Avropa Parlamenti Azərbaycanda "siyasi məhbuslarla" bağlı qətnamə yayıb

Şəklin mənbəyi, Azərtac/Avropa Parlamenti
Avropa Parlamentinin qətnaməsində Azərbaycan müxalifət lideri Əli Kərimlinin, hüquq müdafiəçisi Anar Məmmədlinin və digər şəxslərin saxlanılması sərt şəkildə pislənib və onların qeyd-şərtsiz azadlığa buraxılmasına çağrılıb.
Sənəddə Azərbaycan hakimiyyətinin qeyri-hökumət təşkilatlarını və medianı susdurmaq məqsədilə cinayət və milli təhlükəsizlik qanunvericiliyindən sui-istifadə etdiyi iddia olunur.
Milli Məclis Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı oktyabrın 8-də qəbul etdiyi qətnaməni "yalan və çaşdırıcı məlumatlara" əsaslanan "qərəzli siyasi addım" kimi qiymətləndirib.
Azərbaycan parlamenti bu iddiaları rədd edərək Avropa Parlamentini ölkənin daxili işlərinə müdaxilə etməkdə, insan hüquqları məsələlərində ikili standartlar tətbiq etməkdə və bəzi Avropa İttifaqı ölkələrində polis zorakılığı, eləcə də vətəndaş azadlıqlarına qoyulan məhdudiyyətlər kimi problemlərə göz yummaqda ittiham ediblər.
Azərbaycan parlamenti nə deyib?
Milli Məclis bildirib ki, Avropa Parlamentinin Azərbaycana münasibəti İkinci Qarabağ müharibəsindən sonra daha da kəskinləşib:
"Son illərdə bu təşkilatın qəbul etdiyi çoxsaylı qətnamələr, ölkəmizə siyasi təzyiq göstərmək cəhdləri və sanksiyalar tətbiq edilməsi barədə çağırışları Azərbaycanın tarixi qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların Avropa Parlamenti tərəfindən tanınmaması kimi qiymətləndirilməlidir", - parlamentin açıqlamasında deyilir.
Milli Məclis Avropa Parlamentinin "suveren ölkənin dövlət orqanlarının səlahiyyət dairəsini müəyyən etməyə, onun hüquq mühafizə və məhkəmə qurumlarına göstərişlər verməyə" çalışdığını bildirib və bunun "hüquq bərabərliyi, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsiplərinə" uyğun olmadığını vurğulayıb.
Bəyanatda Avropa Parlamentində "azərbaycanofob, türkofob və islamofob əhval-ruhiyyənin hökm sürdüyü" iddia edilir.
Sənəd müəlliflərinin "lobbi qruplarının maraqlarını təmsil etdiyi" və qətnamənin Azərbaycan-Ermənistan sülh prosesinin davam etdiyi bir dövrdə qəbul olunmasının "qarşılıqlı etimad mühiti qurulmasını çətinləşdirdiyi" qeyd olunur.
Milli Məclis isə bəyanatında bildirib ki, "konkret cinayət əməlləri törətdiklərinə görə məhkəmə qərarları ilə məhkum edilmiş şəxslərin "siyasi məhbus" adlandırılmasının" məntiqi aydın deyil və "insanların cəmiyyətdə mövqeyinin onlara məhkəmə təqibindən immunitet hüququ verdiyini iddia etməyə heç bir şəxsin və ya təşkilatın ixtiyarı yoxdur".
Milli Məclis Avropa Parlamentini "ölkəmizlə qarşıdurma ritorikasından əl çəkməyə, dövlətimizin daxili işlərinə qarışmamağa" çağırıb.
Avropa Parlamenti nə deyib?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Avropa Parlamentinin qətnaməsində vurğulanır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək hər hansı tərəfdaşlıq sazişi "insan hüquqları sahəsində nəzərəçarpan irəliləyişlərə, o cümlədən siyasi məhbusların azad edilməsinə" bağlı olmalıdır.
Qətnamədə Avropada müalicə alan iqtisadçı Qubad İbadoğlunun işi üzrə bütün cinayət təqiblərinin dayandırılmasına çağırış edilir.
İqtisadçı Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxta pul hazırlama və yayma, daha sonra isə dini ekstremist materialların hazırlanması və yayılması ilə bağlı ittihamlarla həbs edilmişdi.
O bu ittihamları rədd edir.
Qubad İbadoğlu səhhətində problemlərin pisləşməsi fonunda 2024-cü ilin aprelində istintaq təcridxanasından ev dustaqlığına buraxılmışdı. Yaxınları onun bu ilin sentyabrında tibbi müayinə və müalicə üçün Almaniyaya getməsinə icazə verildiyini bildirib.
Sənəddə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin, vətəndaş cəmiyyəti fəalı Anar Məmmədlinin və onunla birlikdə ittiham olunan jurnalist Anar Abdullayevin saxlanılması "qəti şəkildə pislənir" və onların "dərhal və qeyd-şərtsiz azadlığa buraxılması" tələb olunur.
Əli Kərimli 2025-ci ildə saxlanıb, o, hakimiyyəti zorla ələ keçirilməkdə ittiham olunur. O bu ittihamları rədd edir və işi siyasi motivli hesab edir.
Hüquq müdafiəçisi Anar Məmmədli 2024-cü ilin aprelindən, jurnalist Anar Abdullayev isə 2025-ci ilin avqustundan həbsdədir. Onlar qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, vergidən yayınma, çirkli pulların yuyulması və sənəd saxtalaşdırılması ilə bağlı ittihamlarla üzləşiblər. Hər ikisi bu ittihamları rədd edir.
"Avropa Parlamenti deputatları Azərbaycanda qeyri-hökumət təşkilatlarını və medianı susdurmaq üçün cinayət və milli təhlükəsizlik qanunvericiliyindən sui-istifadə edilməsini tənqid edirlər. Onlar xaricdəki müxaliflərə qarşı transmilli təqibləri pisləyir və Avropa Komissiyasını ölkədə və mühacirətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları ilə müstəqil mediaya dəstəyi gücləndirməyə çağırırlar", - qətnamədə deyilir.
Sənəddə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə Azərbaycanla bağlı Aİ-nin Qlobal Sanksiyalar Rejimi çərçivəsində hədəfli tədbirlər hazırlamaq tövsiyə olunur.
Bu ilin mayında Milli Məclis Avropa Parlamenti ilə bütün əməkdaşlığı dayandırdığını bəyan edib.
Buna səbəb Avropa Parlamentinin apreil 30-u Azərbaycanla, daha doğrusu Ermənistanla bağlı qəbul etdiyi qətnamə olub.


























