Tupac Shakur kim idi və onun qətli haqqında nə bilirik?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Fernando Duarte
- Vəzifə, BBC
- Çap edildi
- Oxuma vaxtı: 4 dəq
Ölümündən təxminən 30 il keçməsinə baxmayaraq, Tupac Shakur-un maşından açılan atəş nəticəsində ölümünü əhatə edən sirr böyük ictimai maraq kəsb etməkdə davam edir.
Əfsanəvi repçinin qətli onun ölümü ilə bağlı ittiham olunan yeganə şəxsin məhkəməsi ərəfəsində yenidən xəbərlərin baş mövzusuna çevrilib.
Keçmiş dəstə rəhbəri, 63 yaşlı Duane "Keffe D" Davis ölümcül silahla qətl törətmək ittihamı ilə üz-üzədir və özünü təqsirli bilmir.
O, Tupac-ı öldürməkdə deyil, maşından açılan atəş zamanı istifadə olunan silahı təmin etməkdə ittiham olunur.
Tupac Shakur kim idi?
Tupac hip-hopun ən nüfuzlu nümayəndələrindən biri idi və ehtimal ki, hələ də elədir. 1971-ci ildə Nyu-Yorkda anadan olan və Cənubi Amerikalı partizan lideri Tupac Amaru II-nin adını daşıyan sənətçi debüt albomunu 1991-ci ildə təqdim edib.
Onun 2004-cü ildə ölümündən sonra işıq üzü görən, "Ghetto Gospel" mahnısının da daxil olduğu albomu 75 milyondan çox satılıb .
Tupac Shakur bütün zamanların ən çox albomu satılan ifaçılardan biri olaraq qalır.
O, 2017-ci ildə Rok-n-Roll Şöhrət Zalına daxil edilib. O, həmçinin "Juice", "Poetic Justice", "Above The Rim", "Gridlock'd" və "Gang Related" kimi filmlərdə rol alaraq aktyor kimi də uğur qazanıb.
Tupac Shakur-un anası radikal mülki hüquqlar qrupu "Qara Panteralar"ın fəalı Afeni Shakur olub. O, övladını tək böyüdüb.
Tupac Shakur özü də institusional irqçilik, yoxsulluq və polis zorakılığı kimi sosial ədalətsizliklər haqqında açıq şəkildə rep deyir və danışırdı.
Onun hip-hop daxilindəki təsiri digər sənətçilər, xüsusilə də bu janrın müasir nəhənglərindən biri olan və onu dəfələrlə özünə ilham mənbəyi göstərən Kendrick Lamar tərəfindən yüksək qiymətləndirilib.
Repçi bir dəfə deyib ki, "doxsanıncı illərdə böyüyən hər bir repçi Tupac-a nə isə borcludur".

Şəklin mənbəyi, Reuters
O necə öldü?
1996-cı il sentyabrın 7-də Las-Veqas küçəsində 4 dəfə güllələnəndə Tupac-ın cəmi 25 yaşı var idi. Polis onun atışmadan əvvəl kazinoda baş verən münaqişədə iştirak etdiyini bildirib.
Polis hesabatlarına görə, hadisə baş verərkən Tupac qırmızı işıqda dayanmış BMW markalı avtomobildə olub. Məhz həmin vaxt ağ rəngli "Cadillac" avtomobilin yanına yan alıb və içəridən kimisə atəş açıb.
Tupac xəstəxanaya çatdırılıb və süni tənəffüs aparatına qoşulub, lakin altı gün sonra vəfat edib.
Biz Tupac-ı kimin öldürdüyünü öyrənəcəyikmi?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Tupac-ın qətli ilə bağlı təhqiqat artıq onilliklərdir ki, davam edir. Ehtimal ki, sağ qalan ən mühüm şahid atəş açılan zaman Tupac-la eyni maşında olan səsyazma studiyasının rəhbəri Marion "Suge" Knight-dır.
O, həmin gecə şahidi olduğu hadisələr barədə müstəntiqlərlə heç vaxt tam əməkdaşlıq etməyib.
2023-cü ilin sentyabrında Las-Veqas polisi Duane "Keffe D" Davis-ə repçinin qətli ilə bağlı ittiham irəli sürdü. Polis Davis-i "South Side Compton Crips" küçə dəstəsinin "lideri və əmr verəni" kimi təsvir edib.
Davis dəfələrlə, o cümlədən öz xatirə kitabında atəş açılan maşında olduğunu bildirib.
Prokurorlar bildirirlər ki, Devisin mərhum qardaşı oğlu Orlando Anderson atışmadan əvvəl kazinoda Tupac-la əlbəyaxa davada iştirak edib və o da Davis-lə birlikdə "Cadillac" avtomobilində olub.
Anderson, həmçinin "Cadillac"dakı digər sərnişinlər - Terrens Brown və Deandrae Smith də daxil olmaqla, sonradan vəfat ediblər.
Həftələrlə davam edəcəyi gözlənilən məhkəmə prosesində prokurorlar Davis-in qətli sifariş etdiyini sübut etməyə çalışacaqlar.
Təqsirli bilinəcəyi təqdirdə 63 yaşlı şəxsi şərti azad olunma hüququ olmadan ömürlük həbs cəzası gözləyir.
2023-cü ildə həbs olunduqdan bəri o, əvvəlki açıqlamalarından geri çəkilib və Tupac-ın ölümündə əli olduğunu təkzib edib.

Şəklin mənbəyi, Reuters
"Mən günahsızam. Mən heç kimi öldürməmişəm. Heç vaxt heç kimi öldürməmişəm", - Davis 2025-ci ilin martında həbsxanadan "ABC News"a verdiyi müsahibədə deyib: "Onların mənə qarşı heç bir sübutu yoxdur".
Beləliklə, Las-Veqasdakı məhkəmənin silahdan konkret kimin atəş açdığına tam aydınlıq gətirəcəyi ehtimalı azdır.
Lakin hüquq eksperti Shaun Kent BBC-nin "Fame Under Fire: The Tupac Murder Trial" podkastına bildirib ki, prokurorlar keçmiş dəstə rəhbərini qətlin baş təşkilatçısı kimi təqdim etməyə çalışacaqlar.
"Onlar "birinin əli, hamının əli" nəzəriyyəsinə söykənəcəklər, yəni Davis atəşi özü açmaya bilərdi, lakin o orada olmasaydı, həmin atəş də açılmazdı", - deyə Kent izah edib.



























