Qadın geyimlərində niyə cib yoxdur?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Clare Thorp
- Vəzifə, BBC Culture
- Çap edildi
- Oxuma vaxtı: 7 dəq
Sosial media trendlərini anlamaq çox vaxt çətin ola bilər.
İlk baxışdan TikTok-da qadınların əllərində mümkün qədər çox əşyanı tutmağa çalışdıqları videolar digər viral trendlər qədər mənasız görünə bilər.
Lakin "ovcunda tutma" adlandırılan bu hərəkat göründüyü qədər təsadüfi deyil; bu, qadın geyimlərində niyə daha çox cib olmaması sualını gündəmə gətirmək üçün başqa bir fürsətdir.
Bu özü-özlüyündə bir növ internet meminə çevrilib: bir qadın digərinin geyimini tərifləyir, ardınca həyəcanlı bir cavab gəlir: "Aaaa, cibi var!"
Mükəmməl cins şalvar, ideal ağ köynək və ya qüsursuz kiçik qara paltar axtarmağı unudun; ürəkləri döyündürə biləcək şey sadə bir parçadır.
Lakin bu əyləncəli coşqunun arxasında əsl qəzəb dayanır: kiçik və ya az cib uzun müddət moda dünyasında gender bərabərsizliyinin simvolu olub.
Cib bərabərsizliyi yeni deyil, əsrlərdir davam edən bir problemdir. Ancaq son illərdə bu məsələ daha çox diqqət çəkir.
Bir vaxt #WeWantPockets (#BizCibİstəyirik) həştəqi sosial mediada sürətlə yayılmışdı.
Telefonlar böyüdükcə qadınlar da ciblərinin nə qədər yetərsiz olduğunu daha çox hiss etməyə başladılar.
Britaniyada 2020-ci ildə keçirilən onlayn sorğuya görə, qadınların 10-dan 4-ü üzərində cib olmadığını görəndə paltarı almaqdan imtina etdiyini bildirib.

Şəklin mənbəyi, Getty Images
Üstəlik, cib olsa belə, çox vaxt kişi geyimlərindəkindən daha qısa və dar olur. Ən əsəb doğuran hal isə tamamilə saxta, yalnız görüntü üçün olan ciblərdir.
Bu ilin əvvəlində səkkiz yaşlı bir qız İngiltərədəki Sainsbury supermarketinə yazdığı məktubda qız uşaqlarının məktəb şalvarlarında saxta cib olduğu halda, oğlan uşaqlarının şalvarlarında həqiqi cib olmasına etiraz edib:
"Qızların da əşyalarını daşımağa ehtiyacı var!"
Mağaza nümayəndəsi bu məsələni araşdıracaqlarını bildirib.

Şəklin mənbəyi, Getty Images
London İncəsənət Universitetinin Mədəni və Tarixi Araşdırmalar proqramının direktoru Kerolin Stivenson deyir:
"Cib kişi və qadın geyimlərinin simvolik və çox müzakirə olunan bir hissəsinə çevrilib".
2025-26-cı illərin payız/qış kolleksiyalarıi moda dünyasının bu məsələyə diqqət yetirdiyinin əlamətlərini göstərmişdi.
Bir çox model podiuma əllərini dərin ciblərdə gəzdirirdi; qolları boş sallanmış modellərlə müqayisədə onlar daha inamlı görünürdülər.
Simone Rocha-da aktrisa Fiona Şounun əlləri qara atlaz yumurta formalı donunun ciblərində idi. Prada və Louis Vuitton-da da çoxlu cib var idi.
Cibin tarixi
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Ciblər uzun müddət qadınlar üçün ikinci dərəcəli olaraq qaldı.
London İncəsənət Universitetindən Stivenson bu vəziyyəti belə izah edir:
"16 və 17-ci əsrlərdə qadınların bir növ cibi var idi. Bunlara "bağlama cib" deyilirdi. Bədənə bağlanır, ətəklərin altına yerləşdirilir və kənardakı yarıqlardan istifadə edilərək içinə əşya qoyulurdu".
Bu bağlama ciblər çox vaxt bəzəkli olurdu və açar, pul, dəsmal, tikiş dəsti kimi əşyalarla yanaşı, saat, tütün qutusu və ətir şüşəsi kimi qiymətli şeylər də daşınırdı.
"Bunlar qadınlara müəyyən mənada müstəqillik hissi verirdi", – deyə Stivenson bildirir.
Amma 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində Regency üslubu ilə birlikdə siluetlər daha çox bədənə oturan hala gəldi və ciblər yoxa çıxdı".
Ciblərin itməsi ilə bu müstəqillik də yox oldu.
Stivenson izah edir:
"Əgər bir qadın qiymətli əşyalarını ictimai yerə özü ilə apara bilmirsə, bu onu daha çox müdafiəsiz edir, kişilərdən və qulluqçulardan asılı vəziyyətdə saxlıyır".

