əvvəl “tərəfsizlik siyasəti” yürüdürdü.

Rusiya ilə 1340 kilometrlik quru sərhədi olan Finlandiya 2023-cü ilin aprelində NATO-ya qoşuldu.

İsveçin üzvlüyü Türkiyə və Macarıstanın etiraz etməsinə görə təxirə salınmışdı.

Türkiyə İsveçin müraciətini PKK ilə mübarizədə yetərli addım atmamasını əsas gətirərək, təsdiq etməmişdi. Lakin bir müddət davam edən müzakirələrdən sonra Ankara 2024-cü ilin yanvarında müraciəti qəbul etdi.

Macarıstan da təsdiqləməni uzun müddət gecikdirdikdən sonra dəstəyini açıqladı.

İsveç 7 mart 2024-cü ildə Washington-da üzvlük prosesi yekunlaşdıqdan sonra rəsmən NATO-nun 32-ci üzvü oldu.

İsveç və Finlandiyanın qoşulması ilə NATO 1990-cı ildən bəri ən böyük genişlənməsini yaşayır.

Bununla NATO sıralarına təxminən 300 min fəal və ehtiyatda olan hərbçi əlavə olunur.

Ukrayna, Bosniya və Herseqovina, Gürcüstan da NATO-ya üzv olmaq üçün müraciət edib.

3. NATO-ya üzv ölkələr milli gəlirlərinin neçə faizini müdafiəyə xərcləməlidir?

NATO üzvləri üçün əvvəlki hədəf milli gəlirlərinin ən azı 2 faizini müdafiəyə ayırmaq idi.

NATO-nun 2025-ci il üçün hesablamalarına görə, alyansın hər bir ölkəsi keçən il ən azı 2%-ə nail olub.

Trump tərəfindən müdafiəyə kifayət qədər pul xərcləmədiyinə görə dəfələrlə tənqid edilən İspaniya belə 2%-ə nail olub.

NATO üzvləri indi 2035-ci ilə qədər müdafiəyə 3,5% xərcləməyə, daha 1,5%-i isə vacib infrastrukturun qorunması və mülki hazırlığın təmin edilməsi kimi işlərə xərcləməyə çalışırlar.

Estoniya buna yaxın olsa da, yalnız üç ölkə: Polşa, Litva və Latviya 2025-ci ildə müdafiəyə 3,5%-dən çox pul xərcləyib.

ABŞ-ın müdafiə xərcləri 2020-ci ildə ÜDM-in 3,6%-dən ötən ilin rəqəmlərinə görə, təxminən 3,2%-ə düşüb.

NATO-nun qalan üzvləri - Kanada və Avropa üzvlərinin müdafiə xərcləri 2020-ci ildə ümumi ÜDM-in 1,7%-dən 2025-ci ildə təxminən 2,3%-ə yüksəlib.

Böyük Britaniya 2025-ci ildə müdafiəyə ÜDM-in 2,3%-ni xərcləyib və bu göstərici üzrə 14-cü ən çox xərcləyən ölkə olub.

Hökumət 2027-ci ildə bu rəqəmi 2,5%-ə çatdıracağını və 2029-cu ildə başlaması gözlənilən növbəti parlamentdə bu rəqəmi 3%-ə çatdırmaq "ambisiyası" olduğunu bildirib.

Alyans 2025-ci il Haaqa sammitində razılaşıb ki, 2035-ci ilə qədər müdafiə xərcləri üçün milli gəlirlərin 5 faizini ayırsınlar.

4. NATO Rusiyaya qarşı müdafiəsini necə gücləndirir?

NATO Rusiyanı Alyansın təhlükəsizliyinə qarşı "ən əhəmiyyətli və birbaşa təhdid" kimi qiymətləndirir.

Alyans bildirir ki, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirməklə yanaşı, NATO ölkələrinə qarşı kiberhücumlar, sabotaj və hava məkanının pozulması kimi fəaliyyətlər həyata keçirir.

Buna cavab olaraq,NATO son illərdə Soyuq Müharibədən bəri ən genişmiqyaslı müdafiə planlarını hazırlayıb və şərq cinahında döyüşə hazır qüvvələr yerləşdirib. Alyans bildirir ki, o, hazırda "NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırdır".

2025-ci ildə NATO Baltik dənizində sualtı enerji və rabitə infrastrukturunu qorumaq üçün Baltic Sentry əməliyyatına başlayıb.

Daha sonra isə şərq cinahında təhlükəsizliyi gücləndirmək məqsədilə Eastern Sentry adlı yeni müşahidə və çəkindirmə missiyası yaradılıb.

Alyans həmçinin öz komanda strukturunu yeniləyib.

2025-ci ildə ABŞ-dakı Norfolk Birgə Qüvvələr Komandanlığının məsuliyyət zonasına Danimarka, Finlandiya və İsveç daxil edilib.

