Birləşmiş Krallıq: Aİ-də qalıb-qalmamaqla bağlı referendum davam edir

Çap edildi

Birləşmiş Krallıqda ölkənin Avropa İttifaqında qalmalı yoxsa çıxmalı olduğunu müəyyən etmək üçün tarixi referendum davam edir.

Seçki məntəqələri ölkənin yerli vaxtla saat 07:00-dan başlayaraq axşam saat 22:00-a qədər davam edəcək.

Səsvermədə təqribən 46 milyon 499 min 537 nəfər səsvermə hüququna malikdir və bu Böyük Britaniya üçün rekord səsvermə rəqəmi hesab olunur.

Səsvermənin davam etdiyi zaman digər yayım şirkətləri kimi BBC-nin məlumat vermək imkanı məhduddur. BBC Azərbaycan xidmətinin səhifəsində Bakı vaxtı ilə səhər saat 8:30-dan nəticələri izləyə bilərsiniz.

Referendumun səsvermə bülletenində soruşulur: "Birləşmiş Krallıq Avropa İttifaqında qalmalıdır yoxsa Avropa İttifaqından çıxmalıdır?"

Bu, Birləşmiş Krallığın tarixində keçirilən sayca 3-cü referendumdur. Son 4 ay ərzində "Qalsın" və "Çıxsın" kampaniyaları qızğın mübarizə aparıb.

Chelsea Pensioners
Şəklin alt yazısı, Chelsea Təqaüdçüləri qrupu Aİ üzvlüyü üzrə referendumda səs verəndən sonra seçki məntəqəsini tərk edir. London, 23 iyun 2016
Nigel Farage votes
Şəklin alt yazısı, UKIP (Birləşmiş Krallıq Müstəqillik Partiyası) lideri Nigel Farage Biggin Hill, Kent ərazisindəki seçki məntəqəsində səs verib
David and Samantha Cameron
Şəklin alt yazısı, Baş nazir David Cameron və yoldaşı Samantha Cameron Londonda səs verib
Jeremy Corbyn
Şəklin alt yazısı, Leyboristlər partiyasının lideri Jeremy Corbyn Londonda səs verib

Ümumi səslərin yarıdan çox hissəsini toplayan tərəf qalib sayılacaq.

Referendum seçki məntəqələri axşam saat 22:00-da bağlandıqdan sonra seçki qutuları toplanacaq və nəqliyyat vasitəsilə səsvermə nəticələrinin hesablama məntəqələrinə aparılacaq.

11 regional məntəqənin hər birinin nəticələri gecə boyu açıqlanacaq.

Seçki Komissiyası son nəticələrin cümə günü "səhər saatlarında" elan olunacağını ehtimal edir.