Ermənistanda parlament seçkiləri: Paşinyanın partiyası birinci yerdədir - ilkin nəticələr

Şəklin mənbəyi, Ozge Elif Kizil/Anadolu via Getty Images
Ermənistan Mərkəzi Seçki Komissiyasınn ən son nəticələrinə görə, Baş nazir Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası səslərin 49.82%-ni toplayaraq birinci yeri tutub.
Güclü Ermənistan bloku 23,28%-ni və Ermənistan bloku 9,93%-ni toplayıb.
Firavan Ermənistan Partiyası 3,99% səs toplayıb və minimum həddi aşa bilməyib.
7 iyun 2026-cı il seçkilərində iştirak edən 18 siyasi qüvvədən 15-i parlamentə daxil olmaq üçün minimum həddi (partiyalar üçün 4%, iki partiyadan ibarət bloklar üçün 8%, üç və ya daha çox partiyadan ibarət bloklar üçün 10%) keçməyib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Ermənistanda seçici siyahısına 2.507.216 nəfər daxil edilib. Seçici fəallığı 58,94% təşkil edib, səsvermədə 1.477.736 seçici iştirak edib.
Paşinyan təkbaşına hökumət quracağına əmindir
Nikol Paşinyan partiyasının qələbəsini ötən axşam elan edib və Vətəndaş Müqaviləsi Partiyasının təkbaşına hökumət quracağına əminliyini bildirb.
"Bütün partiya yoldaşlarıma minnətdarlığımı bildirirəm. Gecə-gündüz çalışdıq və bu, tarixi bir qələbədir. Bu qələbə erməni xalqına məxsusdur", - o deyib.
Ermənistanın seçki sisteminə görə, bu, Paşinyanın partiyasının parlamentdə açıq-aşkar çoxluq qazanması deməkdir. Nəticələr hesablandıqdan sonra, 4%-lik həddi keçə bilməyən partiyaların səsləri parlamentə daxil olanlar arasında elə bölünür ki, bir siyasi partiyanın faizi nə qədər yüksək olarsa, yenidən hesablanmış səslər arasında ona düşən pay da bir o qədər çox olar.
İlkin məlumatlara görə, "Vətəndaş Müqaviləsi" partiyası Ermənistan parlamentindəki 101 yerdən təxminən 58-ni qazanacaq.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib və artıq bütün 2005 seçki məntəqəsində səslərin sayılması başa çatıb.
Paşinyana təbriklər gəlir
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistanın Baş naziri Nikol Paşinyanı 2026-cı il parlament seçkilərində Vətəndaş Müqaviləsi Partiyasının qələbəsi münasibətilə göndərdiyi mesajda deyilir.
"Hörmətli Nikol Paşinyan, sizi seçki qələbəniz münasibətilə təbrik edirəm.... 2018-ci ildə rəhbərlik etdiyiniz Məxməri İnqilabın ruhu yaşayır və möhkəmdir. Avropaya getdikcə daha da yaxınlaşan demokratik Ermənistanla tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Ermənistan bizə güvənə bilər."
Estoniyanın Baş naziri Kristen Michal-ın təbrikində deyilir ki, "Ermənistan Avropanı seçməyə davam edir və Estoniya sizin Avropa istəklərinizi dəstəkləməkdən qürur duyur. Ölkələrimiz arasında daha da güclü tərəfdaşlıq qurarkən islahatlar, innovasiya və daha təhlükəsiz Avropa üzərində birgə işləməyi səbirsizliklə gözləyirəm."
Daha bir təbrik isə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştadan gəlib: "Ermənistan xalqı sülh, sabitlik və qonşuları və dünya ilə daha güclü əməkdışlıqla qurulan gələcəyə səs verib. Nikol Paşinyana nəticələrə görə təbriklər. Ermənistanın dayanıqlığının, sabitliyinin və rifahının gücləndirilməsindəki rolunuzla fəxr edə bilərsiniz. Avropa İttifaqı və Ermənistan birlikdə insanlar arasında daha güclü əlaqələr qurur və enerji, ticarət və rəqəmsallaşma sahələrində yeni imkanlar yaradır. Güclü tərəfdaşlığımız bütövlükdə region üçün daha dinc və firavan gələcəyə bir sərmayədir."

Şəklin mənbəyi, Karen MINASYAN / AFP via Getty Images
Ermənistan Mərkəzi Seçki Komissiyası bildirib ki, parlament seçkilərində elektron səsvermənin nəticələrinə görə, hakim Mülki Müqavilə partiyası 330 səslə qalib gəlib.
Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan Ermənistan mediasına deyib ki, elektron səsvermə hüququ olan vətəndaşların sayı 537 nəfər olub, onlardan 410 nəfəri səsvermədə iştirak edib.
Etibarsız bülletenlərin sayı 22-dir. Nəticələrə görə, Güclü Ermənistan Alyansı və Birlik Qanadları Partiyası da, hərəsi 13 səs toplayıb.
Seçki məntəqələri saat 20:00-da bağlanıb. Saat 20:00-a olan məlumata görə, Ermənistan İstintaq Komitəsində seçki cinayətləri ilə bağlı 59 cinayət işi başlanıb ki, bunlardan 43-ü regional istintaq bölmələrində, 16-sı isə Yerevan şəhər istintaq bölmələrindədir.
İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 210-cu maddəsi (səsvermə hüququnun və ya referendumda iştirak hüququnun həyata keçirilməsinə, seçki komissiyalarının işinə, seçkilərdə və ya referendumda iştirak edən şəxslərin hüquq və ya vəzifələrinin həyata keçirilməsinə mane olma) ilə 9 cinayət işi başlanıb.
Güclü Ermənistan Partiyası Sünik bölgəsinin bir sıra seçki məntəqələrinin saat 20:00-dan sonra bağlanmadığı və səs vermək üçün böyük sayda hərbçilərin gətirilməsi barədə məlumat yayıb.
İlkin məlumatlara görə, Ermənistanda keçirilən parlament seçkilərində səsvermə hüququ olan seçicilərin 58,97 faizi səs verib: 1.476.597 seçici iştirak edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının informasiya mərkəzində MSK sədri Vaaqn Hovakimyan məlumat verib.
Seçkiləri izləmək üçün ən böyük müşahidəçi qrupu ATƏT göndərib. Onların ilkin hesabatı sabah təqdim ediləcək, müxbirimiz Aleksey Manvelyan bildirir.
BBC News Rusca yazır ki, seçki günü BBC-nin çəkiliş qrupu Yerevanda altı seçki məntəqəsinə baş çəkib və bütün məntəqələrdə səs vermək üçün gözləyən insanların növbələrini görüb.
Bu seçkilərdə seçici fəallığı indiyədək olmuş seçkilərdən çox yuxarı olub.
Seçki kampaniyası Ermənistan əhalisinin bu seçkilərə gərginlik və qeyri-müəyyənliklə yanaşmasından xəbər verir.
Seçkiqabağı sorğular göstərib ki, respondentlərin 40%-i heç bir siyasətçiyə etibar etməyib, daha 23%-i isə səsvermənin başlanğıcına qədər qərarsız qalıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi və Daxili İşlər Nazirliyinin Kotayk Regional Cinayət Polisi İdarəsinin əməkdaşları təxminən 45 seçiciyə seçkiqabağı 7,5 milyon dram məbləğində (təxminən 20, 5 min dollar) rüşvət verilməsi ilə bağlı cinayət sxemini aşkar edərək zərərsizləşdiriblər; yeddi nəfər saxlanılıb.
Bu barədə "Armenpress"ə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
"Kotayk bölgəsinin Çarentsavan icmasında Güclü Ermənistan partiyasının ofisində məsul təyin edilmiş şəxslərin, o cümlədən eyni siyasi partiyadan parlamentə namizəd kimi qeydiyyatdan keçmiş bir şəxsin, digər tərəfdarlarla əvvəlcədən əlbir olaraq, təxminən 45 seçiciyə 7,5 milyon dram məbləğində seçki rüşvəti vəd edib və verdiyi barədə faktiki məlumatlar əldə edilib", - məlumatda deyilir.

Şəklin mənbəyi, Ozge Elif Kizil/Anadolu via Getty Images
Seçkidə 18 yaşı tamam olmuş Ermənistan vətəndaşları iştirak edib.
Seçki reyestrına əsasən, seçicilərin ümumi sayı 2 505 102 nəfər təşkil edib. Səsvermə yalnız ölkə ərazisində açılan 2005 seçki sahələrində keçirilib.
Seçki məntəqələri səhər saat 8-də açılıb və axşam saat 8-də bağlanır və nəticələrin hesablanması prosesi başlanıb.