Norveçdə isə Arktika və Şimali Avropa istiqamətində hava əməliyyatlarını koordinasiya etmək üçün yeni Birləşmiş Hava Əməliyyatları Mərkəzi açılıb.

NATO hərbi hazırlığını genişmiqyaslı təlimlərlə də yoxlayır. Ötən il alyansın Steadfast Dart 25 təlimində təxminən 10 min hərbçi və 1500 hərbi texnika iştirak edib.

5. NATO üzvləri Ukraynaya hansı silahları verir?

NATO ölkələri Ukraynaya geniş çeşiddə hərbi yardım göstərirlər.

NATO-nun məlumatına görə, üzv ölkələr Ukraynaya tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları, sursat, tanklar, pilotsuz uçuş aparatları və döyüş təyyarələri tədarük ediblər.

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Polşa, Niderland, Danimarka və digər ölkələr Ukraynaya müxtəlif hərbi sistemlər göndəriblər.

Qərb ölkələri həmçinin Patriot və digər hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər və müasir zirehli texnika təqdim ediblər.

NATO

Şəklin mənbəyi, Getty Images

F‑16 döyüş təyyarələrinin Ukraynaya verilməsinə ABŞ razılıq verib və Danimarka, Niderland, Belçika və Norveç bu təyyarələrin tədarükü və ukraynalı pilotların hazırlanmasında iştirak ediblər.

İlk F‑16-lar artıq Ukraynaya çatdırılıb.

NATO özü Ukraynaya döyüş qoşunları göndərmir.

Bununla belə, Alyans NSATU (NATO Security Assistance and Training for Ukraine) mexanizmi vasitəsilə üzv ölkələrin hərbi yardımlarını və Ukrayna hərbçilərinin təlimini koordinasiya edir.

NATO həmçinin PURL ("Prioritised Ukraine Requirements List") proqramı çərçivəsində Ukrayna üçün tələb olunan ABŞ istehsalı silahların alınmasını və çatdırılmasını əlaqələndirir.

NATO ölkələri Ukraynaya birbaşa hərbi qüvvə yeritmir və Ukrayna üzərində uçuşa qadağa zonası yaratmırlar.

Alyans uzun müddətdir bildirir ki, məqsəd Ukraynanı dəstəkləməkdir, lakin NATO ilə Rusiya arasında birbaşa hərbi qarşıdurmadan qaçmaq lazımdır.

"Müharibənin bitməsinə və ədalətli və davamlı sülhün təmin edilməsinə kömək etməyin ən yaxşı yolu Ukraynanın istənilən danışıqlarda güc mövqeyindən iştirak edə bilməsini təmin etməkdir və NATO müttəfiqləri Ukraynanın ehtiyac duyduğu dəstəyə sahib olmasını təmin etmək üçün addımlar atırlar", - NATO bildirib.

6. Ukrayna ittifaqa qoşulacaqmı?

2008-ci ildə alyans Ukraynanın NATO-ya qoşula biləcəyini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci ildə Ukraynanın mümkün olan ən tez vaxtda NATO-ya qəbul olunmasını istəyib. Bu zaman artıq Rusiya Ukraynaya müharibə başlatmışdı.

Keçmiş NATO baş katibi Stoltenberg isə o zaman bildirmişdi ki, Ukraynanın NATO-ya üzvlüyü "qaçılmazdır", lakin müharibə bitənə qədər bu baş verməyəcək.

Zelenski

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Keçmiş NATO baş katibi Stoltenberg isə o zaman bildirmişdi ki, Ukraynanın NATO-ya üzvlüyü "qaçılmazdır", lakin müharibə bitənə qədər bu baş verməyəcək.

2008-ci ildə NATO Ukraynaya alyansın Üzvlük Fəaliyyət Planına (Membership Action Plan -MAP) müraciət etməyi tövsiyə etmişdilər.

Bu plan namizəd ölkənin siyasi, iqtisadi, müdafiə, resurs, təhlükəsizlik və hüquqi islahatlarını əhatə edir.

2023-cü il Vilnüs Zirvə görüşündə alyans Ukraynanın üzvlük yolunu iki mərhələli prosesdən bir mərhələli prosesə dəyişdirəcək MAP-ı həyata keçirmək tələbini aradan qaldırdılar.

2024-cü il Vaşinqton Zirvə görüşündə NATO Ukraynanın NATO üzvlüyünə doğru dönməz yolunda onu dəstəkləməyə davam edəcəklərini bildirdilər.

Lakin 2025-ci ilin avqust ayında çıxış edən ABŞ Prezidenti Donald Trump Rusiya ilə sülh müqaviləsinin bir hissəsi olaraq "Ukraynanın NATO-ya girməyəcəyini" söyləyib.