Sosial media: "Tədris səviyyəsini düzəldin, sonra keçin geyimə"
Azərbaycanda məktəbli formasının təsviri ilə bağlı qərar verilib.
Nazirlər Kabinetinin qərarında deyilir ki, məktəbli formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Sənəddə "dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementləri" dedikdə konkret nələrin nəzərdə tutulduğu açıqlanmır.
Bu qərar sosial mediada gedən müzakirələrdə müxtəlif cür anlaşılıb.
Bəziləri hesab edir ki, bu, hicabla bağlıdır, digərləri düşünür ki, qısa ətəklərə icazə verilməyəcək.
Zaur Əhmədov adlı sosial media istifadəçisi yazır ki: "Hicab özü elə əsl Azərbaycan qadınına uyğun bir geyim olub. Nənələrimiz həmişə başlarını bağlayıb gen paltar geyiniblər".
Huseynov Turan adlı istifadəçi hesab edir ki, hicab məktəbli formasını pozmur.
Təhsil mütəxəssisi Məzahir Məmmədli isə yazır ki, "geyim formasında dünyəviliyi qorumaq lazım gələcək. Kimsə qısa ətəkdə, kimisi hicabda gəlməyəcək".
Leyla Hesimova adlı istifadəçi isə belə yazır: "Siz məktəblərdə təhsilin keyfiyyətini yüksəldin, uşaqlara geyim mədəniyyətini yüksəltməyə ehtiyac yox, savad vermək lazımdır. Bir də ki, məktəblər kimə lazımdır, uşaqlar zatən biliyi kurslarda, əlavə müəllim yanına getməklə öyrənirlər".
Mirayə Mehdiyeva adlı istifadəçi qeyd edir ki: "Rayon məktəblərində siniflər bağlanır. Bəs biz müəllimlər nə etməliyik, necə dolanmalıyıq? Bundan danışın".
Azər Talış Baxşiyev belə bir şərh yazıb: "Tədrisin səviyyəsini düzəldin, sonra keçin geyiminə".
Əvvəlki illərdə ölkədə ayrı-ayrı məktəblərdə məktəbli qızların hicab geyməsinə qadağalarla bağlı məlumatlar yayılıb. Bu da valideynlərin etirazlarına səbəb olub.
BBC Azərbaycanca Təhsil Nazirliyindən vahid məktəbli forması tətbiq edilərkən hansı elementlərin dünyəviliyin pozulması kimi qiymətləndirilməsi ilə bağlı sorğusuna bu video hazır olana qədər cavab almayıb.