Yerli vaxtla saat 14:00-a olan məlumata görə, seçicilərin 33,84 faizi səsvermədə iştirak edib, Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
MSK katibi Armen Smbatyan bildirib ki, zərfdə və ya bülletendə hər hansı bir yazı olarsa, səsvermə etibarsız sayılacaq.
Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, seçki pozuntuları ilə bağlı 29 məlumat daxil olub. Nazirliyin məlumatına görə, təkrar səsvermə ilə bağlı altı və səsvermənin gizliliyinin pozulması ilə bağlı beş hal qeydə alınıb.
Materiallar İstintaq Komitəsinə göndərilib və altı nəfər saxlanılıb. İddia edilən pozuntularla bağlı daha 121 məlumat araşdırılır.

Şəklin mənbəyi, Karen MINASYAN / AFP via Getty Images
Seçkilərdə 18 siyasi qüvvə mübarizə aparır
Seçkilər proporsional (partiya və siyasi blok siyahıları üzrə) keçirilir.
Deputat mandatları üçün 18 siyasi qüvvə - 16 partiya və 2 blok mübarizə edir.
Bülleten nömrələri üzrə:
- İslahatçı Partiyası.
- "Mən hamıya qarşıyam" Demokrat .
- Güclü Ermənistan Bloku (siyahının 1-ci nömrəsi – Narek Karapetyan. Partiyanın faktiki lideri Rusiya vətəndaşı olan milyardçı sahibkar Samvel Karapetyandır).
- Ermənistan Meritokratiya Partiyası.
- İslahatçı Yeni Qüvvə Partiyası.
- Birlik Qanadları Partiyası (Arman Tatoyan).
- Firavan Ermənistan Partiyası.
- Milli Demokrat Qütb Ümumerməni Partiyası.
- Koçari - Milli Dirçəliş və Millətin Oyanışı Partiyası.
- Ermənistan Milli Konqresi Partiyası lideri Levon Ter-Petrosyan, siyahıda 1-ci nömrə - Levon Zurabyan.
- Respublika Partiyası.
- Xristian Demokrat Partiyası.
- Demokratik Birlik Partiyası.
- Demokratiya, Qanun, Nizam Partiyası.
- Vətəndaş Müqaviləsi Partiyası (Nikol Paşinyan).
- "Ermənistan" Partiyalar Bloku (Robert Koçaryan).
- Respublika Uğrunda - Demokratiya Müdafiəçiləri Partiyası.
- İşıqlı Ermənistan Partiyası.
Səsvermə ərafəsində açıqlanan bəzi sorğu nəticələrinə görə, Paşinyanın Vətəndaş Müqaviləsi, Rusiyalı milyardçı iş adamı Samvel Karapetyanın himayə etdiyi Güclü Ermənistan, ermənistanlı sahibkar Qaqik Tsarukyanın başçılıq etdiyi Firavan Ermənistan Partiyası və minimum səs faizi ilə Robert Koçaryanın rəhbərlik etdiyi Ermənistan bloku Milli Məclisə mandat almaq şansına malikdirlər.
Seçkilərdə fəallıq həddinin minimumu yoxdur. Səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq, seçkilər etibarlı tanınır.
Milli Məclis ən azı 101 deputatdan ibarətdir. 4 milli azlığın nümayəndələri - yezidilər, ruslar, asurilər və kürdlər - üçün xüsusi mandatlar nəzərdə tutur.
Praktikada parlament çoxluğunu, müxalifətin təmsilçiliyini və milli azlıqların təmsilçiliyini təmin etmək üçün ayrılan əlavə mandatlar səbəbindən deputatların sayı 101-dən çox ola bilər.
Parlamentdə təmsil olunmaq üçün partiyalar minimum 5 faiz səs qazanmalıdır,
3 partiyadan az təşkil olunan bloklar üçün – 8 faizlik, 4 və ya daha çox partiyadan ibarət bloklar üçün 10 faizlik minimum hədd nəzərdə tutulur.
Parlamentdə azı üç qüvvə təmsil olunmalıdır. Buna görə, minimum həddi aşa bilməyən növbəti siyasi qüvvələrin faizləri müvafiq qaydada artırılır.
Daha çox səs qazanan qüvvə daha çox mandata sahib olur. Səslərin yarısına sahib olan qüvvə baş nazir vəzifəsinə təyin etmək üçün öz namizədini prezidentə təklif edə bilər.























