Kadırovun Bakı səfəri barədə nə məlumdur?

Videonun alt yazısı, Kadırovun Bakı səfəri barədə nə məlumdur?
Kadırovun Bakı səfəri barədə nə məlumdur?
Çap edildi

Çeçenistan rəhbəri Ramzan Kadırov oktyabrın 10-da Bakıya gəlib.

Bu, AZAL təyyarəsinin Qroznı səmasında vurularaq Qazaxıstanda qəzaya uğramasından sonra Kadırovun Bakıya ilk səfəri və Prezident İlham Əliyevlə ilk məlum təmasıdır.

Səfər barədə əvvəlcədən rəsmi məlumat verilməyib.

İlham Əliyev Kadırovu qəbul edərkən səfərin qısa, amma "çox səmərəli" olacağına ümid etdiyini deyib.

Kadırov isə Bakıya gəlişini "qonşulara deyil, qardaşlara səfər" adlandırıb.

O, görüş zamanı təyyarə qəzasını "bizim ortaq kədərimiz" kimi qiymətləndirib. Ancaq məsuliyyət, təqsirkarların cəzalandırılması və istintaqın nəticələri barədə danışmayıb.

2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarədə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həlak olub.

Qəzadan sonra Bakı ilə Qroznı arasında birbaşa uçuşlar dayandırılıb. Sonradan AZAL-ın Rusiyanın bəzi şəhərlərinə birbaşa uçuşları bərpa edilsə də, Qroznı reysi bərpa edilməyib.

Oktyabrın 27-dən Rusiyanın "Utair" aviaşirkəti tərəfindən Bakıdan Qroznıya birbaşa uçuşların yenidən başlanması planlaşdırılır, Rusiya mətbuatı yazıb.

Rusiya Prezidenti Vladimir Putin sonradan təyyarənin Qroznı yaxınlığında Rusiya hava hücumundan müdafiə sisteminin fəaliyyəti zamanı zədələndiyini etiraf edib. Rusiya tərəfi həmin vaxt bölgədə Ukrayna pilotsuz uçuş aparatlarının olduğunu bildirib.

İlham Əliyev Rusiyadan məsuliyyətin etirafını, üzr istənilməsini, təqsirkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb etmişdi.

Kadırovun səfəri Əliyevlə Putinin Türkmənistandakı təmaslarından dərhal sonra baş tutub.

Rusiyanın "Vedomosti" nəşri görüşlərin ardıcıllığının səfərin Moskva ilə koordinasiya edilməsi ehtimalını gücləndirdiyini yazıb.

Görüşdən sonra Əliyev Kadırova "Bakı Ağ Şəhər" layihəsini göstərib. Rəsmi görüntülərdə avtomobili İlham Əliyev idarə edib, Ramzan Kadırov isə onun yanında əyləşib.

Kadırovu müşayiət edən nümayəndə heyətinin tərkibi rəsmi mənbələr tərəfindən açıqlanmayıb.

BBC Azərbaycancanın fotolar əsasında apardığı araşdırmaya görə, nümayəndə heyətində Kadırovun oğulları Ahmad və Adam Kadırov, deputat Adam Delimxanov, Rusiya Prezidentinin köməkçisi Ruslan Edelgeriyev və Çeçenistan Baş nazirinin müavini Anvar Usmanov da olub.