Şəklin mənbəyi, Getty Images
Pul, açar və qeydlər kimi ciblərə qoyulan əşyalar qadınların maraqlanmamalı olduğu mövzuları simvolizə edirdi: Mülkiyyət, güc və məxfilik.
Stivenson bildirir ki, qadınların kiçik çantalar daşıması onları daha da müdafiəsiz edirdi; çünki əllərini istifadə edə bilmirdilər.
Cib çatışmazlığı qadınlar üçün o dövrdə də əlbəttə ki, əsəbilik yaradırdı, amma bu mövzu yalnız 20-ci əsrin əvvəllərində siyasi bir məsələ halına gəldi.
Stivenson deyir:
"Süfrajetlər (Qadınların siyasi hüquqlarını əldə etməyə yönəlmiş fəaliyyət prosesi və təşkilatlar Süfraj Hərəkatı olaraq tanınır) yalnız qadınlara seçki hüququ deyil, cib də istəyirdilər".
Həmin dövrün satirik karikaturaları süfrajetləri kişilər kimi əllərini böyük ciblərə salmış halda təsvir edirdi.
Yazıçı Elizabetg Evitts Dickinson isə cibləri qadın azadlığının simvoluna çevirməyə qərarlı bir dizayner – ABŞ-lı moda dizayneri McCardell-in bioqrafiyasını yazdı.
Dickinson deyir: "Cibin qadının müstəqillik və azadlıq istəyinə qarşı simvolik reaksiya yollarından birinə çevrilməsi maraqlıdır".
"Claire McCardell: qadınları müstəqilləşdirən dizayner" adlı kitabında Dickinson, McCardell-in qadınların yalnız bədənlərinə deyil, həm də həyatlarına uyğun geyimlər dizayn edərək müasir Amerika üslubuna necə rəhbərlik etdiyindən danışır.
Dickinson yazır:
"McCardell paltarların həm gözəl, həm praktik, həm də rahat olmalı olduğuna inanırdı. Ciblərin yalnız əşya saxlama yeri olmadığını da başa düşmüşdü".
"Geyimlərin psixologiyasını anlamışdı. Bəzən əllərinizi bir yerə qoymaq lazım olur. Bir əlini cibinə qoyub geriyə söykəndiyinizdə, idarəni əlində saxlayan, təbii bir görünüşünüz olur. Cib vizual güc ifadəsidir".

Şəklin mənbəyi, Estate of Erwin Blumenfeld 2024
McCardell qadın geyimlərinə cip qoyan ilk dizayner deyildi; Coco Chanel bunu edirdi, amma yalnız Chanel ala bilənlər üçün.
Onun geyimlərini Audrey Hepburn, Marilyn Monroe və Jackie Kennedy kimi ulduzlar geyinirdi.
McCardell isə fərqli bir kütləyə xitab edirdi.
Onun ən vacib tərəfi yüksək dizaynı kütləvi istehsalla birləşdirən ilk adlardan biri olması idi.
Dickinson-un sözlərinə görə, McCardell geyimləri qadınların fikirlərinin, kimliklərinin və arzularının fiziki ifadəsi kimi görürdü.
"Cib onun qurduğu bütöv sistemin bir hissəsi idi. Çünki özü də belə idi. 40 yaşlarına qədər subay idi, karyera sahibi qadın idi və çox da varlı deyildi".
McCardell ciblərə qarşı irəli sürülən bəzi iddialara əhəmiyyət vermirdi. Məsələn, "silueti və ya paltarın formasını pozar" arqumentinə.
Çünki o, paltarın quruluşunu çox yaxşı bilir və cibləri geyimin təbii görünüşünü pozmayacaq şəkildə yerləşdirirdi.
Onun dizaynları sadə və zərif idi, amma eyni zamanda texnologiya baxımından irəlidə idi.
Hərəkət azadlığı
McCardell-in yanında ciblərə həvəslə bağlı olan Harper's Bazaar redaktoru Diana Vreeland da var idi.
Vreeland bir dəfə jurnalın bütün bir sayını ciblərə həsr etməyi belə təklif etmişdi. Lakin reklam gəlirlərinin böyük hissəsi çantalardan gəldiyi üçün bu ideya rədd edildi.
Stivenson deyir:
"Moda sənayesi qadınların çanta istifadə etməsini təşviq edir, çünki bu daha çox gəlir gətirir".
Vreeland McCardell-dən İkinci Dünya Müharibəsi zamanı qadınlar üçün bir paltar dizayn etməsini istəyəndə ortaya çıxan "pop-over" adlı don, təbii ki, böyük bir cibə sahib idi.
Amma müharibə bitəndən sonra işlər dəyişdi
Christian Dior-un "Yeni Görünüş"ü dar korsetləri, geniş ətəkləri və ənənəvi qadınlığı vurğulayan formanı tərənnüm edirdi. Praktiklikdən daha çox təxəyyülə üstünlük verilirdi.
Dior 1954-cü ildə belə demişdi:
"Kişilərin cibləri içərisinə əşyalar qoymaq üçündür, qadınların cibləri isə bəzək üçündür".
İronik olaraq, Dior-un ilk qadın yaradıcı direktoru Maria Grazia Chiuri-nin 2025–26 payız/qış kolleksiyası ciblərlə dolu idi.
Chiuri geyimlərin həm funksional rolunu, həm də müasir istəklərə cavabını vurğuladığını söyləmişdi.
Ciblərin həqiqətən prioritet olaraq qalacağı isə hələlik bəlli deyil.

