İşdə özünü xoşbəxt hiss etmək üsulu: arada beş dəqiqəlik gəzintilər edin

- Müəllif, Michelle Roberts
- Vəzifə, BBC
- Çap edildi
- Oxuma vaxtı: 3 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ağ yaxalılar üçün e-məktublara cavab verməkdən Teams görüşlərinə qatılmağa qədər iş həyatının böyük bir hissəsi stula bağlı şəkildə keçir.
Lakin uzun müddət oturmaq sağlamlığımıza zərər verir. Ekspertlərin fikrincə, uzun müddət hərəkətsiz oturmaq artıq çəki riskini artıra bilər, həmçinin ürək xəstəliyi və Tip 2 diabetin yaranmasına zəmin hazırlaya bilər.
Daha az aydın olan məsələ isə iş yerində məhsuldarlığı qoruyaraq nə qədər tez-tez ayağa qalxıb hərəkət etməli olduğumuzdur. Doğru balans nədir?
"British Journal of Sports Medicine" jurnalında dərc olunan və Kolumbiya Universiteti tərəfindən aparılan bir araşdırmaya görə, hər saatbaşı verilən beş dəqiqəlik fasilələr, məhsuldarlıqdan güzəştə getmədən rifah halını artırmağın ən yaxşı və tətbiq edilə bilən yoludur.
Məhsuldarlıq, əhval-ruhiyyə və diqqət səviyyəsində artım
Araşdırmanın baş müəllifi Keith Diaz bildirir ki, yetkinlər artıq oyaq olduqları vaxtın dörddə üçünü hərəkətsiz keçirirlər.
Diaza görə, ümumi olaraq verilən "daha az oturun, daha çox hərəkət edin" tövsiyəsi doğrudur, lakin insanlar bunun nə qədər edilməli olduğunu da bilmək istəyirlər.
"Yaxşı xəbər budur ki, hər saatbaşı ediləcək beş dəqiqəlik bir gəzinti, əhvalı yaxşılaşdırmaq və yorğunluğu azaltmaq üçün kifayətdir. İnsanlar da bunun real və tətbiq edilə bilən olduğunu düşünürlər.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Araşdırma çərçivəsində ABŞ-da çalışan 11 mindən çox insan müşahidə edilib və onlarla sorğu keçirilib.
İştirakçıların böyük hissəsi ofis işlərində çalışırdı və gündə səkkiz-doqquz saatlıq növbələrdə işləyirdi.
İlk həftə ərzində iştirakçılar normal iş rejimlərini davam etdirdilər və hər gün yorğunluq səviyyələri, əhval-ruhiyyələri və iş performansları ilə bağlı sualları cavablandırdılar.
Növbəti iki həftə ərzində isə onlardan iş zamanı hər yarım saatdan bir, saatda bir və ya hər iki saatdan bir olmaqla beş dəqiqəlik gəzinti fasilələri vermələri istənildi. İştirakçılar bu dövrdə də bənzər sorğuları doldurmağa davam etdilər.
Araşdırmaçılar, hər yarım saatdan bir edilən gəzintilərin əhvala və yorğunluğun azaldılmasına müsbət töhfə verdiyini, lakin iş axınını çox böldüyünü müəyyən etdilər.
İki saatdan bir edilən gəzintilər isə heç gəzməməkdən daha yaxşı nəticələr versə də, araşdırmaçılar məhsuldarlıq, əhval və diqqət səviyyəsində ən böyük və ən tətbiq edilə bilən yaxşılaşmanın hər saatbaşı edilən beş dəqiqəlik gəzintilərlə əldə olunduğunu təsbit etdilər.
"Saatlarla oturmaq tərk edilməsi çətin olan bir vərdişdir"
Diaz bildirir ki, saatlarla oturmaq tərk edilməsi çətin olan bir vərdişdir.
O, araşdırmadakı bir çox işçinin də fasilə verdikdə müdirlərinin və ya iş yoldaşlarının nə düşünəcəyi barədə narahatlıq keçirdiyini qeyd edir.
"Hər nə qədər ilk baxışda məntiqə zidd kimi görünsə də, hərəkət fasilələri əslində iş performansını artıra bilər.
Bu fasilələr icraedici funksiyaları, diqqət müddətini və yaddaşı təkmilləşdirə bilər. Həmçinin insanların özlərini daha rahatlamış və yenilənmiş hiss etmələrinə kömək edir".
Diaza görə, gəzinti etmək aşağı xərclə başa gələn bir üsuldur və mütləq işə ara verməyi tələb etmir. Gəzərək keçirilən iclaslar və ya telefon danışıqları zamanı dövrə vurmaq buna nümunə ola bilər.
Bunun üçün çölə çıxmaq şərt deyil; ofis daxilində gəzmək də kifayət edə bilər.
Araşdırma nəticələrini dəyərləndirən Britaniya Ürək Fondundan Emily McGrath da tapıntıları məmnuniyyətlə qarşılayır və "hərəkəti gündəlik həyata əlavə etməyin ümumi sağlamlığı yaxşılaşdıra biləcəyini" söyləyir.
Lakin McGrath bir xəbərdarlıq da edir:
"Araşdırma iştirakçıların öz bəyanlarına əsaslanan məlumatlara söykənir və qısamüddətli bir tədqiqat xarakteri daşıyır. Bu səbəbdən ürək sağlamlığı üzərindəki təsirlərini təsdiqləmək üçün daha uzunmüddətli araşdırmalara ehtiyac var".


