Şəklin mənbəyi, McCardle ailesi
Dickinson deyir:
"Qadınların dizayner kimi ön planda olmadığı bir dövrə daxil olduq. Bu da qadın baxış bucağının geri çəkilməsi deməkdir. Moda yenidən qadının həyatına uyğun, sərbəst hərəkət edə bilən biri ilə deyil, paltarın içində obyektləşdirilən qadınla bağlı olur".
Stivenson da eyni fikirdədir:
"Moda sənayesi qadınların müstəqilliyini və ya sərbəstliyini prioritetləşdirmir. Əsas olan ideallaşdırılmış qadın siluetidir".
Amma lüks moda böhran yaşayarkən və mənfəət azalarkən bəlkə də qadınlara nəyə ehtiyacları olduğunu deməyi dayandırıb, onları dinləməyin vaxtı çatıb.
Uygun qiymətli və sürətli dəbdə isə kişi geyimlərində ciblər standart olduğu halda, istehsalçılar xərcləri aşağı saxlamaq üçün əlavə parça və mürəkkəb detallar istifadə etməkdən qaçırlar.

Şəklin mənbəyi, Getty Images
Bütün bunların nəticəsində bəzi qadınlar işə əl atdı.
Julie Sygiel sektorda dəyişiklik görməyəndə 2021-ci ildə The Pockets Project adlı markasını yaratdı.
O deyir:
"Əsas problemim cib qoyula biləcək bir çox dizaynda ya cibin ümumiyyətlə olmaması, ya da çox kiçik olması idi. Mən də istədiyim geyimləri özüm hazırlamağa qərar verdim".
Sygiel bildirir ki, ciblərin çatışmazlığını gördükdən sonra onun gündəlik həyatındakı təsirlərini görməzlikdən gələ bilmədi:
"Məsələn, iş mühitində bir qadın çantası ilə otağa daxil olarsa, sanki oranın qonağı kimidir. Amma bir kişi bütün əşyalarını cibinə qoyub girir, çox daha rahat və hakim görünür. Çantaları sevirəm, amma bəzi hallarda çantasız olmaq daha güclü hiss etdirir".
Onun markası böyük maraqla qarşılandı, bir çox məhsul sürətlə satıldı və yeni rənglər, dizaynlar əlavə edildi. Çoxlu qadın yaşadığı cib problemlərini onunla paylaşdı.
"Bir qadın mənə yazmışdı ki, toyu üçün geyindiyi kombinə cib əlavə etmək istəyib, amma dərzi "uyğun olmaz" deyərək bunu rədd edib. Bu mənə çox qəribə gəldi".
Sygiel dəyişikliklərin mümkün olduğuna inanır:
"Bir müddətdir saxta cib görmürəm, düşünürəm ki, irəliləyiş əldə edirik".

Şəklin mənbəyi, Getty Images
Dickinson isə buna daha ehtiyatlı yanaşır.
O, McCardell-in bu gün modanın hələ də zəriflik və funksionallığı birləşdirə bilməməsinə təəccüblənəcəyini düşünür:
"McCardell qadın baxış bucağının ön planda olacağı bir sənaye yaratdığını zənn edirdi. Bu gün böyük brendlərin başında bu qədər az qadın dizayner görsə, təəccüblənərdi".
Cib bərabərliyi uğrunda mübarizə hələ də davam edir. Dickinson son sualla bunu belə yekunlaşdırır:
"Qadınlar üçün geyinmək niyə hələ də bu qədər çətindir? Cib niyə hələ də ehtiyac deyil, dəbdəbə sayılır?"



























